Şahzadə Diana
Onun üçün əslində hamının həsəd apardığı kral ailəsinin gəlini olmaq o qədər də önəmli deyildi. Hətta bir dəfə jurnalistə verdiyi müsahibədə "Böyük Britaniyanın deyil, istəyir dünyanın kralı olsun, mən yenə ürəyimin istəmədiyi adamla münasibət qurmaram" demişdi. Amma buna baxmayaraq, sonradan "nikah diplomatiyası" öz işini uğurla gördü. Böyük Britaniya şahzadəsi Çarlzla evlənən bu xanım həyatının həm xoşbəxt, həm də bədbəxt pilləsinə start verdi. Söhbət ölümü ilə bütün dünyanı sarsıdan Böyük Britaniya kral ailəsinin üzvü Şahzadə Dianadan gedir...
Kral ailəsi ilə sayılıb seçilən Spenser ailəsi arasında baş tutacaq nikah özünün növbəti "qurban"ını gözləyirdi. Kraliyyət əhli bunun Spenserlərin böyük qızı Sarahın olacağını güman edirdilər. Amma Sarahın sonradan kobud, adama yovuşmaz, içki düşkünü olması üzə çıxdı. Kraliça onu öz ailəsinə layiq bilmədiyindən hər iki ailədə bütün nəzərlər kiçik qız Dianaya yönəldi. O zaman cəmi 18 yaşında olan Diana gözəlliyi və əyləncələrə meyilliliyi ilə bütün elit zümrənin marağını cəlb edirdi. Şahzadə Çarlz da ondan yan keçə bilmədi. Əvvəlcə Diana "Mən kralla heç vaxt evlənmərəm" desə də, kral ailəsinin üzvü olaraq seçilmək istəyi sonradan onun səmimiyyətinə kölgə saldı. Media nümayəndələrinin bəziləri Diananın sırf taxt-taca görə nikaha razı olduğunu, bəziləri isə Çarlzı sevdiyi üçün evlənmək istədiyini yazırdı. Bəziləri də qeyd edirdi ki, Diana onu sevən Çarlza yalnız nişan mərasimindən sonra vurulur. Bu fakt medianı daha məhsuldar işləməyə sövq edir. Məhz medianın bu qədər yüksək marağı səbəbindən Çarlzla Diana erkən evlənməyə qərar verirlər. Nəhayət, Bukingem sarayında Böyük Britaniyanın maraqla gözlədiyi o möhtəşəm nikah mərasimi baş tutur.
Diana ərə getdikdən sonra ərköyünlüyünü və sərbəstliyini kral ailəsinin daxili intizamına uyğunlaşdıra bilmirdi. O, xüsusən də kraliça tərəfindən özünü saray zümrəsinə layiq aparmadığı üçün danlanırdı. Amma buna baxmayaraq, xalq onu sevirdi. Çünki şahzadə hər zaman xeyriyyə qurumlarının işləri ilə maraqlanır, yardımlar edirdi.
Çox keçmir ki, Şahzadə Diananın evliliyi "üç adamlıq evliliyə" çevrilir. Kral ailəsinin yeganə varisi olan ərköyün Şahzadə Çarlz Diana ilə yaşamasına baxmayaraq, başqa bir xanımı - Kamilla Porkeri sevir. Deyilənlərə görə, o, bu xanımla hələ Dianadan əvvəl tanış imiş. Lakin şahzadənin qətiyyətsizlik və hərdəmxəyallığı ailəsinin seçdiyi Dianadan vaz keçməsinə imkan verməyibmiş. Kamillanı sevsə də, Dianadan da əl çəkməyən Çarlz bütün həyatı boyu bunun acısını yaşamağa məhkum olur.
Yalnız ilk vəliəhd Vilyamın dünyaya gəlişindən sonra kral ailəsində istilik nisbətən artmağa başlayır. Uşaqdan sonra Diananın artıq bütün xəyalları gerçəkləşir. İkinci vəliəhddən sonra isə Çarlzla Diana arasındakı münasibət daha da yaxşılaşır. Ailə həyatında sevgi boşluğu yaşayan ər-arvad hər iki övladını bərabər böyütməyə başlayırlar. Lakin çox keçmir ki, "Kamilla" mövzusu yenidən gündəmə gəlir. Belə ki, Çarlzla Kamilla şəhərdən kənardakı kral malikanəsində gizli görüşməyə başlayırlar. Xəyanətin acığına edilən xəyanət təbii ki, ondan da şiddətli olur. "Məhəbbət üçbucağı" Diananın bütün qürurunu məhv edir. Buna baxmayaraq, o, rəsmi varis olan övladları və kral ailəsinin nüfuzu üçün bütün depressiyalara sinə gərir. Özünün də dediyi kimi, üç nəfərlik bir ailə həyatında o, hər şeyə dözür. Amma sən saydığını say... Əsl ingilis ədası ilə yüklənən Çarlz ondan boşanmasını xahiş edir. Hər şeydən yorulan Diana buna razılıq verir.
Lakin bütün bunlara baxmayaraq, media öz sevimlisi olan bu xanımdan əl çəkmir. Depressiyada olan Diana 3 il tənhalığa çəkiləndən sonra nəhayət ki, medianın obyektinə tuş gəlir. Yenidən aktiv həyata qayıdır. Dar günlərində onunla olan hərbçi Ceyms Hevitlə eşq macərası yaşayır. Sonradan Ceyms ondan istifadə etməyə çalışır. Bu fakt artıq onda kişilərə qarşı sınmış inamı daha da məhv edir və onlar ayrılırlar. Get-gedə yaşlanmasına baxmayaraq, Diana ömrünün sonuna qədər boşluqdan xilas olmaq üçün ard-arda Ceyms Cilbert, Vel Karlinq, Oliver Hoaro və şəxsi mühafizəçisi olan Bobla münasibətdə olur. Dəyişilən eşq partnyorları belə Diananı xalqın gözündən salmır. Media yenə də ən çox onunla maraqlanır.
Təqvimlər 31 avqust 1997-ci ili göstərir. Media yenə də öz işindədir. Həyatındakı sonuncu sevgilisi Əl Fayedlə səfərə çıxan Diananı izləməkdədirlər. Paparazzilər lyuks bir avtomobildən görüntü almaq üçün bir-biriləri ilə yarışırdılar və qazanan elə onlar oldu. Çünki hamı bilirdi ki, buradan məhz son günlərin ailə uğursuzluqlarını, depressiyasını yaşayan Diana keçəcək. Və qəfildən Alma Tunelində avtomobil qəzası baş verir. Paparazzilərin çəkdiyi ölümün şəkli: Qaller şahzadəsi Diana və son sevgisi Dodi-Əl Fayed.
Bu qəza haqqındakı fərziyyələr, illər keçməsinə baxmayaraq, hələ də davam edir. Hələ də çox insan şahzadə Diananın adi avtomobil qəzasında deyil, sui-qəsd nəticəsində qurban getdiyini düşünür. Diana nə qədər eşq hekayəsi ilə gündəmə gəlsə də, milyonlarca insanın sevimlisi olaraq qaldı. Şahzadə Çarlz isə illər sonra gizli sevgisi Kamilla ilə evləndi. Lakin Diana kimi şahzadə titulunu ala bilmədi. Son şahzadə olaraq qalan Diananın heyranları hələ də ona yas tutur. Ən əsası da Diananı hələ də özlərinin şahzadəsi sanırlar. Bu, Diananın ən böyük arzusu idi. Müsahibələrinin birində də dediyi kimi: "Mənim arzum İngiltərənin deyil, insanların ürəklərinin şahzadəsi olmaqdır".
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.