Səməd Vurğun, Şuşa və şuşalılar (2-ci hissə)
Şairin oğlu Vaqif Səmədoğlu xatirələrində Xan Şuşinski ilə atasının dostluğundan söhbət açır: "... Xan əmi mənim yadımda həyatım boyu gördüyüm ən saf, ən təmiz və zahirən ən gözəl insan kimi qalıb. Sənətkarlığını bir yana qoysaq, həm də doğrudan da, görkəmli bir insandı. Xan əmi hərdən bizə atamla dərdləşməyə, söhbətə gələrdi. Məclislərimizdə iştirak edərdi. O, hər il dekabrın 25-də dəvət gözləmədən bir qohum, bir əmi, Səməd Vurğunun dostu kimi bizə, rəhmətlik Yusifin ad gününə gələrdi. Günümüz çox şən keçərdi. Xan əmi, atam, Mehdixan əmim bir-birilə zarafatlaşardılar. Axı zahirən onların oxşarlıqları da vardı.
Aralarında Qarabağ-Qazax dialektlərilə gülməli söhbətləri olardı. Mənimlə Aybənizin doğum günü yay ayına düşdüyünə görə orda-burda keçirərdik. Yusifin ad günü isə qışa düşdüyündən şəhərdə evimizdə keçirilərdi. Xan əmi Yusifin ad gününə xanəndə kimi yox, dost kimi gələrdi.
Səməd Vurğunun ağır vaxtları da olub. Atam 1952-ci ildə çox ağır vəziyyətdə idi. O vaxt bizim ailə sürgün olunmalı, Səməd Vurğun isə tutulmalıydı. Hətta order də imzalanmışdı. Bizim sürgün yerimiz də artıq məlum idi. Qazaxıstanın hansısa vilayətinə. Bax, o dövrdə çoxları bizdən üz döndərmişdi. Belə bir vaxtda Xan əmi həftədə, on gündən bir gəlib, atama baş çəkirdi. Oturub, söhbət edirdi, fikrini dağıtmaq üçün zarafatlaşırdı. Onda mənim on üç yaşım vardı. Sonradan dərk elədim ki, bu kişidə xanəndəlikdən başqa, böyük ağsaqqallıq, müdriklik də var. Səməd Vurğunla Xan əmi həyatda bir-birlərini çox istəyiblər. İndi də Xan əminin duzlu, məzəli söhbətlərini unutmamışam" (Mustafa Çəmənli. "Muğam dünyasının xanı", Bakı, "Gənclik" nəşriyyatı, səhifə 83-84).
1955-ci il iyulun 18-də bu iki ayrılmaz dostun son görüşləri də elə Şuşada - İsa bulağında oldu. Həmin görüşdə iştirak edən görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi Firudin Şuşinski Xan Şuşinski haqqında yazdığı məqalədə bu görüşü belə təsvir edir: "... Səməd məni Xanın dalınca Ağdama göndərdi. Mən onun 09-61 nömrəli "Pobeda" markalı maşını ilə Ağdama getdim. Mənə dedilər ki, Xan Əhmədavar kəndindədir. Kəndə gələndə gördüm ki, o, tut ağacının altında oturub, tut yeyir, qardaşı Allahyar isə çay içir. Xan məni görcək təəccüblə:
- Boy, ə, Firi bala (Xan çox vaxt məni nəvazişlə belə çağırardı), sən hara, bura hara?!
- Yol azmışam, - dedim.
- Ay canım, sən bijin birisən, yol azmazsan. - Sonra yarıciddi halda səsləndi:
- Xeyir ola?!
- Dostun gəlib, səni İsa bulağında gözləyir.
Çox maraqlıdır, Xan soruşmadı ki, hansı dostum. Dərhal bildi ki, söhbət Səməd Vurğundan gedir. Sonra başını bulayıb, çiyinlərini çəkdi və gülümsəyərək dedi:
- Ay canım, Səməd ovcunun içini iyləmişdi? Nə bildi ki, mən burdayam?
- Xan, maşın gözləyir. Vaxt da keçir. Tərpənmək lazımdır, - deyib, onun qolundan tutdum, kənddən çıxdıq...
