Səməd Vurğun, Şuşa və şuşalılar (1-ci hissə)
Min doqquz yüz iyirmi altıncı ilin yayıdır. Azərbaycanın müxtəlif guşələrindən istirahətlərini səmərəli keçirmək üçün adamlar dəstə-dəstə Şuşaya axışır. Onların əksəriyyəti sənət adamlarıdır, neftçi, mühəndis, həkimdir, tələbə, müəllimdir. Ağdamdan Şuşaya qalxan faytonların birində iyirmi-iyirmi bir yaşlarında bir gənc də oturub. Uzun və pərişan saçlı bu oğlan keçib-getdiyi yerləri xüsusi bir maraqla seyr edir, yol boyu gördüyü gözəllikləri gözlərinə köçürür, yaddaşına yazırdı. Tez-tez faytonçuya sual verir, gördüyü yerlərin adını və mənzil başına nə vaxt çatacaqlarını soruşurdu. Faytonçu isə cavabında irəliləri göstərərək: - Darıxma, bala, az qalıb, bax, o axırıncı dolamanı aşandan sonra Şuşaya çatırıq - deyə bu səbirsiz sərnişini sakitləşdirməyə çalışırdı...
Səməd Şuşanı görməmişdi, ancaq bu ərlər, ərənlər oylağı haqqında kitablardan çox məlumatlar əldə etmiş, böyüklərdən, xüsusən də, Qazax Müəllimlər Seminariyasında vaxtilə ona dərs demiş Firidun bəy Köçərlidən çox şeylər eşidib-öyrənmişdi. Dolamaları qalxdıqca sərin meh Səmədi vurur, onu xoşhallandırır, xəyala daldırır, Firidun bəy Köçərli ilə tanış olduğu o unudulmaz günləri gözləri önündə canlandırırdı.
...Seminariyaya qəbul vaxtı idi. Səməd qardaşı Mehdixanla birlikdə qəbula gəlmişdi. Böyük qardaşı ilk yoxlamadan sonra seminariyaya götürüldü. Əynində yamaqlı paltar, başında quzu dərisindən papaq, ayaqlarında çəkələk, balacaboylu, zəif və cılız bədənli bu uşağı isə Firidun bəy imtahana buraxmaq istəmirdi. O, üzünü Səmədin yanınca gələn nənəsi Ayişə xanıma tutub:
- Ay bajı, bu uşağı lət basıb öldürür ki! Belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz. Həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz! - dedi.
- Firidun bəy, üzüm ayağının altına, mənə yazığın gəlsin, o mənim nəvəmdir. Anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb. Badisəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir - deyə Ayişə xanım yalvarıcı baxışla gözlərini Firidun bəyə zillədi.
Firidun bəy isə heç bir güzəştə getmək istəmirdi. Birdən "eh, ay Firidun bəy, hardan biləsən ki, bu ürəkdə nələr var?!" sözlərini eşitdi. O, cəld səs gələn tərəfə döndü. Təcrübəli pedaqoq bu səs sahibinin Səməd olduğunu bilib, bir anlığa fikrə daldı, sonra "bu uşağı bir yoxla görək!" - deyə üzünü yanında lal-dinməz dayanan müəllim İbrahim Əfəndi Qayıbova tutdu. İbrahim müəllim əlindəki Quranı açıb, Səmədə "Əmma" surəsini oxumağı buyurdu. Səməd həmin surəni oxumadı, kitabı vərəqlədi, başqa səhifədən bir-iki sətir oxuyandan sonra kitabı örtüb, gözünü yumaraq ayənin ardını gözəl avazla əzbərdən dedi. Hamının üzünə heyrət ifadələri qondu, səssizcə onu dinləməyə başladılar. Firidun bəy gözlərindən od parlayan bu uşağa yaxınlaşdı, əlini onun çiyninə qoyub, "bu ki od parçasıymış!" - deyə başını sığalladı, uşağı imtahana buraxmağı tapşırdı. Səməd imtahanlarını uğurla verib, seminariyaya daxil oldu... Firidun bəy iki il ona dərs dedi və bu müddət ərzində özünü də, doğulub, boya-başa çatdığı Şuşasını da sevimli şagirdinə sevdirdi, özü də lap çox sevdirdi...
