03 iyul, 2023
Paylaş:

Şarl Pyer Bodler

Klassik fransız və dünya ədəbiyyatının ən istedadlı şairlərindən və tənqidçilərindən, simvolizmin banilərindən biri Şarl Pyer Bodler... Heç vaxt evlənməyən, anasına görə ağdərili qadınlarla görüşməyən bu şairi ən məşhur əsərinə görə şeytana səcdə edən şair adlandırırdılar...

Şarl Bodler Paris şəhərində dünyaya göz açıb. O, dünyaya gələndə atası Fransua Bodlerin 62, anasının isə 27 yaşı vardı. F.Bodler rəssamlıqla məşğul olduğu üçün oğlunu muzey və qalereyalara aparır, rəssam dostları ilə tanış edərək onda da incəsənətə, rəssamlığa qarşı həvəs yaradır. Uşaq ikən şiddətli melanxoliya əlamətləri müşahidə olunan şairin təəccüb doğuran davranışı, tənbəlliyi  müəllimlərin diqqətindən yayınmayıb. Altı yaşında atasını itirən Şarlın bütün həyatına və yaradıcılığına təsir edən hadisə isə anasının ona "xəyanəti" - ərinin vəfatından bir il sonra general Osiplə ailə qurması olur. Bu evlilik onun bütün həyatında və yaradıcılığında öz mənfi təsirini göstərir. Atalığının işi ilə əlaqədar bir neçə dəfə şəhər dəyişməkləri və Şarlın pansionda anasından uzaqda yaşaması onda atalığına qarşı olan nifrəti, anasına incikliyini və hirsini bir az da artırır.

Bodler anası ilə heç yola getmirdi. Bu, sevgi ilə nifrətin qarışığından ibarət olan, fırtınalı, dağıdıcı münasibətlər idi. Deyilənə görə, Bodler ağdərili qadınlarla birlikdə olmurdu, sevgililərini həmişə qaradərili qadınlardan seçirdi. Ağdərili qadınlar ona anasını xatırlatdığı üçün... Həyatı anasından borc istəməklə keçib. Hətta anası pulu düzgün istifadə etmədiyinə görə onu məhkəməyə də veribmiş...

Onun ən məşhur əsəri  qalmaqallı "Şər çiçəkləri" adlı şeirlər toplusudur. Bu kitab Avropa modernizminin başlanğıcı hesab edilir. Cəmiyyətdə böyük narazılığa səbəb olan bu kitabdakı şeirlərə görə hətta şair məhkəməyə də cəlb olunub. Bodler: "Şairi şeirinə görə  mühakimə etmək aktyoru oynadığı rolda törətdiyi cinayətə görə cəzalandırmağa bərabərdir", - deyərək cavab verib.

Psixotrop maddələrdən yazanlar arasında həşişin insan orqanizminə təsirini ən düzgün təsvir edənlərdən biri də Bodlerdir. Həşişdən yalnız bir və ya iki dəfə eksperiment məqsədilə istifadə edən Bodler təcrübələrini yazdığı üç məqalədən ibarət "Süni cənnət" toplusunu çap etdirib. Şair bir müddət tiryəkdən istifadə etsə də, qısa vaxtdan sonra bu vərdişini tərgidib.

Həyatı boyu heç vaxt evlənməyən  şair ömrünün sonlarına yaxın Brüsseldə yaşayır və orada olarkən ağır xəstələnir. Kilsədə yıxılması vəziyyətinin pisləşməsinə səbəb olur. O, xəstəliyi geniş şəkildə təsvir edərək iflicin bütün əlamətlərini və keçirdiyi hissləri yazsa da, sifilis (zöhrəvi xəstəlik) olduğu barəsində heç nə demir. Anası onu Parisə aparıb müalicəsini orada davam etdirir. Lakin şair 46 yaşında vəfat edir. Ən maraqlısı isə odur ki, Bodler bütün həyatı boyu nifrət etdiyi, onu anasından ayırdığına inandığı insanla - atalığı Osiplə yanaşı dəfn olunur...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()