Peyami Safa
“Yaşlanarak değil, yaşayarak tecrübe kazanılır. Zaman, insanları değil armutları olgunlaştırır”. Belə deyərdi XX əsr Türkiyə ədəbiyyatında özünəməxsus yeri olan Peyami Safa...Psixoloji əsərləri və ədəbiyyata, xüsusilə roman janrına gətirdiyi misilsiz yeniliklərlə tanınan bu yazıçıya daha çox "Doqquzuncu cərrahiyyə palatası" adlı romanı məşhurluq gətirib. Ədib əsərində özünün yaşadığı hadisələri qələmə alıb. Atatürkə etiraz edən, Nazim Hikmətlə düşmən olan bu yazıçı yaradıcılığı ilə yanaşı, həm də acı taleyi ilə yaddaşlarda qalıb...
İstanbulda doğulan yazıçı Türk ədəbiyyatının tanınmış simalarından biri, şair İsmail Safanın oğludur. 9 yaşından ədəbiyyatla ciddi şəkildə maraqlanmağa başlayan Peyami Safa 2 yaşında atasını itirib. Yazıçı kasıbçılıq və erkən yaşlarda tutulduğu xəstəlik səbəbindən normal təhsil ala bilməyib. “Sümük vərəmi”nə tutulan Peyami təhsilini davam etdirə bilməsə də, ardıcıl mütaliəsi hesabına ədəbiyyata dərindən yiyələnmiş, 13 yaşında “Köhnə dost” adlı ilk romanını qələmə almışdır. Xəstəliklə mübarizə apardığı uşaqlıq illərində həm də müxtəlif işlərdə çalışıb. 19 yaşından jurnalistika ilə məşğul olmağa başlayan Peyami müxtəlif qəzetlərə və dərgilərə yazdığı yazılardan aldığı qonorarla həm müalicəsini davam etdirmiş, həm də ailəsinin dolanışığını təmin etmişdir. Yeri gəlmişkən o, pul qazanmaq məqsədilə yazdığı hekayələrdə anası Server Bediadan təsirlənərək götürdüyü Server Bedii imzasından istifadə etmişdir.
Peyami Safanın ilk kitabı satışa çıxandan sonra ildırım sürətilə satılıb, qurtarır. Bunun səbəbi isə usta yazıçının kitabın reklam işini düzgün qurması idi. Belə ki, Peyami Safa kitabın üz qabığına bu cümləni yazdırmışdı: “Bu kitabı əsla oxumayın!”. O, bu cümlə ilə oxucusunun marağını cəlb etmiş və qısa müddətə bütün tirajın satılmasına nail olmuşdu.
Ustad yazar Peyami Safa ilə dövrünün ən böyük şairi Nazim Hikmət arasındakı polemika, daha doğrusu qovğa ədəbiyyat aləmində çox məşhurdur. Belə ki, Ankarada həbsdə olarkən Nazim Hikmətin “Yanardağ” şeirini “Cümhuriyyət” qəzetində çap etdirən Peyami Safanın bu addımı ona baha başa gəlir. Qəzet rəhbərliyi ilə münasibətləri pozulan yazıçı işini itirir. Hətta qəzetin rəhbərliyi şeir çap olunandan bir gün sonra məhbus şairin şeirlərini çap etdiyi üçün oxuculardan üzr istəyir. Nazim Hikmət isə həbsdən çıxdıqdan sonra Peyami Safanı axtarıb tapır və aralarında böyük dostluq başlayır. Amma dostlar arasındakı mehribanlıq çox da uzun sürmür. Peyami Safa Nazimin “Resimli Ay” dərgisində çap olunan bir yazısını sərt şəkildə tənqid edir. Nazim buna bir o qədər məhəl verməsə də, dostlar arasında soyuqluq başlayır və bu, sonralar düşmənçiliyə çevrilir. Bu qovğanın, illər sonra kitaba çevrilən “fikir savaşı”nın Türk ədəbiyyatı tarixində önəmli yeri var.
Yazıçının Nazim Hikmətlə dostluqları yarıda qırılsa da, Necip Fazılla dostluqları ömürlərinin sonuna qədər davam edib, hətta ustad şair bir müddət onun evində də yaşayıb. Peyami Safa haqqında dolaşan söhbətlərdən biri də Mustafa Kamal Atatürklə bağlıdır. Belə ki, bir dəfə Atatürk yazıçıları topladığı məclisdə ədəbiyyatla bağlı düşüncələrini bölüşür.
Lider çıxışını bitirər-bitirməz Peyami Safa yerindən dillənir: “Olmadı paşam, olmadı”. Ortalığa ölüm sükutu çökür. Amma Peyami ətrafındakıların qorxusuna fikir vermədən Atatürkün ədəbiyyatla bağlı düşüncələrinin yanlış olduğunu izah edir. Söhbətin sonunda Atatürk ədəbiyyat bilgisinin zəif olduğunu etiraf edib, yazıçının əlini sıxır və ona təşəkkür edir.
Uzun müddət ağır xəstəliklə və kasıbçılıqla mübarizə aparan yazıçının şəxsi həyatı da qaydasında olmayıb. İçkiyə və narkotikə aludəçiliyi, ruh çağırma məclislərinə marağı, parapsixologiyaya meyli, mason lojasına üzv olmaq istəməsi onun qeyri-adilikləri arasındadır. Yazıçı şəxsi həyatında da xoşbəxtliyi əldə edə bilməyib. Həyat yoldaşı Nebahat xanımla tanışlıqları dərgilərin birində baş tutub. İlk qələm təcrübələrini çap etdirmək üçün dərgiyə gələn Nebahat xanıma aşiq olan yazıçı ona evlənmək təklif edir. Toydan sonra Nebahatın psixoloji və fiziki problemləri üzə çıxır. Həyat yoldaşını müalicə etdirmək üçün hətta xarici ölkələrə üz tutsa da, Nebahat xanım tam olaraq sağalmır. Sonralar isə oğlu Merve sağalmaz xəstəliyə tutulur. Uzun müddət müalicə olunsa da, onu xilas etmək mümkün olmur.
Həyatı boyu əzablar, məhrumiyyətlər içində yaşayan yazıçı oğlunun ölümündən sonra cəmi dörd ay yaşayır və 62 yaşında beyin qansızması nəticəsində vəfat edir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.