“Sağlam ailə, xoşbəxt gələcək” mövzusunda tədbir

31 oktyabr, 2024
Paylaş:

“Sağlam ailə, xoşbəxt gələcək” mövzusunda tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ailə münasibətlərinin möhkəmlənməsinə xidmət edəcək tədbirlərin formalaşdırılması və həyata keçirilməsi istiqamətində o cümlədən ailələrin, xüsusilə uşaqların asudə vaxtının təşkilinə dair fəaliyyətin genişləndirilməsi məqsədilə “Sağlam ailə, xoşbəxt gələcək” mövzusunda tədbir keçirilib. Tədbirdə Bakı Tədris Uşaq İnkişaf Mərkəzinin psixoloqu Aygün Kərəmova, hüquqşünas, mediator  Zaur Quliyev, klinik psixoloq Heyran İbrahimli, “Restart” Rebilitasiya Mərkəzinin əməkdaşı  Tağı Abbaszadə, səhiyyə, media sahəsinin nümayəndələri, tələbə-gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova  sağlam ailənin xoşbəxt cəmiyyətin və güclü dövlətin təməli olduğunu söyləyərək, ölkəmizdə ailə siyasətinə dair qəbul edilən qərar və sərəncamlar haqqında məlumat verdi. Ölkəmizdə ailə modelinin dövlət tərəfindən qorunduğunu bildirərək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin milli-mənəvi dəyərlərə arxalanan ailə anlayışının qorunub saxlanılmasına, övlad tərbiyəsinə, valideynlik məfhumuna daim böyük önəm verdiyini söylədi.  Ulu Öndərin və görkəmli aftalmoloq-alim Zərifə xanım Əliyevanın nümunəvi ailə modelinə sahib olduqlarını söyləyərək onların müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsinin də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnək olduğunu bildirdi. Hər bir ailədə yaşana biləcək ailədaxili münaqişələrdən uşaqların qorunması, onlarla düzgün ünsiyyət formalarının yaradılması mövzusunda maariflənmənin, yeniyetmələrin ailədə və ailədənkənar mühitdə asudə vaxtının təşkilində isə  kitabxanaların müstəsna əhəmiyyət daşıdığını bildirdi.

Psixoloq Aygün Kərəmova ailə münasibətlərinin möhkəmlənməsinə təsir edən amillər, ailədə düzgün valideyn-övlad ünsiyyətinin qurulması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılaraq daha faydalı fəaliyyət növlərinə cəlb edilməsi mövzusunda çıxış edərək, əyani nümunələr əsasında uşaqlarla valideynlər arasında yaşana biləcək mübahisəli məqamlardan qaçınmaq metodları haqqında tövsiyələr verdi.

Klinik psixoloq Heyran İbrahimli asılılıq və narkomaniyanın psixoterapiyası üzrə "12 Addım" proqramından bəhs edərək ən çox disfunksional ailələrdə müşahidə edilən davranış pozuntuları, ünsiyyət problemləri haqqında  məlumat verdi. Uşaqların pis vərdişlərdən, müəyyən asılılıqlardan uzaq tutulması istiqamətində valideynlərin, cəmiyyətin fəaliyyətinin əhəmiyyətindən danışaraq, uşaqla daim ünsiyyətdə olmaq, onun fikirləri ilə maraqlanmaq, uşağa təzyiq göstərmədən onun düşüncələrinə hörmətlə yanaşmaq lazım olduğunu bildirdi.

Hüquqşünas, mediator  Zaur Quliyev müasir ailələrdə yaşanan problemlər və onların məhkəmə yolu ilə həlli məsələri haqqında məlumat verərək son dövrlərdə artan ailədaxili münaqişələr və onların ailə üzvlərinə, xüsusilə də uşaqlara təsiri haqqında danışdı. Yeni evlənən ailə cütlüklərinin nikahdan öncə öz hüquqları haqqında maariflənmələrinin əhəmiyyətindən danışaraq, bu sahədə məlumatlılığın gələcəkdə bir sıra problemlərin həllinə kömək ola biləcəyini bildirdi.

“Restart” Rebilitasiya Mərkəzinin əməkdaşı  Tağı Abbaszadə uşaqların ailədə daim diqqət mərkəzində olması əhəmiyyətindən danışaraq, valideyn, məktəb və ictimaiyyət tərəfindən göstərilən qayğı sayəsində bir sıra zərərli vərdişlərdən, səhv addımlardan qorunmağın mümkün olduğunu bildirdi. Uzun illər asılılıqdan əziyyət çəkən insanların nümunəsinə əsaslanaraq bu yoldan çəkinmənin böyük iradə, əzm və ətrafın dəstəyi sayəsində mümkün olduğunu bildirdi.  

Tədbirdə “Sağlam ailə, xoşbəxt gələcək” adlı təqdimat materialları nümayiş etdirildi.

Sonda xatirə şəkli çəkdirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()