Şahmar Ələkbərov
Onun oynadığı elə rollar var ki, xatırlamamaq qeyri-mümkündür. "Yeddi oğul istərəm" filmini seyr edəndə hamımız Qəqəninin "Ölmə, Qəzənfər dayı, ölmə!" deyə onu yaralı halda qucaqladığı səhnəni səbirsizliklə gözləyirik. Bu çox nadir səhnələrdəndir ki, aktyor hətta ölüm anında belə tamaşaçını faciənin içərisindən qoparıb təbəssümə qovuşdurur. O, bunu bacarırdı və bu, hər aktyora xas olan keyfiyyət deyildi. Sanki həyatdan tez köçəcəyini bilərək əbədi yaddaşlarda qalmaq idi amalı... Söhbət filminə qadağa qoyulan, ağır xəstəliyə tutulan, həkim səhvinin qurbanı olan, ölüm ayağında heç kimi görmək istəməyən canlı "trio", bənzərsiz aktyor, maraqlı rejissor Şahmar Ələkbərovdan gedir...
Aktyor Gəncədə dünyaya göz açıb. Atası Zülfüqar kişi Cəbrayıldan, anası İzulət xanım Tiflisdəndir. 9 yaşı olanda ailəsi ilə birgə Gəncədən Bakıya köçüb. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Bundan sonra məşhur sənətkar Adil İsgəndərov onu kinostudiyanın nəzdində özünün yaratdığı "Kino aktyorluğu" studiyasına dəvət edib.
Həyat yoldaşı teatrşünas Kəmalə xanımla tanışlıqları teatrda baş tutub. Ömrü boyu qəddini şax saxlamış Şahmar bəy düz dörd il bu zərif məxluqun ardınca "sürünməli" olub. Kəmalə xanım Şahmarın iştirak etdiyi bütün tamaşalara baxırmış. Şahmar Kəmalə xanıma elçi göndərəndə valideynləri qızlarının aktyorla ailə qurmasına razı olmurlar. Dörd ildən sonra o, yenidən elçi göndərir. Kəmalə xanımın nənəsi əslən şuşalı idi. O, elçi göndərən oğlanın da qarabağlı olduğunu biləndə, nəvəsinin "hə"sini verir. Bu evlilikdən onların əkiz qız övladları doğulur. Tanıyanların dediyinə görə, aktyor çox ailəcanlı olub. Əkiz qızlarını həddindən çox sevib. Onların hər ikisinin toyunu bir gündə ovaxtkı "Abşeron" mehmanxanasının restoranında edib.
Kinoda daha çox müsbət rollar ifa edən aktyorun yeganə mənfi rolu "Atları yəhərləyin" filmindəki İbrahimdir. Amma o aktyor kimi tam istifadə olunmadı. Məsələn, "Ad günü" filmində baş rola dəvət olunmuşdu, sınaq çəkilişlərində də iştirak etmişdi, amma nədənsə, Əli obrazı gürcü aktyoruna qismət oldu. Ömrünün son illərində onda meyxanaya maraq yaranmışdı. Hətta meyxana teatrı da yaratmaq istəyirdi. Ailə üzvləri hesab edirdilər ki, onun teatrdan kinoya keçid etməsi səhv addımdır. Çünki xarici görünüşü, yaradıcı potensialı, səsi teatr üçün idi.
Təəssüf ki, aktyor yaradıcılığının ən məhsuldar vaxtında xəstələnir. Bu əzab-əziyyət düz yeddi il davam edir. Hər şey "Firəngiz" filminin çəkilişlərindən başlayır. Belə ki, aktyor filmin çəkilişindən əvvəl stomatoloqa gedir, burada onun dili zədələnir. Filmin çəkilişlərində soyuqladığı üçün dilindəki əzik xoraya çevrilir. Şahmar yanlış aparılan mürəkkəb müalicələrə və onun fəsadlarına mətinliklə dözür. Xəstəliyinin ağır günlərində ən yaxın dostlarının belə onunla görüşməsinə, onu xəstə vəziyyətdə görməsinə razılıq vermir. Həmin ərəfələrdə onu Hamburqa aparırlar. Orada ona heç nə deyilməsə də ailəsinə bu xəstəlik qarşısında tibbin gücsüz olduğu bildirilir. Bakıya qayıdanda Şahmar Ələkbərov xəstəxanaya yerləşdirilir. Həyat yoldaşı Kəmalə Ələkbərova və qızları İzulətlə Ləman onunla xəstəxanada qalır. Uzun sürən əzab-əziyyətdən sonra kino xadimi, Xalq artisti Şahmar Ələkbərov 48 yaşında dil xərçəngindən vəfat edir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.