“Qarabağ zəfəri. 44 günün pərdəarxası” kitabının təqdimat mərasimi

26 aprel, 2022
Paylaş:

“Qarabağ zəfəri. 44 günün pərdəarxası” kitabının təqdimat mərasimi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 26 aprel 2022-ci il tarixində Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə - Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin Qəyyumluq Şurasının və İdarə Heyətinin sədri, professor Aygün Attarın Qarabağ probleminin yaranma tarixindən Zəfər gününə qədər baş verən hadisələri özündə əks etdirən “Qarabağ zəfəri. 44 günün pərdəarxası” kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman  Aruz, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, Transplant cərrahı, ABŞ-ın Nyu York ştatının Upstayt Tibbi Universitetinin professoru, Azərbaycan-Amerika Tibb Cəmiyyətinin təsisçisi Rauf Şahbazov, Əməkdar jurnalist Mətanət Ağamirli, Bakı Dövlət Universitetinin müəlliməsi Fəxriyyə İsayeva, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlili və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin tələbələri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov Aygün Attarın biblioqrafiyasına müraciət edərək, müəllifin müxtəlif illərdə tutduğu vəzifələri, layiq görüldüyü təltif və mükafatları səsləndirdi. 10 kitab, 100-dən çox məqalənin müəllifi olan Aygün xanımın 15 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilməsinə diqqəti cəlb etdi.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxışında  “Qarabağ zəfəri. 44 günün pərdəarxası” kitabının Azərbaycan Zəfər tarixini əks etdirən fundamental bir əsər olduğunu, Aygün xanımın qəlbində “bütöv bir Azərbaycan daşıdığını”, xalqına, millətinə, tarixinə sonsuz bağlılığını dilə gətirdi.

Tədbirdə çıxış edən “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman  Aruz “Qarabağ zəfəri. 44 günün pərdəarxası” kitabında Qarabağ problemi zəmnində xalqın son otuz ildə çəkdiyi iztirabların, Qarabağ mövzusu ətrafında oynanılan məkrli beynəlxalq oyunların işıqlandırılmasından danışdılar. Aygün xanımın Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafında əvəzsiz xidmətlərinin olduğunu vurğuladılar.

Tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu çıxışında Aygün Attarın gənclik illərindən belə təşəbbüskar, vətənpərvər, ədalətpərəst xanım olduğunu söylədi. Bu gün isə müəllifin Türkiyədə Azərbaycan həqiqətlərinin carçısı qismində çıxış etdiyini, Azərbaycanın ictimai, mədəni, ədəbiyyat mühitinin ən fəal təbliğatçısı olduğunu söylədi.

Azərbaycan-Amerika Tibb Cəmiyyətinin təsisçisi Rauf Şahbazov Aygün xanımla Şuşada tarixi “Zirvə görüşü”ndə bir yerdə iştirak etmələri haqqında tədbir iştirakçılarına məlumat verdi, Aygün xanımın iki qardaş ölkə arasında dostluq, birlik simvolu olduğunu söylədi.

Əməkdar jurnalist Mətanət Ağamirli, Bakı Dövlət Universitetinin müəlliməsi Fəxriyyə İsayeva bu gün bura Aygün xanım kimi bir ziyalı xanımın, alimin işığına toplaşmaqlarından məmnunluq hissi duyduqlarını dilə gətirdilər. Aygün xanımın kitabını yetişməkdə olan gənclik üçün əvəzsiz, tarixi gerçəklikləri özündə əks etdirən fundamental əsər olduğunu bildirdilər.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlili  Aygün xanımı uzun illər tanımasından danışdı, onun kimi alimlərin, ictimai xadimlərin sayəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin daha da möhkəmləndiyini vurğuladı.

Müəllif Aygün xanım Attar belə bir görüşün məhz  kitabxanada, gənc auditoriya qarşısında təşkil olunmasına görə kitabxanaya öz minnətdarlığını bildirdi.  “Qarabağ zəfəri. 44 günün pərdəarxası” kitabının üzərində işləməsindən, əsərin mahiyyətindən söhbət  açdı. Tədbir iştirakçılarının onun ünvanına söylədiyi xoş sözləri, tək özünə deyil bütün Azərbaycan xalqına şamil etdiyini bildirdi.

Sonda direktor Aslan Cəfərov Azərbaycanın hüdudlarından kənar dövlətimizin, xalqımızın Aygün xanım kimi bir ziyalı alim tərəfindən təbliğ olunmasından qürur düyduğunu söylədi, Aygün xanımın gələcəkdə öz həyatını əks etdirəcək xatirə toplusundan ibarət əsəri qələmə alacağına inandığını söylədi.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()