Respublika Gənclər Kitabxanasının “Azərbaycan ordusunun qəhrəmanlıq tarixi” adlı tədbiri.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 24 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə “Azərbaycan ordusunun qəhrəmanlıq tarixi” adlı tədbir təşkil edildi.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bu gün Qafqazda ən müasir ordu sayılan Azərbaycan Milli Ordusunun əsasının qoyulma tarixi, ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi haqqında məlumat verdi.
Şair Qismət Məsim Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2007-2011-ci iı III taboru buraxılışlarının şəhidlərinə həsr edilən tərtibçisi olduğu “Ölümsüzlər” kitabının yazılıb ərsəyə gəlməsindən, kitabda on altı igidin qəhrəmanlıqla dolu həyat yolunun əks etdirilməsindən, I Qarabağ savaşında ataların gördüyü işlərin ikinci Qarabağ savaşında oğullarının davam etdirmələrindən danışdı, çıxışını “Ata, qolların hanı” şeiri ilə bitirdi. Beş nüsxə “Ölümsüzlər” kitabını kitabxanaya hədiyyə verdi.
Şair, jurnalist Elşad Barak cəbhə xatirələrindən, “Ali Baş Komandanın səsi” reportajından tədbir iştirakçılarına söhbət açdı. Hələlik iki yüz Qarabağ şəhidinə şeir həsr eləməsini, torpaqlarımızın işğalı uğrunda şəhid olan bütün vətən oğullarına şeirlər yazacağını söylədi. Çıxışını ikinci Qarabağ savaşında yeganə şəhid qadın Arəstə xanıma həsr etdiyi şeirlə bitirdi. Müəllifi olduğu “Bumeranq” kitabını kitabxanaya hədiyyər verdi.
Kitabxananın şöbə müdiri Tamella Məmmədova çıxışına “Hər bir şəhid bizim doğma övladımızdır” cümləsi ilə başladı. “Ölümsüzlər” və Nurlan Hüseynzadənin “42” kitablarının əsas mövzusu haqqında danışandan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 103 illiyinə həsr etdiyi “Müzəffər ordu ilə möhtəşəm qələbə” adlı biblioqrafik icmal və videoçarx haqqında tədbir iştirakçılarına məlumat verdi.
Tədbirin sonunda “26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü” adlı kitab sərgisinə baxış keçirildi.


