31 iyul, 2025
Paylaş:

Peşəkarlıq və məsuliyyət jurnalistikanın güc düsturudur

Azərbaycan milli mətbuatının 150 illik yubileyi yaxınlaşır. Bir xalqın düşüncə tərzinin, söz azadlığına doğru irəliləyişinin, ictimai şüurun formalaşmasının, milli kimliyinin ifadəsinin və qorunmasının 150 illik salnaməsi qeyd olunur. Bu, Həsən bəy Zərdabinin 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə başlatdığı, amma illər ötdükcə ideoloji baryerləri aşaraq cəmiyyətin güzgüsünə çevrilən, bəzən ağır, bəzən ümid dolu, lakin hər zaman məsuliyyətli bir yolun hekayəsidir. Mətbuatımızın indiyədək keçdiyi yol cəmiyyət qarşısındakı mənəvi və sosial məsuliyyətin daşıyıcısı kimi oynadığı rolla daha dəyərlidir. 150 illik tarixdə Azərbaycan mətbuatı xalqa təkcə informasiya verməklə kifayətlənməyib, həm də maarifləndirib, istiqamət göstərib, ictimai rəyin formalaşmasında önəmli rol oynayıb. Zaman-zaman bu söz tribunası milli mübarizənin simvoluna, azadlıq arzularının carçısına çevrilib. Bu gün qürurla deyə bilərik ki, mətbuatımız həm çətin, həm də şərəfli yolu uğurla qət edib.

Ən böyük uğur isə məhz mənəvi məsuliyyət hissidir. Müasir Azərbaycan mediası təbiəti etibarilə hər bir cəmiyyət üzvünü məsuliyyətə çağıran, onu vətəndaşlıq şüuruna səsləyən, əxlaqi dəyərlərə söykənən institut funksiyasını yerinə yetirir. Bugünkü media, eyni zamanda hadisələrin mahiyyətini izah edir, cəmiyyəti düşünməyə, mühakimə yürütməyə, nəticə çıxarmağa çağırır. Əlbəttə, əsas məsələ bu çağırışın necə və hansı formada səsləndirilməsidir. Bu isə birbaşa peşəkarlıqla bağlıdır.

Unutmaq olmaz ki, azad və müstəqil mətbuat həm də güclü dövlətin təməl sütunlarından biridir. Mətbuat azadlığı və onun inkişafı, ölkəmizdə demokratiya prinsiplərinin möhkəmlənməsi ilə yanaşı, insan hüquq və azadlıqlarının təmin olunmasına da xidmət edir. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən media islahatları, Medianın İnkişafı Agentliyinin yaradılması, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, informasiya mühitinin müasirləşdirilməsi kimi addımlar daha önəmlidir. Görülmüş tədbirlər mətbuatın gücləndirilməsinə yönəlmiş vacib strategiyanın tərkib hissələridir.

150 yaşı tamam olan milli mətbuatımız bu gün həm də bir hesabat mərhələsindədir. Bu hesabat qarşıdakı çağırışlarla ölçülür. Rəqəmsal texnologiyaların sürətli inkişafı, süni intellektin informasiya aləminə daxil olması, dezinformasiya və feyk xəbər axınının artması müasir medianın üzərinə daha böyük vəzifələr qoyur. Amma yeniliklər fonunda mətbuatın əsl mahiyyəti dəyişməz qalır - doğru informasiya vermək, cəmiyyəti maarifləndirmək və ədalətli fikrin müdafiəsi. Mətbuatın üzərinə düşən vəzifə heç vaxt olmadığı qədər mühümdür. Bu, yalnız bir peşənin daşıdığı məsuliyyət deyil, bütöv bir xalqın gələcəyinə yön verən fikir və düşüncə platformasıdır. 150 illik tarixi ilə mətbuatımız sübut etdi ki, o, sadəcə keçmişin salnaməçisi deyil, həm də gələcəyin yol göstəricisidir.

Jurnalist hadisəni yazan yox, həm də onu dərk edən, dərk etdiyini cəmiyyətə çatdıran, düşündürən insandır. O, hadisəni təkcə nəql etməklə kifayətlənməməli, cəmiyyət üçün nə ifadə etdiyini, hansı mənalar daşıdığını göstərməlidir. Bəli, jurnalist düşündürməli, onun fəaliyyəti suallar doğurmalıdır. Cavabları isə cəmiyyət özü tapmalıdır. O, insanların yerinə qərar verməməli, amma onları düşünməyə vadar etməlidir. Çünki sağlam ictimai rəy hazır qəliblərdə deyil, sərbəst düşüncəyə əsaslanan mühitdə yaranır.