"İsa bulağı"nda bu iki dost elə səmimi, elə mehriban qucaqlaşdılar ki, elə bil uzun illər bir-birlərinin həsrətində olan doğma qardaşlar görüşürdülər.
Məclis qızışdı. Xan Səmədin ən çox sevdiyi "Mirzə Hüseyn segahı"nı oxudu. Özü də onun "Dünya" rədifli şeirini muğam üçün mətn seçmişdi... Şeir misra-misra səsləndikcə meşənin hər yanından "ay can, ay can, min yaşa, sənə nənəm qurban, şairə eşq olsun!" sədaları ucalırdı. O günü "İsa bulağı"nın başqa hüsnü vardı. Sərin meşə, soyuq bulaq. Xanın gözəl səsi, Səməd Vurğunun şair nəfəsi "İsa bulağı"na başqa gözəllik verirdi. Məclisin axırında Xan Səməddən xahiş etdi ki, bir-iki ağız desin. Yaxşı yadımdadır, şair tarzənə dedi:
- Ayə, Allahyar, o tarı "Yetim segah" üstündə köklə, bəri ver!
Səməd tarı döşünə basıb, sarı simdə gəzişdi. Bir qədər keçməmiş meşəni yanıqlı və həzin bir səs bürüdü. Bulaq ətrafındakı səkilərdə dincələn yüzlərlə adam bizi dövrəyə aldı.
Hamı heyrətlə Səməd Vurğunu dinləyirdi. O, son dərəcə aydın diksiya ilə Aşıq Ələsgərdən oxuyurdu. Səməd "Segah"ı pəsdən oxuyub qurtaranda meşəni alqış bürüdü. Xanın:
- Əmioğlu, axı sən Vaqifi çox sevirsən, bəs niyə Vaqifdən yox, Ələsgərdən oxudun? - sualını eşidən Səməd dərindən "ah" çəkib dedi:
- Ay xan, Vaqif də bizimdir, Ələsgər də. Hər ikisi böyük sənətkardır. Amma nədənsə xəyalımı gəzdirən Qarabağ dağlarını seyr etdikcə istər-istəməz aşıq Ələsgərin "Dağlar" şeiri yadıma düşdü. Xüsusilə, böyük ustadın sözləri ürəyimi titrədir...
Səməd Aşıq Ələsgərin "Dağlar" qoşmasını əzbərdən deyəndə Allahyar tarı ondan alıb, "Kəsmə şikəstə" çalmağa başladı. Xan isə həmin sözləri şikəstə üstündə oxudu.
O günü Səməd Vurğunun "İsa bulağı"nda qurduğu məclis gecədən xeyli keçənədək davam etdi. Artıq dan yeri sökülürdü. Meşənin bülbülləri yuxudan oyanmışdılar. Bunu görən Səməd üzünü Xana çevirdi:
- Ay Xan, ayə, eşidirsənmi? Səhər bülbülləri yuxudan oyanıblar.
Xan mehribancasına gülümsəyərək başını buladı:
- Əmioğlu, indi nə demək istəyirsən, nə qayıraq?
Səməd Vurğun yarıciddi, yarızarafatla:
- Necə yəni, nə qayıraq?! Niyə görmürsən bu səhər bülbülləri səni yarışa çağırır? Sonra daha ciddi halda: - Onları susdurmaq lazımdır.
- Nə ilə? - Xan gülümsər halda dilləndi.
Səməd hökmranə tərzdə:
- "Qarabağ şikəstəsi" ilə! - Sonra vüqarla əlavə elədi: - Qoy bu sərin meşələr, əzəmətli dağlar, bizə həsrət-həsrət baxan o nurlu dan ulduzu belə, Qarabağ bülbüllərinin deyişməsini eşitsinlər.
Səmədin bu sözləri hamının ürəyindən oldu. Məclisdəkilər bir ağızdan "Qarabağ şikəstəsi" deyib, Xanı alqışladılar. Şübhəsiz ki, Xanın başqa əlacı yox idi. O, Səmədin və məclisdəkilərin xahişini nəzərə alıb, Allahyara dedi:
- Qardaş, başla görək.