Təxminən saat yarımlıq yoldan sonra fayton Şuşa qalasına çatıb, "Bazarbaşı meydanı"nda dayandı.
- Bu da Şuşa qalası, buyurub, düşə bilərsən, bajıoğlu! - deyə faytonçu üzünü gənc sərnişininə tutub, əlavə elədi: - Görürəm ki, bura adamı deyilsən, müsafirsən, ürəkdən deyirəm, gedək qonağımız ol.
Lakin Səməd qoca faytonçuya təşəkkür eləyib, burda işləyən qardaşının yanına gedəcəyini bildirdi və xudahafizləşib, "Bazar meydanı"na tərəf yollandı. Qarşısına çıxan nurani bir qocaya salam verərək "Cıdır düzü"nün yolunu və Vaqifin qəbrinin yerini soruşdu. Qoca bu uşağa nəzər salıb, onun sualına sualla cavab verdi:
- Bala, deyəsən, nabələd adama oxşayırsan. De görüm, hardan gəlib, hara gedirsən?
- Baba, qardaşım Mehdixanın yanına gəlmişəm. O, burda müəllimlər kursunun müdiri işləyir. - Və birdən qocadan soruşdu: - Vaqif adında şair eşitmisənmi, baba? Deyirlər, qəbri "Cıdır düzü"ndədir. Bax, o kişi həm mənim qohumum, həm də həmkəndlimdir. Deyirəm əvvəlcə bir ona baş çəkim, qardaşımın yanına sonra gedərəm.
Az qala, əsr yarımı haqlamış Qabil baba çox pərişan, uzunsaçlı, nimdaş geyimli, məcnunanə görkəmi olan bu gənci yenidən başdan-ayağa süzüb:
- Niyə eşitməmişəm, bala, hətta görmüşəm də. Şairi oğlu ilə birlikdə elə mənim gözlərim qabağındaca öldürmədilərmi? Gedək, oğul, gedək Vaqifin məzarını göstərim sənə! - deyə Qabil baba onunla birlikdə "Bazar meydanı"ndan keçib, "Cıdır düzü"nə tərəf getməyə başladı. Yolda o, vaxtilə Vaqifin yaşadığı, indi isə quru divarları qalmış evini göstərdi. Səməd uçuq evin yanında bir anlığa ayaq saxladı, əllərini onun divarına, sonra isə üzünə sürtdü, gözlərindən axan yaşı qocadan gizlədə bilmədi. Qabil baba onun bu qəribə hərəkətinə məəttəl qalmışdı. Nəhayət, onlar yollarına davam edib, "Cıdır düzü"nə qalxmağa başladılar. Başdaşı qabağa əyilmiş bir qəbrin önündə dayandılar. Qabil baba:
- Budur, bu da Vaqif! - deyə əli ilə qarşılarındakı məzarı göstərdi. Elə sözünün ardını demək istəyirdi ki, gənc oğlan ətrafında kimin olub-olmadığının fərqinə varmadan dəli kimi məzarı qucaqlayaraq başını daşa döyə-döyə hönkürməyə başladı. Dünyagörmüş Qabil baba onun hərəkətlərini səbirlə izləyirdi, fikirləşirdi ki, qoy ağlayıb, ürəyini boşaltsın. Ancaq bir neçə dəqiqə idi ki, gənc körpə uşaq kimi ağlamağında idi. Nəhayət, Qabil baba əyilib, ehmalca onun qolundan tutaraq məzardan ayırdı. Gənc oğlan pəjmürdə halda qoca ilə birlikdə şəhərə tərəf getməyə başladı.
Səmədin sinəsində Vaqifə olan sevgi vulkanı artıq püskürmüşdü. Beynində elə indicə yaranan şeiri muncuq kimi ipə-sapa düzürdü:
Olma, şairciyim, olma pərişan,
Pozulsa məzarın mazidən nişan.
Zəhmətkeş əlilə gələr bir zaman,
Pənbə güllər açar məzarın sənin.
Bu dağlardan əsən sərin küləklər
Yanıq məzarına jalələr səpər.