Amma təəssüf ki, bu məsuliyyətli və incə missiya bəzən yanlış anlaşılır. Jurnalistin düşündürmək istəyi çox vaxt onun şəxsi fikirlərini "yeritmək" cəhdi kimi başa düşülür. Bəzən cəmiyyətdə belə təəssürat yaranır: "Jurnalist qərəzlidir, tərəf tutur, fikir diktə edir". Belə bir məqamda məsələ daha da həssaslaşır. Peşə etikası ilə şəxsi mövqe arasındakı sərhəd bulanmağa başlayır. Sərhədin pozulması jurnalistin nüfuzuna, medianın inandırıcılığına və nəticədə ictimai rəyə mənfi təsir göstərir. Ona görə də hər bir jurnalist bu kimi həssas tarazlığı qorumağı bacarmalıdır. Həssaslıq isə peşəkarlığın ən yüksək mərhələsidir. Nəzərə alınmalıdır ki, jurnalistikada nə yazmaq və demək deyil, necə demək əsasdır. Peşəkar qələm sahibi informasiyadan manipulyasiya yox, maarifləndirmə üçün yararlanır. O, ictimai rəyə təsir etmək niyyəti güdmür, əksinə, onu yanlış təsirlərdən qorumağa çalışır. Bu, asan deyil. Axı həqiqəti qorumaq müəyyən mənada axına qarşı üzmək deməkdir. Bu səbəbdən jurnalistin fəaliyyəti təkcə onun öz peşəsinə deyil, bütövlükdə dövlətin informasiya mühitinə, xalqın düşüncə mədəniyyətinə, gələcək nəslin dünyagörüşünə təsir göstərir.

Jurnalistika həm də cəmiyyətin mənəvi və intellektual inkişafını təmin edən, sosial nizamın qorunmasında önəmli rol oynayan missiyadır. Azərbaycan milli mətbuatının 150 illik zəngin tarixinə nəzər salanda görürük ki, bu sahə həm də cəmiyyətin güzgüsü, dövlətlə xalq arasında körpü, haqsızlığa qarşı vicdan səsi olub. Bu mənada jurnalistikanın cəmiyyət üçün fundamental mahiyyət daşıyan informasiya vermək, ictimai rəy formalaşdırmaq və sosial ədalətin təminatına xidmət missiyaları tariximizin sınağından keçmiş danılmaz həqiqətdir. Bu üç missiya bir-birindən ayrı deyil, əksinə, biri digərinin başlanğıcı, davamı və nəticəsidir. Hər bir jurnalistin fəaliyyətində bu üç əsas dayağın paralel vəhdətdə olması vacibdir. Çünki düzgün informasiya təqdim edilmirsə, ictimai rəydə çaşqınlıq yaranır. İctimai rəyin yanlış yönlənməsi isə sosial ədalətin pozulmasına yol açır. Amma jurnalist informasiya ilə nə qədər məsuliyyətli davranırsa, digər funksiyalar da bir o qədər sağlam şəkildə formalaşır. Əgər jurnalist dəqiq və obyektiv məlumat verirsə, bu zaman ictimai rəy də təhrif olunmur. Aydın düşünən, doğru məlumatla silahlanmış cəmiyyət isə öz hüquqlarını müdafiə etmək, sosial ədalətin təmininə nail olmaq gücündə olur.

Azərbaycan jurnalistikasının banilərindən Həsən bəy Zərdabi də "Əkinçi" qəzetinin səhifələrində məhz bu prinsiplərə sadiq qalaraq xalqı maarifləndirməyə, onu düşündürməyə və hüquqlarına sahib çıxmağa təşviq edirdi. Bu gün, XXI əsrdə, yəni informasiya bolluğu dövründə jurnalistin üzərinə düşən məsuliyyət daha da artıb. Artıq informasiya vermək kifayət deyil, eyni zamanda bu informasiyanın kontekstini anlamaq, onun sosial nəticələrini proqnozlaşdırmaq və cəmiyyətin maraqlarına cavab verib-vermədiyini müəyyənləşdirmək bacarığı tələb olunur. Müasir Azərbaycan mətbuatı üçün bu yanaşma həyati əhəmiyyət daşıyır. Medianın vəzifəsi yalnız gündəmi izləmək, xəbərləri ard-arda sıralamaq deyil. Əsas məsələ xəbərlərin cəmiyyətə necə təsir etdiyini, insanların düşüncə tərzinə, davranışlarına, qərarvermə prosesinə necə yön verdiyini dərk etməkdir. Bu baxımdan jurnalist həm informator, həm təhlilçi, həm də sosial nizamın qoruyucusu kimi çıxış edir.

Ümumən, Azərbaycan cəmiyyətində medianın rolu gündən-günə genişlənir. Sosial ədalətin qorunması, vətəndaş cəmiyyətinin formalaşması, ictimai nəzarətin güclənməsi məhz medianın fədakar fəaliyyəti nəticəsində mümkündür. Bu sahədə çalışan jurnalist anlamalıdır ki, onun qələmindən çıxan cümlələr minlərlə insanın düşüncəsini formalaşdıra, onların həyatına birbaşa təsir göstərə bilər. Belə bir güc yalnız o zaman xeyir gətirər ki, məsuliyyətlə, vicdanla və peşəkarlıqla idarə olunsun.