Bir qədər keçməmiş Xanın cazibədar səsi və cingiltili zəngulələri meşəni yenidən rövnəqə gətirdi. Nədənsə bu dəfə Xan şikəstə üstündə çox dərdli-kədərli sözlər oxuyurdu. Elə bil hiss edirdi ki, bir də Səmədlə görüşməyəcək. Və təsadüfi deyil ki, şikəstəni bu sözlərlə qurtardı:
İsa bulağının meşəsi,
Sındı qəlbimin şişəsi,
Dostundan ayrı düşənin
Ağlamaq olar peşəsi.
Xan qavalı yerə qoyar-qoymaz yenə də meşəni alqış sədaları bürüdü: Səməd də son dərəcə məyus idi. Dostunu kədərli görən Xan dilləndi:
- Əmioğlu, yenə nə olub? Niyə pərişansan?
Səməd Xana yaxınlaşıb, onu bərk qucaqladı. Sonra ətrafdakılara nəzər salıb, bir daha Xanı bağrına basaraq vaxtilə sevdiyi bir qıza yazdığı qəzəlin misralarını gözləri yaşarmış halda əzbərdən dedi.
Çox qəribə, həm də maraqlı idi ki, niyə həmin dəqiqələrdə onun yadına məhz intim qəzəlin kədərli sözləri düşdü.
Dünyada nələr olmur? Doğrudan da, o gün heç kəsin ağlına gəlməzdi ki, bugünkü məclis Xan Şuşinski ilə Səməd Vurğunun son məclisidir. Bir də bu iki nəğməkar görüşməyəcək. Bu hadisədən doqquz ay sonra Səməd Vurğun dünyadan vaxtsız köçdü" (Firudin Şuşinski. "Azərbaycan xalq musiqiçiləri", Bakı, "Yazıçı" nəşriyyatı, 1985-ci il, səhifə 450-453).
Böyük şair haqqında bir sıra məqalələrin, elmi biblioqrafiyanın, onun altı cildlik akademik nəşrinə yazılmış izahatın müəllifi olan filologiya elmləri doktoru, professor Nazim Axundov da Səməd Vurğunla yaxından tanış olmuş, dəfələrlə birlikdə bir sıra ədəbi yığıncaqlarda iştirak etmiş, həmsöhbət olmuşdu. O, Səməd Vurğuna olan sonsuz məhəbbət və hörmət əlaməti olaraq 1948-ci ildə onun çap edilmiş əsərlərinin və haqqında yazılan materialların müfəssəl bir siyahısını tərtib etmiş və bu məqsədlə də şairin görüşünə getmişdi. Professor onunla ilk görüşünü belə xatırlayırdı: "... Mən Yazıçılar İttifaqına getdim. Səməd Vurğunun yanında xeyli adam olduğundan oturub gözləyirdim. Mənim çox gözlədiyimi görən katibə içəri girib, bir aspirantın onu görmək istədiyini bildirən kimi Səməd Vurğun gözləmə otağına çıxdı. Əl verib, görüşdük. Divanda yanaşı oturub, nə üçün gəldiyimi soruşdu. Mən biblioqrafiyanı ona göstərəndə sevindi, əlini bığlarına çəkdi və bir növ təəccüblə soruşdu:
- Yəni bunların hamısını mən yazmışam?
- Bəli, Səməd müəllim, ola bilsin ki, hələ mənim nəzərimdən qaçan əsərlər də var, - dedim.
- Axı mən çap edilən əsərlərimin hamısını toplamamışam, sənə bu işdə necə kömək edə bilərəm?
- Səməd müəllim, mən başqa məqsədlə sizin yanınıza gəlmişəm, gərək məni bağışlayasınız. Sizin anadan olduğunuz günü heç bir kitabdan tapa bilmədim. Çox yerdə yazırlar ki, baharın ilk günlərində anadan olmusunuz.
- Oğul, doğrusu, mən özüm də hansı gündə doğulduğumla maraqlanmamışam, əlimdə bir şəhadətnamə də yoxdur.
