02 sentyabr, 2024
Paylaş:

Rəşid Behbudov

Gizli çəkilişə görə aradan götürülən, danışsın deyə dırnaqları çıxarılan, ölüm səbəbi bilinməyən görkəmli Azərbaycan müğənnisi Rəşid Behbudov...

Rəşid Behbudov Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Onun atası Məcid Behbudalı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının mahir ifaçısı olub. O, Azərbaycan incəsənətinin beşiyi olan Şuşadandır. Anası Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlı idi. Ömrünün sonlarına kimi Tbilisidə olan Azərbaycan məktəblərində rus dilindən dərs deyib.

"Arşın mal alan" filmindəki baş rola görə tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında populyarlıq qazanan müğənni mikrofonsuz oxuması ilə də məşhurlaşıb. Onun məxsus olduğu yüksək səs tembri buna imkan verib.

Günlərin birində müğənni Qarabağa konsert verməyə gedir. Onun papaq və təsbehini oğurlayırlar. Rəşid Behbudov oğruya təsbehi bağışlayacağını deyir, ancaq papağı geri istəyir. Xanəndənin papağı qısa müddətdə tapılaraq özünə qaytarılır. Bu fakt Aqil Abbasın "Dolu" romanında da öz əksini tapıb.

Özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov maraqlı bir faktla rastlaşır. Kollektivə tərcüməçilik edən hindistanlı şəhərlərin birindən keçən zaman SSRİ-dən olan Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir.

Qarabağ problemi başlayanda Rəşid Behbudov erməni tarixinin uydurma olduğunu sübut etməkdən ötrü həmin kaseti Mixail Qorbaçova verir. Bundan sonra Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə buraxılmır. Onun səhhətində, xüsusən də böyrəklərində problemlər yaranır. Rəşid Behbudov sonralar xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu aradan götürəcəklər. Sonralar Şaumyanın Bakıda basdırıldığı iddia olunan yerdə qazıntılar aparılan zaman bu işlə məşğul olan insanlar deyirlər ki, "biz Rəşidə inanmadıq. O, haqlı idi". Meyitlərin tibbi ekspertizası zamanı Şaumyanın cəsədi orada tapılmır.

Müğənninin oğlu müsahibələrinin birində atasının xəstəliyi ilə bağlı belə deyib: "Atamın böyrəyini əməliyyat etməli idilər. Anamla mən səhər saat 9-da Moskvada Kremlin xəstəxanasında olarkən zəng gəldi. Dedilər ki, əməliyyat təxirə salınır. Bizə heç nə demədilər. Heç nə də açıqlamadılar. Atamı palataya apardılar və biz onu bir daha görmədik. Atamın isə yanına heç kimi buraxmırdılar. Xəstəxanada Stalin rejimi hökm sürürdü. Qohumlara psixoloji təzyiq edirdilər. Bizə yalnız deyirdilər ki, "olmaz, olmaz, olmaz!". Palatada atamın qışqırıq səsi gəlirdi. Anam soruşanda ki, ona nə olub? Dedilər ki, narahat olmayın, müalicə gedir, heç bir problem yoxdur".

Rəşid Behbudovun müəmmalı ölümündən sonra Moskvada onun ailəsinə bildirirlər ki, "sizin dinə görə meyiti yarmaq olmaz". Ancaq həyat yoldaşının xahişi ilə onun meyiti Bakıda ekspertiza olunur. Meyitin yarılması Tibbi Ekspertiza İnstitutunun əməkdaşları yox, polis işçiləri tərəfindən həyata keçirilir. Lazımi sənədləri isə yoxa çıxarırlar. Hazırda arxivlərdə tibbi ekspertizanın sənədləri yoxdur.

Rəşid Behbudov vəfat edəndə bu xəbəri onun ailəsinə gec deyirlər. Xanəndənin həyat yoldaşı onlardan soruşanda ki, Rəşid Məcidoviç özünü necə hiss edir? Ona deyirlər: "Oy, bağışlayın, Ceyran xanım. Rəşid Məcidoviç vəfat etdi"...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()