23 may, 2025
Paylaş:

Şeirləri sevgidən yaranan şair

Xalq şairi Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1956-cı ildən əsərləri mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olmuşdur. 1987-ci ildən isə "Qobustan" incəsənət toplusunun baş redaktoru, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi kimi fəaliyyət göstərmişdir. Şair Azərbaycan ədəbi mühitinə yeni ab-hava gətirən qələm adamlarından olmuş, ictimai məzmunlu yaradıcılığı ilə müasir poeziyamızın mövzu dairəsinə, poetik forma və ifadə tərzinə özünəməxsus çalarlar əlavə edib.

Çağdaş Azərbaycan şeirinin istedadlı nümayəndəsi olmaqla yanaşı, o, şəxsi nümunəsi ilə özündən sonra gələn ədəbi nəsillərə şeir yazmaqdan əlavə səmimi, sədaqətli, diqqətli, yaxşı dostluğu, bir sözlə, insanlığı tövsiyə etmişdir. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirən şairin bütün şeirləri demək olar ki, vətənə məhəbbət, vətənpərvərlik duyğuları, insan və zaman haqqında düşüncələri tərənnüm edib. Dünyanın bir çox ölkəsində yaradıcılıq səfərlərində olduğu üçün, həmin ölkələrdə gedən milli azadlıq hərəkatlarına şeirlər həsr edib, o cümlədən Kubanın azadlıq mübarizi Ernesto Çe Gevara ("Ünvansız məktublar"), Qvineya-Bisaunun azadlıq hərəkatı xadimi Amilkar Kabral ("Amilkar Kabral"), Filippinin Milli Qəhrəmanı Xose Risal ("Xose Risal"), vyetnamlı gənc Li Vi Tom ("Li Vi Tom") haqqında poemalar qələmə almışdır. 1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunmuşdur. Şairin "Ölüm ayrılıq deyil", "Hələlik, - qiyamətədək" povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri öz əksini tapmışdır. Əsərləri bir çox xarici dillərə tərcümə olunan Fikrət Qocanın özü də Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal kimi bir çox əcnəbi yazarların əsərlərini dilimizə çevirmişdir.

Fikrət Qocanın ana haqqında yazdığı şeiri hər bir azərbaycanlının könül səsi, qəlb çırpıntısıdır. Həzin melodiya kimi ürəklərə axan "Ana" şeirinin musiqisi də dinləyici ruhunu oxşayıb ovsunlayır:

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar,

Gülər üzlü, qara gözlü, anam.

Hara getsəm, gözün mənə baxar.

Sözləri Fikrət Qocaya, musiqisi isə Sevil Əliyevaya aid bu mahnı sanki analar haqqında yazılmış himndir.

Onun yaradıcılığının əsas mövzularından biri də dənizə, Bakının boynuna mirvari kimi dolanmış Xəzərə həsr edilmiş "Dənizdə ay çiməndə", "Balıqçıyam", "Xəzər", "Dənizdə susuz" və digər şeirlərini misal çəkmək olar. Şairin poeziyasında əsas yerlərdən birini insan faktoru ilə yanaşı, təbiət, onun gözəllikləri tutur. Şeirlərdə təbiət təsvirləri, gözəlliklərdən daha geniş, mənəvi anlam daşıyaraq həm də həyatın, məişət və cəmiyyətin, insan təbiətini əks etdirir. Bir sözlə, onun poeziyasının mayası həmişə həyatın, təbiətin özü olmuşdur. Fikrət Qocanın bütün poetik yaradıcılığı insana, həyata və sənətə sevgidən yoğrulub. Yaradıcılığının əsasında dayanan yeni fikir, yeni ahəng uğrunda apardığı mübarizə diqqəti cəlb edir. Bu, o deməkdir ki, onun yaradıcılığında ənənə və novatorluq üzə çıxır. Fikrət Qoca şeirləri heca vəznində yaratsa da, onun sərbəst düşüncələrində qafiyə axtarışı kənarda qalır. Bu keyfiyyətlər yaradıcılığında təbii və səmimi şəkildə üzə çıxdığı üçün diqqətəlayiqdir.

