26 dekabr, 2022
Paylaş:

Selma Lagerlöf

Ədəbiyyat sahəsində ilk Nobel mükafatı qazanan isveçrəli yazıçı Selma Lagerlöf... Əsl adı Selma Ottiliana Loviza Lagerlöf olan bu yazıçı yaşadığı müddətdə heç vaxt evlənməməklə möhkəm qadın obrazı yaradaraq insanların gözündən pərdə asmağa çalışsa da, ölümündən sonra açılan sirlər onun barəsində olan bütün fikirləri alt-üst etdi...

Selma İsveçin Vermland adlı gözəl şəhərciyində hərbçi və müəllim ailəsində dünyaya göz açıb. Uşaqlığını təbiətin qoynunda hər daşın, qayanın, gülün, çiçəyin əhatəsində öz nağıl dünyasını yaratmaqla keçirib. Balaca Selmanın tərbiyəsində anasının və nənəsinin böyük təsiri olub. Məhz bu iki doğma qadın İsveç xalq ədəbiyyatının sehrli qapılarını onun üzünə açmaqla, gələcəyin böyük yazıçısının mükəmməl zövqünü formalaşdırıblar.      

Cəmi 3 yaşında ikən iflic olan  Selma həyatının bir neçə ilini yataq şəraitində hərəkətsiz keçirir. Bu müddətdə nənəsi onun dünyaya açılan pəncərəsinə çevrilir. Sevimli nənəsi Selmaya müxtəlif nağıllar, əhvalatlar danışmaqla kifayətlənmir, Vermland meşələrində yaşayan cinlər haqda da əfsanələr uydururdu.

7 yaşına çatan Selma amansız xəstəlikdən yaxa qurtarmağa nail olur. Bununla yanaşı, həyatının ən böyük qərarını verir. Nənəsinin nağıllar aləminin sehrilə gözəl hekayələr yazmağa başlayır. Qısa müddətdən sonra  İsveçin ən nüfuzlu şəxslərindən birinə çevrilən yazıçı ömrünün sonunadək azad fikirləri, sərbəst düşüncələrilə qadın haqlarının müdafiəsi yolunda çalışır.

Uzun müddət insanlar Lagerlöfü tənha qadın obrazında tanıyıblar. Yaşadığı müddətdə kişilərlə münasibət qurmaqdan çəkinən yazıçı heç bir evlilik təklifini qəbul etməmiş, daim izdivacdan yayınmışdır. Ölümündən sonra  yazıçının arxiv fotoşəkilləri, məktubları tapılanda bəlli olur ki, ömrünün sonunadək qadın azadlığı uğrunda mübarizə aparan Selma - Sofi Elkan və Valborq Olander adlı yazıçı qadınlarla eşq macərası yaşayıbmış. Məlum olur ki, bu qadınlar arasındakı məhəbbət üçbucağı bir neçə onillik boyu davam edibmiş. Lakin Sofinin ölümündən sonra Selma Valborqla daha da yaxınlaşmış və son nəfəsinədək onunla birgə yaşamışdır. Yeri gəlmişkən qeyd edək ki, yazıçı 81 yaşına qədər yaşamış, insultdan dünyasını dəyişmişdir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()