Qriqori Rasputin
Qriqori Yefimoviç Rasputin... Tarixin mübahisəli fiqurlarından olan bu adam bəzilərinə görə gələcəyi öncədən görən bir kahin, hətta peyğəmbər, bəzilərinə görə, Rusiya çarlığını idarə edən, onun sonunu gətirən bir şarlatan, bəzilərinə görə isə seksual manyakdır... Bəs "qara kahin", "dəli keşiş" ləqəbi ilə tanınan, ölümü yaşamından daha müəmmalı olan bu insan kim idi əslində?..
Qriqori Rasputin Sibirin Pokrovskoye qəsəbəsində kəndli ailəsində doğulub. Onun uşaqlığı haqda çox az məlumat var. Lakin təxminlərə əsasən o, təhsil almayıb və yetkinlik çağlarında belə, təhsilsiz olub. Bundan başqa bəzi yerli arxiv sənədlərində Rasputinin gənclik illərində müxtəlif oğurluq, cinayət hadisələrində iştirak etdiyi qeyd edilir. 28 yaşında dinlərə qarşı maraq göstərməyə başlayır və yaşadığı kəndi tərk edib Rusiyadakı müqəddəs yerləri ziyarət etmək üçün səyahətə çıxır. Vaxtının çox hissəsini monastırda keçirdiyi üçün "dəli keşiş" ləqəbini qazanır. Görünüşü sayəsində qısa müddətdə bir çox mürid toplayır. Getdikcə nüfuzu artan Rasputinin sorağı Provaslav din xadimlərinə, dövlət adamlarına gedib çatır. Bundan sonra çar ailəsi ilə tanış olan "dəli keşiş" sarayın bağbanı işləməyə başlayır. Rusiya çarı Nikolayın hemofiliyadan əziyyət çəkən oğullarını "müalicə etdikdən" sonra isə ailənin ən yaxın adamına çevrilir. Söylənənlərə görə, Rasputin hətta ailənin baş məsləhətçisi vəzifəsinə qədər yüksəlir.
Qriqori Rasputin I Dünya müharibəsi dövründə dövlət işlərinə də müdaxilə etməyə başlayır. O, artıq qeyri-adi gücü olan peyğəmbər kimi tanınırdı. Buna görə də ona ailənin yaxınlığında olmaq tapşırılır. Rasputinin çarın üzərində təsirləri getdikcə artır. O, II Nikolayı siyasi məsələlərdə də yönləndirir, hipnoz vasitəsilə danışdığı hər kəsi öz təsiri altına salırdı. Deyilənə görə, hətta dini kimliyinin ona verdiyi şöhrətdən istifadə edərək qadınlara təcavüz də edirmiş. Həmin dövrdə çariça Aleksandra ilə əlaqəsi olduğu barədə şayiələr yayılmışdı. Bu dedi-qodular II Nikolayı narahat edirdi. Çariça isə ona heyran idi. O, oğlunun xəstəliyini yüngülləşdirən bu adamın Tanrı ilə danışdığına da inanırdı.
Onun çarın üzərindəki böyük təsiri saraydakı digər siyasətçiləri də narahat edirdi. Ailə ilə qan bağlılığı olmayan sıradan bir bağbanın onlarla bu qədər yaxın olması olduqca absurd görünürdü. Onun intim həyatında ifrata varması və bunları heç nədən çəkinmədən etməsi isə bardağı daşıran son damla olur. Saray ətrafında yayılan söz-söhbətlər və narahatlıqlar getdikcə artır. Ortadoks kilsəsində də özünü peyğəmbər elan edən Rasputinin din adamı deyil, dindən öz istəkləri üçün istifadə edən bir şeytan olduğu üzə çıxır. Hər bir hərəkəti olaya çevrilən "peyğəmbər", hətta qəzetlərdə belə ələ salınaraq, müzakirə mövzusu olur. O, insanların gözündə artıq ilahi gücə sahib olan peyğəmbər deyil, sadəcə, bir şarlatan idi. Bu adamın sözünə güvənib qərarlar verən çara qarşı isə reaksiyalar getdikcə artırdı.
Rasputinin monarxiya üzərindəki təsirindən narahat olan bir neçə soylu ailə onu öldürərək aradan qaldırmaq istəyir. Ona qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Pruşkeviç hazırlayır. Əvvəlcədən qurulmuş plana əsasən, knyaz Yusupov Rasputini öz evinə gətirir. Burada birlikdə nahar edirlər. Rasputinə naharda mərgümüş zəhəri qatılmış şirniyyat və çaxır verilir. On nəfəri öldürmək gücünə malik olan zəhər qatılmış çaxırdan içən və şirniyyatdan yeyən Rasputin ölmür. Onun ölmədiyini görən Yusupov silahla onu arxadan güllələyir, sonra silahı Pruşkeviçə verir. Pruşkeviçin 3 gülləsindən sonra da ölməyən Rasputini nəhayət, donmuş Neva çayına atırlar. Böyük ehtimalla, bu sirli insan çayda donaraq ölür...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.