Qriqori Perelman
Haqqında söhbət açacağımız bu dahi şəxsiyyət məşhur "Puankare hipotezi" adlı minilliyin riyazi teoremini həll edən, sonradan isə ona görə 1 milyon dollarlıq beynəlxalq mükafatı almaqdan boyun qaçıran, Obamadan yumurta və pomidor istəyən rus riyaziyyatçısı Qriqori Perelmandır...
Qriqori Yakovleviç Perelman Sankt-Peterburq şəhərində, yəhudi ailəsində anadan olub. Atası Yakov Perelman mühəndis, anası Lyubov Leybovna riyaziyyat müəllimi idi. Skripkada gözəl mahnılar ifa edən Lyubov Leybovna oğlunun dəqiq elmlər sahəsində qeyri-adi istedadını hiss etsə də, onu musiqiçi kimi görmək istəyirdi. Anasının istəyi ilə musiqi məktəbinə gedən Qriqori əsas hədəfinin riyaziyyat olduğunu hiss etdikdən sonra fizika-riyaziyyat təmayüllü məktəbə daxil olur. Daha sonra isə Leninqrad Dövlət Universitetinin mexanika və riyaziyyat fakültəsinə imtahansız qəbul edilir. Universiteti bitirdikdən sonra V.A.Steklov adına Riyaziyyat İnstitutunun aspirantı olan Qriqori namizədlik dissertasiyasını müdafiə edir. Qriqori bu illər ərzində həm də ABŞ universitetləri ilə əməkdaşlıq edərək elmi mühazirələr oxuyur. Elə bu ərəfədə də müasir riyaziyyatın ən önəmli problemlərindən olan "Puankare hipotezi"nin həlli yolunu tapır.
Dünyanın ən ağıllı adamlarından hesab edilən bu dahini küçədə görsəniz, üzünüzü turşudub: "Nə iyrənc adamdır..." deyərsiniz. Baxımsız, səfil görünüşü ilə "bomj"u xatırladan dahi özünü tamamilə elmə həsr edir. Qadınlarla heç bir münasibət qurmayan, qapalı həyat tərzi keçirən Qriqorinin davranışları onu tanıyanlar və iş yoldaşları arasında müxtəlif şayiələrin yaranmasına səbəb olur. Hətta ingilis saytlarının birində dahi riyaziyyatçının seksual oriyentasiyasının müzakirəsi zamanı respondentlərin 50 faizi onun homoseksual olması qənaətinə gəlir.
Asket həyatı yaşayan Qriqori daha çox beynəlxalq mükafatlardan imtinası ilə populyarlaşıb. O, 1996-cı ildə Avropa Riyaziyyatçılar Cəmiyyətinin mükafatına layiq görülsə də, ondan imtina edib, yaşadığı cəmiyyətdən gizlənərək təqdimata gəlməyib.
Daha sonra isə alim riyaziyyatın ən müh
üm problemlərindən biri, "Puankare hipotezi"ni həll etdiyinə görə Nobelə alternativ olan beynəlxalq "Filds" mükafatından imtina edib. Bu barədə sual verənlərə isə belə demişdi: "Ehtiyaclarımdan artıq pul mənə lazım deyil. Mən zoopark sakini deyiləm". İmtina silsiləsi bununla da bitmir. Görkəmli alim 2010-cu ildə Kley Universiteti tərəfindən layiq görüldüyü ödülə də yaxın durmayıb.
Leninqradda yaşadıqları binanın 38 illik qonşusu Anatoli Yakovleviç jurnalistlərə onun haqqında bunları deyib: "Qriqorini son vaxtlar ayda, ildə bir dəfə görürəm. Hərdən anası ilə gəzintiyə çıxır. Pendir, süd, çörək yeməyi xoşlayır. Görkəmi pintidi, saqqalına aylarla əl gəzdirmir. Milyon dollardan imtina etdiyi üçün deyə bilərəm ki, onun başı xarab olub".
Gəzən şayiələrə görə, bir gün Amerikanın keçmiş prezidentlərindən biri olan Barak Obama Qriqori Perelmana zəng edir. Dəstəyi götürən Perelman ədəb-ərkanla salamlaşıb zəng edənin kim olduğunu soruşur. Barak Obama özünü təqdim edəndən sonra Perelman əhvalını dəyişmədən, buyurun, nə lazımdır, deyə soruşur. Ardından Barak Obama "Hörmətli Perelman, sizin kəşfiniz bizim okeanı neft qalıqlarından təmizləməyimizə kömək etdi. Buna görə Amerikanın prezidenti kimi öz adımdan və Amerika xalqı adından sizə təşəkkür edirəm!" deyir. Perelman quruca bir "dəyməz" deyib sağollaşmaq istəyəndə Barak Obama soruşur: "Hörmətli, Perelman! Sizin məndən bir istəyiniz varmı?" Perelman "yoxdur" deyir. Bu vaxt Perelman mətbəxdən anasının səsini eşidir. "Qriqori, yumurta qurtarıb". Perelman dəstəyin o tərəfindəki Amerika prezidentinə səslənir, "cənab prezident, yumurta göndərə bilərsiniz?" Obama "nə?" deyə soruşduğu anda, Perelmanın anasının səsi yenidən eşidilir "pomidor da qurtarıb". Perelman usanmış halda Obamaya yenidən müraciət edir: "pomidor da lazımdır, cənab prezident".
Riyaziyyatçı hazırda İsveçdə köhnə bir binanın zirzəmisində qoca anası ilə birgə yaşayır. İnternet və telefondan istifadə etməyən dahi asudə vaxtını təbiətin qoynunda keçirir. Ən maraqlısı isə odur ki, məşhur Hollivud rejissoru, "Titanik" filminin yaradıcısı Ceyms Cameron əfsanəvi riyaziyyatçı haqqında sənədli film çəkməyi planlaşdırsa da, onu hələ də tapa bilmir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.