Jurnalist peşəsi çoxşaxəli, mürəkkəb və eyni zamanda məsuliyyətli olduğu üçün işin uğurlu icrasında sadəcə texniki biliklər yetərli deyil. Hər bir jurnalist dərin mütaliə mədəniyyətinə malik olmalıdır. Mütaliə dünyanı daha geniş, daha çoxşaxəli və daha dərin baxışla anlamaqdır. Mütaliə insanın dünyagörüşünü zənginləşdirir, ona fərqli həyat təcrübələrinə, mədəniyyətlərə və fikirlərə hörmətlə yanaşmağı öyrədir. Azərbaycan mətbuatında da bu məsələ xüsusilə aktualdır. Mütaliəli jurnalist insan talelərinə, cəmiyyətin müxtəlif təbəqələrinin yaşantılarına həssas yanaşmalı, onların hekayələrini elə təqdim etməlidir ki, oxucu həmin hekayələrin içində özünü tapsın, empatiya qurmaq imkanına sahib olsun.

Məsələn, Azərbaycan klassiklərinin əsərlərini oxumuş, həmçinin dünya ədəbiyyatının böyük simalarının yaradıcılığı ilə tanış olan hər bir gənc jurnalist, düşünürəm ki, insan ruhunun mürəkkəbliyinə və fərdiliyə soyuq yanaşa bilməz. Bu ədəbiyyat nümunələri insan həyatının müxtəlif boyalarını, sevinclərini, kədərlərini, mübarizələrini, arzularını işıqlandırır. Beləcə, oxucuda empatiya, dərin hisslər oyadır. Bu isə jurnalistikanın əsas məqsədlərindən biridir - insanları bir-birinə yaxınlaşdırmaq, onların səsini eşitdirmək, diqqəti cəmiyyətin həssas nöqtələrinə yönəltmək.

Amma sadəcə həssaslıq və mütaliə kifayət deyil. Bu, peşə vərdişləri, jurnalistika sahəsində formalaşmış konkret təcrübə ilə tamamlanmalıdır. Mütaliə ilə peşəkar təcrübənin vəhdəti jurnalistin ortaya qoyduğu işi həm keyfiyyətli, həm də cəmiyyət üçün dəyərli edir. Praktiki bacarıqlar məsələn, dəqiq sual vermək, obyektiv araşdırma aparmaq, informasiyanı düzgün təqdim etmək, etik normalara riayət kimi amillər mütaliə ilə birləşdikdə nəticə daha təsirli olur. Azərbaycanın jurnalistika məktəbi də məhz bu iki aspektin - geniş dünyagörüşü və peşəkar bacarıqların harmoniyası üzərində qurulmalıdır. Hər zaman qeyd edildiyi kimi, məlumatlı və təcrübəli jurnalist cəmiyyətin güzgüsüdür. Onun qələmindən çıxan hər yazı, çəkdiyi hər reportaj həm oxucunu maarifləndirir, həm də ictimai rəyin formalaşmasında mühüm rol oynayır. Unutmaq olmaz ki, jurnalistikanın qayəsində insan amili durur. İnsanın yaşadığı dünyanı, onun problemlərini, arzularını, uğurlarını anlamaq üçün jurnalist özünü daim inkişaf etdirməli, həm düşüncə, həm də bacarıq baxımından təkmilləşməlidir. Yalnız o halda cəmiyyət qarşısında öz missiyasını layiqincə yerinə yetirə bilər.

Ümumiləşdirmə apararaq deyək ki, milli mətbuatımızın 150 illik yubileyi keçmişin qürur və fəxarət hesabatı kimi qiymətləndirilə bilər. Bu məqam Prezident İlham Əliyevin 2025-ci il aprelin 25-də imzaladığı "Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamda da əksini tapıb. Hesab edirəm ki, Sərəncam mətbuatımızın şanlı missiyasına yüksək dəyərin növbəti bariz nümunəsidir. Bu dövlət sənədi mühüm bir ənənənin davamı kimi də səciyyələndirilə bilər. Söhbət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli mətbuatımızın yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi ənənəsindən gedir.

Prezident İlham Əliyevin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsinə dair Sərəncamı, eyni zamanda, gələcək üçün müstəsna yol xəritəsi əhəmiyyəti daşıyan vacib dövlət sənədidir. Şübhəsiz, jurnalistikamızın gələcəyi sahəyə kompleks yanaşmanın uğurlu tətbiqindən asılıdır. Azərbaycan dövləti mövcud istiqamətdəki siyasətində ardıcıl və prinsipialdır. Ölkəmizdə aparılan media islahatlarının sistemli xarakteri və məzmun zənginliyi fikrimin təsdiqidir. Cəmiyyət üçün dəyərli işlər ortaya qoymaq istəyən hər bir jurnalist isə bu kursa adekvat fəaliyyət göstərməli, öz üzərində işləməli, dünyaya geniş diapazonda yanaşmalı, ən başlıcası, üzərinə düşən məsuliyyəti dərk etməlidir.

 

Rəşad MƏCİD,

“Respublika” qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()