Şair həm də bir sıra sevilən filmlərdə musiqinin sözlərinin müəllifidir. Belə ki, bəstəkar Tofiq Quliyev ilə Fikrət Qocanın birgə çalışdığı "Qaynana" filmində səslənən musiqilər bu gün də Azərbaycan tamaşaçısı tərəfindən sevilir. Məhz bu iki şəxsin əməyi sayəsində filmi izləməyib təkcə mahnılarını dinləmək belə kifayət edir ki, söhbətin nədən getdiyini, nələr baş verdiyini anlayasan, sujeti özlüyündə təsəvvür edə biləsən. Bundan başqa, şairin şeirləri əsasında "Baladadaşın ilk məhəbbəti" - bəstəkar Emin Sabitoğlu, "Uşaqlığın son gecəsi" filmlərinə yazılmış - bəstəkarı və ifaçısı Polad Bülbüloğlu olan "Gəl, ey səhər" mahnıları bu gün də öz aktuallığını qoruyub saxlayır. Fikrət Qoca çoxsaylı sevilən mahnıların müəllifidir. Bəstəkarların tez-tez müraciət etdiyi şairin "Anacan, dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və başqa şeirlərinə yazılan mahnıları indi də dillər əzbəridir. Xalq şairi Fikrət Qocanın musiqi yazılan şeirlərində ruhumuzun daşıyıcısı olan nə qədər əlvan və hərarətli sözə, ifadəyə rast gəlmək mümkündür. Məhz bu, onun şeirlərinin əlvanlığından irəli gəlir. Şairin "Qağayı", "Hamıya borcluyam", "Stixi", "Dənizdə ay çiməndə", "Od gəlini", "Yatmadığım gecələrdə", "Günlərin bir günü", "Gül ömrü", "İnsan xasiyyəti", "Ömürdən səhifələr", "Mavi dünyanın adamları", "Taleyin ağır taleyi", "Seçilmiş əsərləri", "Eldən-elə - dildən-dilə", "Sükutun səsi" kitabları oxucuların ixtiyarına verilib.

İstiqlal ideyalarının tərənnümünü həmişə diqqət mərkəzində saxlayan şairin xalqımızın azadlıq mübarizəsindən bəhs edən əsərlərinin gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasında əhəmiyyətli rolu vardır. Onun yaradıcılığı doğma dilin zənginliyini, milli qüruru, klassik ənənələri özündə ehtiva edir. Xalq yazıçısı Anar yazır: "Dünya ölkələrindəki minlərlə oxucu da Fikrət Qocanı böyük istedad sahibi, gözəl şair kimi sevir. Fikrəti yaxından tanıyanlar, o sıradan da mən, onu yalnız bənzərsiz sənətkar, dillər əzbəri olmuş şeirlərin müəllifi kimi deyil, həm də nadir bir insan kimi qiymətləndiririk, özü bütöv, sözü bütöv, alicənab və gözütox şəxsiyyət kimi, etibarlı dost kimi sevirik".

Fikrət Qoca gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-ci ildə Azərbaycan Komsomolu mükafatına, 1998-ci ildə isə "Humay" mükafatına layiq görülüb. Dövlətimiz tərəfindən hər zaman şairin fəaliyyəti yüksək qiymətləndirilib. 1995-ci ildə Azərbaycan Respublikasının "Şöhrət", 2020-ci ildə isə "İstiqlal" ordeni ilə təltif olunub. O, "Əməkdar incəsənət xadimi" və "Xalq şairi" fəxri adlarını almış, Dövlət mükafatına və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu"na layiq görülmüşdür.

Ramidə Yaqubqızı,

"Respublika” qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()