13 mart, 2023
Paylaş:

Rembrandt Harmens van Reyn

Dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri - məşhur holland rəssamı, dəyirmançının dahi oğlu Rembrandt Harmens van Reyn... Bütün dahilər kimi o da sənətinin zirvəsinə qalxmış, həyatın ən şirin və acı anlarını yaşamışdı. Həyatı boyu ailəsi ilə bağlı bir çox faciələrlə üzləşmiş bu dahi ömrünün sonunu səfalət və kədər içərisində keçirmişdi...

Leyden şəhərində dəyirmançı ailəsində dünyaya gələn rəssam yaradıcılığında ilk addımlarını doğma şəhərində atıb. Məhz bu səbəbdən də Rembrandt yaradıcılığının erkən dövrü Leyden dövrü adlandırılır. İlk təhsilini latınca alan Rembrandt dərs zamanı rəsm çəkməyi sevirmiş. Elə buna görə də rəhbərlik tərəfindən tez-tez cəzalandırılırmış. 14 yaşında məktəbdən çıxan Rembrandt rəssam Yakob İssakszın emalatxanasında işləməyə başlayıb. Bir müddət burada çalışdıqdan sonra Amsterdama getmiş və burada Pieter Lastmannın şagirdi olmuşdur.

Ömrü boyu yoxsulluğun cəngindən yaxa qurtara bilməyən rəssam ailəsini dolandırmaq üçün bir çox ağılasığmaz fırıldaqlara əl atmağa məcbur olmuşdu. Belə ki, tamamilə müflis olan Rembrandt öz əsərlərini mümkün qədər baha qiymətə satmaq üçün cürbəcür obrazlara girərək hiyləgərliklər edib. Bəzən oğlu Titus atasının əsərlərini alverçilərin yanına gətirib deyirdi ki, tablolar oğurluqdur, ona görə də bahalıdır. Elə adamlar vardı ki, oğurluq əsərləri həvəslə alırdılar. Bəzən rəssamın özü əsərlərinin satıldığı hərraca gəlib xüsusi bir bacarıqla onların qiymətlərini qaldırırdı. Amma bunların içərisində ən maraqlı hiylə saxta dəfn mərasimi olur. Belə ki, arvadı və Titus hamıya elan edirlər ki, böyük Rembrandt vəfat edib. Halbuki, rəssam Amsterdama getmişdi. Dəfn mərasimi keçirilir, hətta içərisi boş olan tabut torpağa tapşırılır. Bu "tamaşadan" sonra dahi rəssamın əsərlərini almaq istəyənlər onun evinə axın etməyə başlayırlar. Bir ay ərzində ailə büdcəsinə təxminən 2 min qulden daxil olur...

Amsterdamda zadəganlar arasında baş verən ixtilaf zamanı rəssam əvvəlcə üç övladını, sonra isə sevimli xanımı Saskiyanı itirir. Oğlu Titusla tək qalan rəssam taleyin zərbələrinə baxmayaraq, işləməyə davam edir. Lakin onun həyatındakı faciələr bununla da bitmir. Bir müddət sonra rəssam ikinci arvadını, beş il sonra isə oğlu Titusu itirir. Bu hadisədən sonra Rembrandt Amsterdamın yəhudi məhəlləsinə köçür və ömrünün son illərini burada ağır şəraitdə keçirir. 63 yaşında vəfat edən Rembrandtın ölümü cəmiyyətdə əks-səda doğurmur və o, Amsterdamda, yurdsuzlar qəbiristanlığında dəfn olunur. Yalnız 100-200 il keçəndən sonra onun əsərləri həm rəssamlar, həm də incəsənət xiridarları tərəfindən yüksək qiymətləndirilir. İndi dünyanın ən yaxşı qalereyalarını Rembrandtın tabloları bəzəyir.

Sağlığında qiymətini almayan dahi rəssam görəsən, bu günü görsəydi, hansı əsərini çəkərdi? Yəqin ki, bu sualın heç vaxt cavabı olmayacaq...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()