Rene Dekart
"Düşünürəm, deməli, varam". Belə deyərdi fransız filosofu, riyaziyyatçısı və yazıçısı Rene Dekart... Bu sözlərinə görə bir çox fəlsəfə tarixçiləri tərəfindən şübhəçi adlandırılan Dekart, Qərb düşüncəsini alt-üst edən özünəməxsus bir fəlsəfi sistem qurmuşdu. Onun fikrincə öyrənilən, görülən, duyulan, inanılan hər nə varsa hamısı şübhəli idi. Yalnız tək bir şeydən əmin idi: düşüncənin varlığı...
"Müasir fəlsəfənin banisi" və ya "Müasir riyaziyyatın atası" kimi qəbul olunan bu dahi şəxsiyyət, Qərb elmi inqilabının ən nüfuzlu simalarından biridir. Müasir həndəsə və cəbrdə istifadə olunan Kartezian koordinat sistemi də onun adı ilə bağlıdır.
Dekartın fikrinə görə, insan var olmasının reallığından başqa, hər mövzuda aldadıla bilər. Bəs var olduğuna niyə şübhə etməməli, bunu tam reallıq kimi qəbul etməlidir? Dekart üçün cavab çox sadə idi: Əgər düşünürsənsə, deməli, varsan. Dekartın dili ilə desək, "Bədənim olduğundan, ətrafda nəsnələrin mövcudluğundan şübhələnə bilərəm. Amma düşünən bu şeyin mən olduğumdan şübhələnə bilmərəm".
Özünəməxsus vərdişləri və gündəlik rejimi ilə də diqqətçəkən alim çox yatmağı sevən, tənbəl biri idi. Yuxudan çox gec oyanan Dekart, bəzən günorta saatlarına qədər yatmağı xoşlayırdı, ardınca isə yatağından qalxmayaraq saatlarla düşünər və yazardı. Dekart tənbəlliyin ən yaxşı zehni işlərin təməli olduğuna inanır, özünü çox yormamaq üçün əlindən gələni edirdi. Erkən yediyi naharın ardınca gəzintiyə çıxır, ya da söhbət etmək üçün dostları ilə görüşürdü. Axşam yeməyinin ardınca isə yazıları ilə məşğul olurdu.
Filosofun şəxsi həyatı ilə bağlı çox az məlumat əldə edilib. Bioqraflarının söylədiklərinə görə, həyatının sonuna kimi heç vaxt evlənməyib. Sevgi münasibətlərinə gəlincə isə yetkin yaşlarında qulluqçuya aşiq olduğu, onunla uzun müddət qeyri-qanuni münasibət yaşadığına dair bəzi dəlillər tapılıb. Hətta həmin qadından qız övladının da dünyaya gəldiyi söylənilir. Lakin uşaq beş yaşında ikən skarlatin xəstəliyi səbəbindən dünyasını dəyişir. Övladının ölümünü həyatının ən böyük faciəsi adlandıran alim, bu səbəbdən çox böyük sarsıntı keçirir və uzun müddət depressiv vəziyyətlərə düşür.
Uzun müddət ağciyərin iltihabından əziyyət çəkən alim 53 yaşında vəfat edir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.