Bu gənc nakam məhəbbət içində alovlanan, sevgilisi Dürrənin eşqi ilə yanıb-yaxılan, ilk sevginin təsirindən hələ də xilas ola bilməyən, üstəlik də, Vaqifi çılğın bir istəklə sevən Səməd Vəkilov, gələcəyin böyük şairi Səməd Vurğun idi. Bu illər isə Məcnun xəyallı gənc şairin aşiqanə, macəralar illəri, "Dəli şair" dövrü, həyatdan və insanlardan küskün günləri idi.
Səməd Qabil babadan ayrılanda "baba, səninlə yenə işim olacaq, səninlə mütləq görüşəcəyəm" - deyə minnətdarlığını bildirib, ondan ayrıldı və Mehdixanın yaşadığı evi soraqlayıb tapdı... İki qardaş bütün gecəni söhbətləşdilər. Gecə yarıdan keçmişdi. Şuşanın məlhəm havası yuxusu ərşə çəkilən qonağa layla çaldı, onu yuxuya verdi. Səhər tezdən yerindən qalxan Səməd özünü başqa bir aləmdə hiss elədi. Sanki o, cənnətin ən gözəl bir bucağına düşmüşdü. Bu evdən göz işlədikcə uzanan dağları, meşələri, düzəngahları seyr eləməyə başladı, külli Qarabağın panoramı gözləri önündə açıldı. Qardaşından xahiş elədi ki, elə indi, bu dəqiqə onu götürüb, Şuşanın gəzməli, görməli yerlərinə aparsın. Səmədin inadkarlığına yaxşı bələd olan Mehdixan qardaşı ilə şəhərə çıxdı, tarixi hadisələrin şahidi, başı qovğalar görən meydanları, tikililəri, məscidləri, Vaqifin vaxtilə dərs dediyi mədrəsəni göstərdi. Sonra "Cıdır düzü"nə qalxdılar. Qaya başında oldular, İsa bulağında dincəldilər, yaylaqlara, dağlara çıxdılar, meşələrdə, bulaq başında oturdular. "Qarabağın damı"ndan üzüaşağı Əsgəran qalasınadək əl içi kimi görünən yerləri seyr etdilər...
Bir neçə gün şuşalıların qonağı olan Səməd Vaqifə həsr etdiyi ilk şeirini, məşhur "Şuşa" və "Zeynal" şeirlərini də burda qələmə aldı. "Şuşa" şeiri tezliklə dillər əzbərinə çevrildi:
Qoynuna girməyə qalmışdı bir az,
Könül fərəhlənib, eylədi pərvaz.
Ölməyib, görəydim vəslini hər yaz,
Vüsalın hər kəsə səadət, Şuşa!
Laləmi, düzlərmi söylə sirdaşın,
Dumanlı dağlarmı, yoxsa, yoldaşın.
Xəstələr şəfası torpağın, daşın,
Səndə vardır əcəb lətafət, Şuşa!
Eşiyindən uçub, içinə gəldim,
Ruhum əzab yedi, xeyli əzildim.
O yerlər söylədi böylə də gəldim,
Çəkdim də tarixi xəcalət, Şuşa!
Qanlı yaşlar tökür bağda bir yanın,
Baxdıqca ağlayır qəlbi insanın.
Uçuqlarda qalan o məsum qanın
Hər izi andırır cinayət, Şuşa!
Vəqtilə cahanə oxurkən meydan,
Dağıdıb etmisən Qələni viran.
Ah, aldatdı səni o zalım düşman,
Fəlakətdən umdun səadət, Şuşa!
Hörümçəklər yaşar boş divarında,
O uçuq yerlərin hər diyarında.
Tısbağalar gəzir laləzarında,
Aman, aman, bu, nə cinayət, Şuşa!
Xoş yaradıb səni nazlı təbiət,
Havandan can alar yaralı xilqət.
Sahibsən bir xəlqə sahibi-ülfət,
.............................. yarat, Şuşa!
Göründün zahirən xeyli səfalı,
Batinin andırdı bambaşqa halı.
Sürüklədən uzaqlara xiyalı,
Uzaqların sanki xəyanət, Şuşa!
Of, nə qədər geniş sənin meydanın,
Bir yanın gülməkdə, ağlar bir yanın.
Xarabalar içrə tökülən qanın,
Hər izi andırır cinayət, Şuşa!
