02 iyun, 2025
Paylaş:

Səməndər Rzayev

Həyatda uğur qazanmaq üçün çox yaşamaq şərt deyil. Qısa zaman kəsiyində də insan istədiyi zirvəni fəth edə bilər. Sənət fədaisi olaraq dünyaya gələn görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayev kimi... O, əfsanələrdəki fədakarlıq rəmzi olan Səməndər quşu kimi özünü oda atdı... Sənəti üçün özünü fəda etdi... Qısa ömrü ilə həyatda, sənət tariximizdə böyük iz, kolorit qoyub getdi... Fəxri ada görə ruhdan düşdü, səhnədə qəfil halı pisləşdi, içki həyatının sonunu gətirdi...

Çoxuşaqlı ailənin sonbeşiyi olan aktyor Ağsuda dünyaya gəlib. Uşaqlıq illəri müharibədən sonrakı dövrlərə təsadüf etdiyindən çox çətinliklə böyüyüb. Anası onu adının qısaldılmış formasında Səməni - deyə çağırarmış. Bir gün dostları ilə oynadığı zaman körpüdən sürüşüb üzüaşağı yuvarlanan Səməndər dizindən ağır zədə alır. Diz qapağı sındığından düz dörd il xəstəxanada, sonra isə ev şəraitində müalicə olunur. Həmin dörd il onun gələcək həyatının bünövrəsini qoyur. Hər gün radio tamaşaları, verilişləri dinləməkdən başqa əlacı olmayan Səməndər radioda dinlədiyi "Arxip baba və Lyonka" tamaşasındakı Arxip baba rolunda Ələsgər Ələkbərovun səsini eşidib aktyor olmağa qərar verir.

Xəstə yatan zaman həkimlər Səməndərə deyirlər ki, ona kökəlmək lazımdır. Əgər kökəlməsə, ayaq sümüyü çürüyə bilər. Ondan sonra aktyor xeyli kökəlir. Amma köklük də ona ağırlıq gətirdiyindən zədəli ayağı həmişə ağrılı olur.

Gürcüstanın ovaxtkı dövlət başçısı Eduard Şevardnadze Səməndər Rzayevin sənətini çox bəyənirmiş. Aktyor bir dəfə Tiflisdə qastrolda olarkən Şevardnadze əlini onun kürəyinə vuraraq "sən böyük aktyorsan" demişdi.

Qızı Rübabə Səməndərin dediyinə görə, atasının çox gözəl şarjları, həcvləri vardı. Aktyor harda olsa, dəftərin, kağızın bir küncünə nəsə çəkirmiş. Mərhum Mikayıl Mirzə Səməndər Rzayevin bu rəsmlərini ondan alır ki, haqqında yazacağı kitaba daxil etsin. Lakin iş elə gətirir ki, Mikayıl Mirzənin evində yanğın baş verir, şarjlar da həmin yanğın zamanı tələf olur. Ömrünün son dövrlərində ruhdan düşən aktyor nə səhnədə, nə də kinoda potensialına uyğun rollar ifa edə bilmir. Dolubədənli olduğu üçün çox vaxt ona yaşından böyük və bir-birinə oxşar obrazlar verirdilər. Vaqif Mustafayev aktyoru "Yaramaz" filmindəki Hətəm roluna çəkməyi planlaşdırsa da, onun qəfil ölümü bunun həyata keçməsinə mane olur.

Yeriyəndə yer silkələnən, danışanda gözləri ilə lərzəyə salan Səməndərin səhhətində bir müddət sonra problemlər yaranmağa başlayır. Aktyor o qədər arıqlayır ki, onu görənlər təəccüblənirlər. Deyilənə görə, içkidən çox istifadə etməsi onu qara ciyər xəstəsinə çevirir. Həkimlər ona serroz diaqnozu qoyurlar. Xəstə olsa da, teatrdakı rollarından qalmayan aktyor günlərin birində "Sizi deyib gəlmişəm" tamaşasında Xudayar bəyi oynayır. Tamaşa vaxtı aktyor qəflətən özünü pis hiss edir. Tərəf müqabili Səidə Quliyeva danışır ki, tamaşanın bir hissəsində səhnədə mən Səməndəri şillə ilə vururdum: "Həmin yer gələndə Səməndər yavaşca pıçıldadı ki, Səidə, ölürəm, yola ver, vursan, yıxılacam, halım pisdir. Tamaşadan sonra səhnə arxasından onu xəstəxanaya götürdülər, siması ağappaq, özü də büzüşmüşdü".

Yanvarın 2-də 41 yaşını qeyd edən aktyorun qəflətən halı pisləşir və xəstəxanaya yerləşdirilir. Bir müddət komada qalan sənətçi dünyasını dəyişir. Xəstəliyinin son günlərində rejissor Ramiz Həsənoğlu xəstəxanaya Səməndərin yanına gedir. Onlar xeyli söhbət edirlər. Söhbətin sonunda Səməndər rus dilində belə deyir "Mne tak xoçetsa jit"... (Elə yaşamaq istəyirəm ki...).

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()