Pol Qogen
Adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılan fransız rəssamı Ejen Henri Pol Qogen... Sağlığında səfilliklə yaşayan bu "milyonçu" rəssamın dünya rəssamlıq sənətində özünəməxsus yeri var. Yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edən rəssamın həyatı demək olar ki, yollarda keçib...
Parisdə anadan olan rəssamın atası jurnalist idi. Atasının qəzeti Napoleonu tənqid edən yazılarına görə bağlandığından Qogen ailəsi ilə Peruya köçməli olur. Bu ərəfədə isə bədbəxtlikdən ata yolda vəfat edir. 6 yaşından atasız qalan Qogen bundan çox sarsılır və Parisdə yataqxanalı məktəbdə yaşayır.
16 yaşında dəniz ticarət donanmasına daxil olan rəssam gəmilərdə zabit kimi işləyir. Səfərdə olarkən isə anasının ölüm xəbərini alır. Anası yaxın dostu Qustav Arosanı uşaqlarının qoruyucusu təyin etmişdi. Arosa Qogenə birjada iş tapır. Qogen rəsm kolleksioneri Arosadan təsirlənərək rəsmlə maraqlanmağa başlayır. Ardıcıl olaraq rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O, bir növ özü özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkən Qogen ilk çağlar impressionizmə meyil etsə də, özünü onda tapa bilmir. Bundan sonra o, Afrika və Asiya incəsənətini dərindən öyrənir, özəlliklə yapon folklorunun, mədəniyyət və incəsənətinin təsirinə düşür. Lakin rəssamın maddi durumu olduqca pisləşir, əsərlərini alan olmur, bir yandan da özünü tanıtdıra bilmir. Qısa müddət sonra onun bir əsəri Paris Rəsm Salon Sərgisinə qəbul edilsə də, rəsmləri yenə də bəyənilmir və lağa qoyulur. Bu səbəbdən də o, Fransanın Sakit okeandakı müstəmləkəsi olan Taiti adasında yaşamağa gedir. Bu, onun yeni axtarışlar dönəmiydi. Burada yerli əhalinin yaşam tərzini əks etdirən çoxlu əsərlər yaradır. Həyatının qalan hissəsini isə Taitinin qonşuluğundakı Markiz adasında keçirir.
Ömrü boyu səfil həyat tərzi keçirən rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı dünyaya gəlib. 54 yaşında isə adının ictimaiyyətə açıqlanmasını istəmədiyi xəstəlik üzündən dünyasını dəyişən rəssamın əsərləri ölümündən sonra məşhurluq qazanıb.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.