Vaxtilə şöhrətin var imiş hər yan,
Gülümsərmiş üzün misli gülüstan.
Söylə, nədən qondu içində tufan?
Bu, aldanış, bu, necə qiyamət, Şuşa!
Mehdixan Vəkilov həmin günləri belə yada salırdı:
"... Səmədin Vaqifə həsr elədiyi ilk şeiri o günlərdə Şuşada olan Bülbül bir müsamirədə oxudu, dinləyicilər alqışladılar. Şeirin müəllifini ondan soruşdular. Bülbül isə "müəllifin adını deməyəcəyəm, maraqlanan tapar", - dedi. - "Onsuz da bilənlər çoxdur". Səməd Vurğun məclisdə idi, onu səhnəyə çıxardılar və bu balaca kasıb geyimli oğlanı gurultulu surətdə alqışladılar (Mehdixan Vəkilov. "Ömür dedikləri bir karvan yolu", Bakı, "Yazıçı" nəşriyyatı, 1986-cı il, səhifə 87).
Səməd Vurğunla Bülbülün tanışlığı belə başladı və bu dostluq ömürləri boyu davam elədi. Çox-çox sonralar dahi müğənni həmin unudulmaz günləri xatırlayaraq yazırdı:
"... Səmədlə otuz il idi ki, dost idik. İndiki kimi yadımdadır. 1926-cı ilin yay aylarında o, Şuşaya istirahətə gəlmişdi. İlk dəfə burda tanış olduq. O, məndən xahiş etdi ki, axşamkı konsertdə yeni yazdığı şeirlərindən birini oxuyum. Bu şeir məni tutdu və konsertdə dinləyicilərin böyük rəğbətini qazandı. O vaxtdan bizim dostluğumuzun xəmrəsi yoğruldu. Otuz illik coşqun bədii yaradıcılıq yolunda - şeirdə, musiqidə, teatr sənəti sahəsində biz, incəsənət işçiləri həmişə Səmədlə əl-ələ verib, birgə addımlamışıq. O, həmişə bədii yaradıcılığın ön sıralarında getmişdir" (Bülbül. "Qiymətli sənət inciləri", "Ədəbiyyat və incəsənət" qəzeti, 31 may 1956-cı il).
Səməd Vurğun Şuşaya, onun adamlarına elə vurulmuşdu ki, burdan heç yerə getmək fikri yox idi, elə "ölüb, burda qalmaq" istəyirdi. Amma... Amma getməliydi. Hansısa ilahi bir qüvvə - sevgilisi Dürrənin eşqi onu harasa çəkib aparırdı. Və bir neçə gündən sonra o, "dağlar, salamat qal, el salamat qal" - deyib, bir də görüşmək arzusuyla qəlbinin bir parçası olan Dürrə qədər sevib-əzizlədiyi Şuşadan ayrıldı. Ancaq gənc şairə elə gəlirdi ki, ürəyinin yarısını burda qoyub-gedir, onun bu şəhərdə nəyisə qalıb, burda nəsə itirib və nə vaxtsa o itkinin dalınca bura yenə də üz tutacaq...
Nəhayət, on illik ayrılıqdan sonra Səməd Vurğun yenidən "öz sevgilisi"nə qovuşdu, ikinci dəfə "Vaqif" pyesini yazarkən, 1936-cı ilin yayında Şuşaya gəldi. Qabil baba ilə (1780-1939) yenidən görüşdü, ondan Vaqif haqqında, Qarabağda o dövrdə baş vermiş hadisələr barədə çoxlu yeni şeylər öyrəndi, əsəri üçün qiymətli materiallar topladı. Bakıya qayıdandan sonra Qarabağ tarixinin bilicisi, görkəmli yazıçımız Yusif Vəzir Çəmənzəminli ilə dəfələrlə görüşdü. "...O vaxtlar Səməd Vurğun da bizim qonşuluğumuzdakı Lermontov küçəsində yaşayırdı. O, "Vaqif" pyesini yazarkən Qarabağ xanlığına aid tarixi materiallar toplamaq üçün 1935-1936-cı illərdə bizə tez-tez gəlib, atamdan müəyyən məsləhətlər alardı və hörmət əlaməti olaraq atama "Mirzə" deyə müraciət edərdi.