- Səməd müəllim, tez-gec bu günü dəqiq müəyyən etmək lazım gələcək. Bu biblioqrafiyada isə həmin günü göstərmək çox vacibdir.
O, əlini alnına çəkdi, qartal baxışlarını ətrafa süzərək soruşdu:
- Bu gün martın neçəsidir?
Mən cavab verdim ki, bu gün 1948-ci il martın iyirmisidir. Səməd Vurğun dedi ki, həmişə baharın ilk günlərində doğulduğumu mənə deyərdilər.
- Elə isə icazə verin dəqiq olsun, baharın ilk günlərini yox, baharın ilk gününü - 1906-cı il martın 21-i yazaq.
- Yaz, oğlum, hamı bilir ki, mənim bahar bayramından çox xoşum gəlir...
Bir il sonra, 1949-cu ildə Mircəlalın redaktorluğu ilə mənim "Səməd Vurğun (biblioqrafiya) kitabım çapdan çıxdı. Kitabın 5-ci səhifəsində ilk dəfə olaraq "21 mart 1906-cı il. Səməd Yusif oğlu Vəkilov (Vurğun) Qazax rayonunun Salahlı kəndində doğulmuşdur" sözləri yazılmışdı. Bundan sonra bütün mənbələrdə həmin tarixi işlətmək bir adət şəklini aldı".
Böyük şair özünün məşhur "Komsomol poeması" üzərində müəyyən fasilələrlə iyirmi beş ilə qədər, yəni 1931-ci ildən 1956-cı ilə qədər işləmişdi. O, poemanın ayrı-ayrı hissələrini dövri mətbuatda çap etdirmişdi. Səməd Vurğun nədənsə bu mövzuya qayıdıb, poemanı tamamlamaq istəmirdi. 1949-cu ilin əvvəllərində o, Nazim Axundovu Yazıçılar İttifaqına dəvət elədi və ona bildirdi ki, əsərin hissələrini, əlyazmalarını bir yerə toplamaqda çətinlik çəkir və mənim tərtib etdiyim biblioqrafiyada əsasən poemanın bütün hissələrini bir yerə toplayıb, surətini ona verməyimi xahiş elədi. Gənc alim bir ay müddətində dövri mətbuatdan əsərin çap olunmuş hissələrini toplayıb, şairə təqdim elədi və poemanın bir neçə fəslinin - "Qış gecəsi", "Atışma", "O bizdən ayrılarkən", "Sahildə", "İməcilik", "Gözəllik və məhəbbət", "Acı xəbər", "İntizar", "Humayın ölümü" və sair başlıqların adlarını da belə qoymağı Səməd Vurğuna təklif elədi və böyük şair də əsərlərindəki bəzi fəsillərin başlığını gənc alim dostunun təklifi ilə qoydu.
Nazim Axundov 1949-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetində "Muğan" poemasının disputunu keçirmiş, şairi də ora dəvət eləmiş, 1952-ci ildə Quba Müəllimlər İnstitutunda işlədiyi dövrdə isə "Aygün" poemasını yerli teatrın səhnəsində tamaşaya qoymuşdu. Və onu da qeyd etməliyik ki, 1953-cü ildə gənc alim Səməd Vurğunun zəmanəti ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdu.
Səməd Vurğunu dəfələrlə görmüş, həmsöhbət olmuş fəlsəfə elmləri doktoru, professor Cahid Quliyev də şairin Şuşaya son gəlişini və onunla şəxsən tanış olmasını belə xatırlayır: "... 1955-ci ilin iyul ayı idi. Şuşa istirahət evində dincələn bir qrup ziyalı ilə "İsa bulağı"na gəzməyə getmişdik. Həmin gün Səməd Vurğun da ailəsi ilə orda idi. Mən onunla tanış oldum. Söhbət zamanı şair məndən soruşdu:
- Yoldaş filosof, "İsa bulağı"ndakı bu təmtərağa necə baxırsan? Hər yerdə məclis, sevinc, musiqi... - deyə böyük şair ətrafa bir də nəzər saldı: - Bax, əsl fəlsəfə, əsl poeziya budur, - deyə sözünə davam etdi. - Bu misli-bərabəri olmayan təbiətə, deyib-gülən, çalıb-oynayan xoşbəxt insanlara baxanda şair olmayan da ilhama gələr. Təkcə bu mənzərəni ürəklə, ilhamla qələmə almaq gərəkdir. Ona görə də mən həmişə bu fikirdə olmuşam ki, həyatın fəlsəfəsini kitablardan daha çox həyatın özündən öyrənmək lazımdır...
