Richard Francis Burton
29 dildə səlis danışa bilən məşhur ingilis səyyahı, yazıçı, şair tərcüməçi, hərbçi, etnoqraf, qılıncoynatma ustası və diplomat Richard Francis Burton... Müxtəlif dil və mədəniyyətlər haqqında bilikləri ilə tanınan bu dahi şəxsiyyət bir çox maraqlı səyahətləri ilə də tarixə düşüb. Richard Francis Burtonu ən çox məşhurlaşdıran Məkkəyə səyahəti və "Min bir gecə" nağılını ingilis dilinə tərcümə etməsi olub. Bundan əlavə o, John Henning Speke ilə Nil çayının mənsəbini axtarmaq məqsədilə Şərqi Afrikaya səyahəti zamanı Tanqanika gölünü kəşf edib. O bir çox sənət əsərinin, eyni zamanda coğrafiya, etnoqrafiya və qılıncoynatma ilə bağlı məqalələrin müəllifidir.
Uşaqlıq illərində yaşadığı yeri tez-tez dəyişməli olan Burton valideynləri ilə birlikdə İngiltərə, İtaliya və Fransada yaşayıb. Bəlkə də sonradan onun səyahətə marağının artmasında bu məsələnin böyük rolu olmuşdur. 1842-ci ilin iyun ayında Hindistanda müharibənin bitdiyi ərəfədə Burton Bombeyə getmiş, vaxtının çox hissəsini oranın mədəniyyətini və dillərini araşdıraraq keçirmişdir. O, marathi, hindi, fars, ərəb və qucarat dilini yüksək səviyyədə mənimsəmişdi. Deyilənə görə, hər biri fərqli dil ailəsinə məxsus olan 29 dil bilirdi. Bombey bazarından nadir əlyazmalar alan Burton, həmin əsərləri böyük maraqla oxumuşdu. O hətta bir gün meymunların da dillərini öyrənəcəyinə ümid edirdi. Hindistanda keçirdiyi 7 ildə Burton müsəlmanların adət və ənənələrini də dərindən öyrənmişdir. O Həccə gedən ilk avropalılardan hesab edilir. Onun "Əl-Mədinəyə və Məkkəyə Həcc" kitabı nəşr olunmuşdur. Kral Coğrafiya Cəmiyyətinin (The Royal Geographical Society) təşəbbüsü ilə Tanqanika gölünün kəşf edildiyi Şərqi Afrikaya ekspedisiyaya rəhbərlik etmişdir. Kral Coğrafiya Cəmiyyətinin üzvü, müqəddəs Mixail və müqəddəs Georgi ordusunun komandiri olduğu üçün ona cəngavər statusu verilmişdi. Burton müxtəlif vaxtlarda Fernando Po, Dəməşq və Triestdə ingilis konsulu kimi fəaliyyət görsətmiş və 69 yaşında ürəktutmasından vəfat etmişdir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.