Mehdixan Vəkilov 1976-cı ildə "Azərbaycan" jurnalında çap etdirdiyi "Mənim qardaşım" adlı xatirələrində bu barədə yazmışdı: "... 1936-cı ildə Vaqif dövrünə, onun həyatına, bütünlüklə Qarabağ xanlığı tarixinə dair Səmədin Yusif Vəzirlə saatlarla söhbət etdiyi mənim yaxşı yadımdadır" (Orxan Vəzirov. "Atam Yusif Vəzir Çəmənzəminli haqqında", "Azərnəşr", Bakı, 1997-ci il, səhifə 46).
Şairin şuşalı dostları daha çox idi: Üzeyir bəy Hacıbəyov, Yusif Vəzir Çəmənzəminli, Mirkazım Mirsalmanzadə, Bülbül, Xan Şuşinski, Həsən Axundov, Əfrasiyab Bədəlbəyli, Allahyar Cavanşir, Məmmədəli Novruzov, Niyazi, İdris Məhərrəmov, Validə Tutayuq, Rəşid Behbudov, Xasay Rüstəmzadə, Fikrət Əmirov, Nazim Axundov və onlarca başqaları. Rəhmətlik Nazim Axundov söhbət zamanı bu sətirlərin müəllifinə demişdi ki, bir dəfə o, Səməd Vurğundan soruşub: "Səməd müəllim, sizi çox vaxt şuşalılarla bir yerdə görürəm, deyəsən, onlarla daha çox dostluq edirsiniz". Səməd Vurğun isə tam ciddiyyətlə deyib: "Bilirsən, Nazim, mənim dostlarım hər yerdə var, özü də çoxdur. Ancaq sizin və bizim bu şuşalılar mənim ürəyimə daha çox yatırlar, çünki onların qəlbləri də Şuşanın havası kimi pak, təmiz və safdır".
Səməd Vurğun klassik xanəndələrimizdən Cabbar Qaryağdıoğlu, Məşədi Cəmil Əmirov, Keçəçioğlu Məhəmməd, İslam Abdullayev, Malıbəyli Əsgər, Musa Şuşinski və başqaları ilə şəxsən tanış olmuş, yazılarında və çıxışlarında onların sənətinə yüksək qiymət vermişdir. O, dahi Üzeyir bəy Hacıbəyovun şəxsiyyətinə də böyük hörmət bəsləmiş, bəstəkar haqqında sanballı məqalələr və şeirlər ("Bəstəkar", "Eşq olsun sənətkara", "Böyük bəstəkar") yazmışdır. Şair 1948-ci ildə qələmə aldığı "İnsan qəlbinin tərənnümçüsü" adlı məqaləsində yazırdı: "... Üzeyir musiqisini dinlədiyimiz zaman biz bəzən qaşlarımızı çatıb, loğman kimi düşünürük, bəzən həyat və insan eşqinə odlardan, alovlardan keçən qəhrəmanlar oluruq, bəzən ürəyimiz ümman kimi təlatümə gəlir, bəzən də sakit və nurlu bir yaz səhəri kimi açılırıq, özümüzdə dağlarda külüng çalan Fərhadlar qüdrəti hiss edirik, xəyalımız göylərə uçduqca yaşadığımız ana torpağı, onun yaratdığı insan adlı böyük neməti daha çox sevirik, öz varlığımız və tariximiz ilə fəxr edirik" ("Bəstəkarın xatirəsi", Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1976-cı il, səhifə 11).
... Səməd Vurğun Xan Şuşinskinin səsini ilk dəfə ötən əsrin iyirminci illərində Gəncədə eşitmişdi. Və o vaxtdan da xanəndənin sənəti, ecazkar səsi onu məftun eləmişdi. Çox çəkmədən hər iki sənətkar şəxsən tanış olmuş və bu tanışlıq sonralar möhkəm və səmimi bir dostluğa çevrilmişdi. Şairin elə bir məclisi olmazdı ki, Xan orda iştirak etməsin. Xanəndənin səsinin "dəlisi" olan Səməd Vurğun özünün məşhur "Azərbaycan" şeirində onu xüsusi bir məhəbbətlə belə tərənnüm edir:
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Vasif Quliyev,
“525-ci qəzet”