Qədim Azərbaycanın müstəqillik dövrü gəncliyi
Onlar müdrik və qəhrəman babalarımızın ən böyük əmanəti olan Vətənimizin sabahkı qurucularıdırlar
Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünməlidir.
Heydər ƏLİYEV,
Ümummilli lider
1998-ci il avqustun 8-12-də BMT-yə üzv ölkələrin gənclərin işləri üzrə nazirlərinin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə hər il avqustun 12-si Beynəlxalq Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən hər ilin bu günü planetimizdə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına dəstək vermək məqsədilə dünyada geniş qeyd olunur. Ölkəmizdə isə BMT Baş Məclisinin qətnaməsindən 2 il qabaq Ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Bu gün Azərbaycan sürətlə inkişaf və tərəqqi edən edən sivil, hüquqi dövlətdir. Müstəqil ölkəmizdə milli dövlətçiliyin qurucusu, dahi siyasətçi Heydər Əliyev Azərbaycan gəncliyinə dərin rəğbət və inam bəsləyirdi. Ulu öndər hər dəfə bu mövzuda danışarkən, bir qayda olaraq, fəxrlə gənclərimizin ağlı, zəkası, tərbiyəsi ilə qürur duyduğunu xüsusi vurğulayırdı.
Azad, suveren Azərbaycanı Ümummilli liderin ölkəmizin gələcəyi ilə bağlı böyük arzularının tamamilə həqiqətə çevrildiyi gözəl və qüdrətli məmləkətdir. Son illər möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi ilə dünyada ölkəmizin şan-şöhrəti artıb, müdafiə qabiliyyətimiz güclənib, xalqımızın rifahı yaxşılaşıb. Bu parlaq uğurların qazanılmasında təbii ki, gənclərimizin də böyük və danılmaz əməyi var.
Azərbaycan gəncləri bilikli, təşəbbüskar, vətənpərvər və yenilikçidirlər. Onlar ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində işgüzarlıqla çalışır, bir-birindən uğurlu layihələr icra edirlər. Dünya yeni texnologiyalar dövrünə qədəm qoyur. Gənclərimiz bu sahədə də öz bilik və bacarıqları ilə seçilirlər. Reallıq budur ki, gənc nəsil ölkəmizi hərtərəfli yüksəlişə aparan böyük quruculuq prosesinin fəal iştirakçılarıdırlar.
Dərin fəxarət hissilə demək olar ki, bugünkü gənclik, həqiqətən, xoşbəxtdir. Axı, onlar öz ata-baba torpaqlarını yağı düşməndən azad edən şanlı ölkənin vətəndaşlarıdır. 6 il əvvəl Qarabağ ədalətli savaşın meydanı idisə, bu gün bu azad diyar nəhəng tikinti, quruculuq meydanıdır! Hazırda düşməndən azad olunan ərazilərdə görülən işlərin miqyası və vüsəti heyrət doğurur. Bəli, xalqımız erməni vandallarının xarabazara çevirdiyi Qarabağı yenidən qurur, orada bir-birindən gözəl yollar çəkir, parklar, istirahət meydançaları salır, kəndlər, şəhərlər ucaldır.
Azərbaycan gəncliyinin gücü onun torpağa, dövlətçiliyə, xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərinə qırılmaz tellərlə bağlılığındadır. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə XX əsrin əvvəllərində “Füyuzat” jurnalında yazmışdı: “Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli-mənəvi dəyərlərinə sadiq, alnıaçıq, həm də tükənməz gücdür”. Azərbaycan gəncliyi millətimizi xoşbəxt gələcəyə aparan haqq, ədalət yolundan heç vaxt sapmayacaq.
Məsaim Abdullayev,
“Xalq qəzeti”