Sonra böyük şair Şuşaya gəlişinin məqsədini bildirdi:
- Xüsusi bir məqsədim yoxdur. Doğma Azərbaycanı gəzməkdən zövq alıram. Şuşaya - musiqimizin beşiyi olan bu gözəl şəhərə isə xüsusi məhəbbətim var. Mən bu şəhərə müxtəlif tellərlə bağlıyam. Müəllimim Vaqif bu tarixi şəhərdə uyuyur, xalqımızın şöhrət tacı olan dahi Üzeyir bəy bu şəhərdə doğulub. Mən nədənsə Vaqif poeziyası ilə Üzeyir bəy musiqisi arasında bir doğmalıq, yaxınlıq duyuram. Hər iki nəhəngin sənətində ürəyəyatan, insanı həyəcanlandıran gözəl lirika, həyat eşqi çox güclüdür. Onların sənətində qüdrətli lirika çıraq ətrafında cövlan edən, işığa məhəbbət naminə yanmaqdan qorxmayan pərvanəyə bənzəyir. O lirikaya xas olan yaşamaq eşqi, məhəbbət bəşəridir. Vaqifin "Durnalar"ı ilə Üzeyir bəyin "Sənsiz"i arasında nə qədər doğmalıq var?! Həm qoşma, həm də romansda həyat hadisələri ilə bağlı olan nisgil, kədər hissi insanı düşünməyə vadar edir.
Şair ani olaraq fikrə getdi. Bəlkə də, o, hələ iyirminci illərin ikinci yarısında dağlar gözəli Şuşaya ilk dəfə gəldiyi, Vaqifin məzarını qucaqlayıb ağladığı və bir şerdə yazdığı gənclik illərini xatırladı:
- Qazaxda oldum, Qarayazı meşəsini, Kürü seyr elədim. Uşaqlıq və gəncliyimin unudulmaz xatirələri ilə bir də görüşdüm, - deyə şair öz fikrini davam etdirdi. - Ordan Gəncəyə gəlib, böyük Nizaminin məqbərəsini ziyarət elədim. Dedim Vaqif inciyər. Odur ki, Şuşaya qalxdım, burdan da Kəlbəcərə getmək fikrindəyəm. Başı qarlı dağlarımız üçün darıxmışam. Bir də ustad Şəmşirlə görüşmək arzusundayam." (Vasif Quliyev. "Ötən günlərimi qaytaraydılar...", Bakı, "Şuşa" nəşriyyatı, səhifə 396-397).
Səməd Vurğunla şəxsi tanışlıqdan sonra Cahid Quliyevin onun yaradıcılığına marağı və həvəsi daha da artdı. Bu görüş gənc filosofun həyatında mühüm rol oynadı. O, şairin poeziyasını dərindən oxuyub mənimsədi, yaradıcılığının böyük bir hissəsini ona həsr elədi. "Səməd Vurğun yaradıcılığında vətənpərvərlik və beynəlmiləlçilik" (1959), "Səməd Vurğun yaradıcılığında estetik məsələlər" (1966), "Səməd Vurğun" (1986), "Odur ki, bağlıyam sana..." (1986, rus dilində) əsərləri gənc filosofun böyük şair haqqında fəlsəfi düşüncələri, fəlsəfi fikirləri idi.
... Qasım bəy Zakir, Natəvan, Nəcəf bəy Vəzirov və digər şuşalılar haqqındakı məqalələri, Nəcəf bəy Vəzirovun 100 illiyi ilə əlaqədar akademiyada ədəbi gecə təşkil etməsi də məhz Səməd Vurğunun Şuşaya və şuşalılara olan sevgisindən və məhəbbətindən irəli gəlirdi.
Vasif Quliyev,
“525-ci qəzet”