Robert Şuman
Eşitdiyi səsləri əsərə çevirən, mələklərin notları qulağına pıçıldadığını iddia edən dahi bəstəkar Robert Şuman... Bir çoxlarının dəli, bəzilərinin isə dahi adlandırdığı məşhur alman bəstəkarı və musiqişünas Şuman romantizm dövrünün ən böyük bəstəkarı kimi tarixə düşüb. Coşqun ehtiras və çılğınlıqla yanaşı, xəyalpərəstlik və ideallıq sorağı - budur onun musiqisinin səciyyəvi cəhətləri.
Dahi bəstəkar "musiqi ilə şəkil çəkmək" kimi qeyri-adi istedada malik olub. Uşaq yaşlarında royalın dilləri ilə tanışlarını təsvir edərək dostlarını şənləndirərmiş. Elə oxşadarmış ki, hətta musiqi duyumu zəif olanlar da, dərhal çalınan melodiyada insanın konkret obrazını görərmişlər.
Anasının təkidi ilə Leypsiq Universitetinin hüquq fakültəsinə daxil olan Şuman sonralar hüquq kitabları üzərində baş sındırmaq əvəzinə musiqi aləminə baş vurur. Ömrü boyu ciddi zehni problemlərlə üzləşən Şuman müəyyən aralıqlarla depressiya və sinir böhranları yaşayır. Gənc yaşlarından psixologiyasının pozulması kimi problemlərdən əziyyət çəkən Şuman mələklərin qulaqlarına notlar pıçıldadığını iddia edirdi.
Bəstəkarın həyatında musiqi qədər eşq həyatı da önəmli bir rol oynayıb. Universitetdə tanış olduğu musiqi müəlliməsi Klara Fridrix onun böyük məhəbbəti idi. Aşiq olduğu qadın universitet zamanı ona pianino dərsləri verən müəllimi Fridrix Vikin qızı idi. Şuman uzun müddət sevgilisi Klaranın atasından evlənmələrinə razılıq ala bilmirmiş. Bütün ümidləri boşa çıxan bəstəkər maraqlı bir yola əl atır. O, məhkəməyə müraciət edir. Leypsiqdəki Kral Apelyasiya Məhkəməsi bu məsələnin artıq həddi-büluğa çatmış Klaranın özü tərəfindən həll edilməsi barədə qərar verir və iki gənc tezliklə xoşbəxt ailə qurur. Bu, nikahın ləğvi deyil, əksinə, bağlanması haqqında tarixdə verilmiş bəlkə də yeganə məhkəmə qərarı idi. Bu evlilikdən sonra onların 8 övladı dünyaya gəlir.
Bir müddət sonra isə depressiya keçirən bəstəkar getdikcə daha da ağırlaşır. Xəstələndiyi ildə qardaşının və onun həyat yoldaşının qəfil ölümü Roberti dərindən sarsıdır. Bu dövrdə eşitmə halüsinasiyaları başlayır və uzun müddət yuxu problemi yaşayır. Bununla yanaşı, o illərdə bütün Avropa qitəsində vəba epidemiyası yayıldığından Şuman da bu xəstəliyə yoluxur və yüksək hərarət səbəbindən zehni sağlamlığını itirdiyini düşünür.
Davamlı halüsinasiyalar görməyə başlayan Şuman qəribə səslər eşitdiyini iddia edir və heç kimin eşitmədiyi səsləri notlara köçürərək nəticədə "Ghost Variety" adlı möhtəşəm əsərini ortaya qoyur.
Robert Şuman ömrünün sonlarında işgəncəyə məruz qaldığını iddia edərək qorxunc səslər çıxarmağa başlayır. Artan halüsinasiyalar səbəbi ilə intihara da cəhd edir. Bu prosesin ailəsinə zərər verəcəyini düşündüyü üçün könüllü olaraq ruhi xəstəxanada müalicə almağa qərar verir. Bir müddət sonra isə heç kimi görmək istəməyən və hətta yeməkdən belə imtina edən bəstəkar 46 yaşında həyatla vidalaşır.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.