04 dekabr, 2023
Paylaş:

Qılman İlkin

Azərbaycanın Xalq yazıçısı, tanınmış nasir, Əməkdar incəsənət xadimi Qılman İlkin... Yaradıcılığında çox çətin və məşəqqətli yollardan keçən bu yazıçının ömür yolu da hamar olmayıb... Kənd qızlarını təhsilə cəlb etdiyi üçün ölümlə hədələnən, erməni daşnakları haqqında yazısına görə təzyiqə məruz qalan, kasıbçılıq ucbatından gündə bir çörək müqabilində dərs deyən, hətta bağbanlıq belə edən Qılman müəllim cəmi dördcə il də yaşasaydı, sağ ikən 100 illik yubileyini qeyd edən ən uzunömürlü Azərbaycan ədibi kimi tarixə düşəcəkdi...

Qılman İsabala oğlu Musayev Bakının Mərdəkan kəndində çoxuşaqlı ailədə dünyaya gəlib. Altı yaşı olanda atası dünyasını dəyişib. Onun ulu babası XVII əsrdə Dağıstandan  Mərdəkana gəlmiş kəndirbazlar dəstəsində meydan qızışdıran, babası İsabala isə xarrat olub. Qılman müəllimin böyük qardaşı Qurban Musayev də yazıçı olub, pyesləri səhnədə oynanılıb.

İbtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alan yazıçı oranı bitirdikdən sonra isə vaxtilə "Rüşdiyyə" adlandırılan 18 nömrəli orta məktəbdə oxuyub. Deyilənlərə görə, yazıçı hər gün Mərdəkandan Suraxanıya piyada, oradan isə elektrik qatarına minib məktəbə gəlirmiş. Düz beş il beləcə piyada yol gəlib. Sonralar da piyada gəzməyi çox sevib. Uzunömürlülüyünün bir səbəbini də məhz bunda görürmüş.

Tələbəlik illərini kasıbçılıq içində keçirən yazıçı muzdlu fəhlə kimi işləyib. Deyilənlərə görə, Murtuza Muxtarovun "podriyatçik"lərindən (daimi olmayan işə verilən ad) olub. Onun bağında ağaclarını sulayırmış. Maaş əvəzinə isə gündə bir "buxanka" çörək alırmış. Çox ağır dövrlər yaşayan yazıçı hətta çörəkçinin qızına belə gündə bir çörək müqabilində dərs deyib.

Yazıçı Xaçmaz rayonunun Əhmədoba kəndində müəllim işlədiyi zamanlarda qızları təhsilə cəlb etdiyi üçün ölümdən dönüb. Belə ki, çox köhnə bir məktəbdə işləyən Qılman müəllim kənd sovetinin sədri olan cavan bir oğlanın evində qalır. Həmin illər sinfi mübarizə illəri olduğundan sovet hakimiyyəti qurulandan sonra kəndin varlıları dağlara çəkilmişdilər. Günlərin birində yazıçı kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isə gəlib görür ki, bütün kənd matəm içindədir. Həmin cavan oğlanı - kənd soveti sədrini qolçomaqlar gecə ikən öldürüblər. Qılman müəllim həmin gecə kənddə olmadığı üçün bəxti gətirib. Çünki arada ona da xəbər göndərmişdilər ki, qızlarımızı məktəbə cəlb etdiyin üçün səni də öldürəcəyik. Beləcə yazıçı ölümün cəngindən son anda xilas olur.

Yazıçının Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn və başqaları ilə hələ gənc yaşlarından şəxsi tanışlığı, dostluğu olub. Ən çox bəyəndiyi, sevdiyi şair Mikayıl Müşfiq, ən yaxın dostu isə Ənvər Məmmədxanlı idi. Müşfiq haqqında danışanda hər zaman kövrələrmiş.

Yaradıcılığının ilkin dövrlərində Qılman Musayev adı ilə çap olunub. Ancaq onun qardaşı Qurban Musayev də yazıçı olduğundan çox zaman qəzetlərdə hər iki yazıçının adlarının baş hərfləri veriləndə qarışıqlıq düşürdü. Bu zaman onun adına gələn qonarar qardaşına, qardaşının adına gələnlər isə ona çatırmış. Bu dolaşıqlığı aradan qaldırmaq üçün o, özünə İlkin təxəllüsünü götürür.

Qılman müəllim çox təvazökar adam olub. Tərifi bəyənməz, özü haqqında danışılmasından heç xoşu gəlməzmiş. Kənardan qaşqabaqlı, zəhmli təsiri bağışlasa da, çox səmimi, saf, kövrək adam imiş. Sağlam həyat tərzi keçirən yazıçı həm də əməksevər biri olub.  Erkəndən yuxudan durar, yaradıcılıqla məşğul olarmış. Zərərli vərdişlərdən uzaq olan yazıçı çox nadir hallarda məclislərdə içki içərmiş.

Yazıçı sevgiyə bənzər hissləri ilk dəfə 15 yaşında Xaçmazda yaşayıb.  Dördüncü sinifdə oxuyan şagirdlərdən biri ona vurulubmuş. Sonralar qızın dayısı bunu hiss etdiyi üçün onu məktəbdən çıxarıb. Kamil və nakam sevgini isə o 24 yaşında Qubada Pedaqoji İnstitutun filialında dərs dediyi zaman yaşayıb. Tələbələrindən biri yazıçıya aşiq olubmuş. Qılman müəllimin özü də qıza qarşı biganə deyilmiş. Ancaq qısa müddətdən sonra qızı zorla başqasına ərə veriblər. Yazıçının həyat yoldaşı Həvva xanımla tanışlığı isə bacısının vasitəsilə baş tutub. Belə ki, Həvva xanım onun bacısı ilə rəfiqə olub və Tibb İnstitutunda  birgə oxuyublar. Qılman müəllim də tez-tez evlərinə gələn Həvva xanımı görüb bəyənib. Bu tanışlıq evliliklə nəticələnib.  Cütlüyün iki oğlu, bir qızı dünyaya gəlib.

Yazıçıya zəngin, qaynar bir ömür yaşamaq nəsib olub. Ömrünün sonunadək qələmi yerə qoymayan, hər zaman ilhamla, şövqlə yazıb-yaradan Qılman müəllim 96 yaşında ürək çatışmazlığından vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()