Salvador Dali
İspaniyalı rəssam Salvador Dali əsərləri kimi qeyri – adi həyatı ilə də yaddaşlarda dərin iz buraxıb. Məşhur rəssamın uşaqlığı mənəvi travmalarla keçib. 6 yaşında sətəlcəmdən dünyasını dəyişən qardaşından az bir müddət sonra dünyaya gələn Salvador uşaqlığını bu cür sözlərlə yada salırdı: “ Anadan olan kimi büt kimi stayiş edilən bu ölünün ayaq izləri ilə iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində onu sevirdilər, bəlkədə məndən daha çox sevirdilər... Bu,mənim üçün həyatımın ən böyük yarası idi ”. Valideynlərinin ona qoyduqlarl ad da elə qardaşının adı idi - Salvador. Rəssam mərhum qardaşına çox bənzəyirdi, sanki onun əkizi idi...
Möhtəşəm əsərlərilə bərabər geyindiyi paltarları, qəribə fikirləri, dəlilikləri, ağlasığmaz hərəkətləriylə diqqəti cəlb edən dahi məşhurluğunun hesabına rəsmlərini çox baha qiymətə satırdı. Hiyləgər rəssam tablolarını yüksək qiymətə satmaq üçün istifadə etdiyi boyaların içində ilan zəhəri olduğunu deyirdi.
Özü haqqında dediyi fikirlərlə də ətrafındakıları çaşdırırdı: Dəlilərlə mənim aramdakı yeganə fərq onların dəli, mənimsə dəli olmamağımdı! Anasının portretinə tüpürməyi hobbiyə çevirən dahinin bu fikri müəyyən mənada onun özü haqqında dediyi fikri təsdiqləyir. Bəzən şoumen də adlandırılan rəssam insanların diqqət mərkəzində olmağı və ətrafındakıları əyləndirməyi sevərdi. Bir dəfə spiker olaraq qatıldığı konfransa dalğıc geyimində gedən dahi hər kəsi güldürməyi bacarmışdı. Şəhərdə əlində qarışqayeyənlə gəzən Dali “ Babou ” adlı heyvanı getdiyi hər yerə aparırdı. Hər yeni rəsm əsərini çəkməzdən qabaq isə o, mütləq üzüm çərdəyini qulağının içinə qoyardı.
Dali bir rəssamın başına gələ biləcək ən pis xəstəliklərdən biri olan parkinsondan əziyyət çəkirdi. Diqqət çatışmazlığı, hiperaktivlik pozuntusu ilə yaşayan dahi də əsrarəngiz əsərlər yaratmaq üçün Eynşteynin yuxu metodundan istifadə edərdi. Əlində açarla yuxuya gedən rəssam yerə düşən əşyanın səsinə ayılmaqla yuxu vaxtını uzadardı.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.