Sergey Raxmaninov
Rus klassik musiqisinin görkəmli nümayəndələrindən söz düşəndə ilk xatırlananlardan biri də bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninovdur. Romansları ilə məşhurlaşan, həkiminin şərəfinə konsert verən bu bəstəkar bənzərsiz əsərləri ilə dünyanın musiqi salnaməsinə solmaz səhifələr yazıb.
Rusiyanın Novqorod quberniyasında musiqiçi ailəsində dünyaya göz açan Sergey Vasilyeviç Raxmaninovun babası Arkadi Aleksandroviç həvəskar pianoçu və bəstəkar olub. Onun atası və anası da musiqi ilə maraqlanıb. Ona görə də Sergey erkən çağlardan musiqiyə maraq göstərib.
Fortepiano dərsləri üzrə ilk müəllimi isə babası olub. O, xatirələrində yazır ki, ilk əvvəllər musiqidən heç xoşu gəlməzmiş... Ancaq babası onda musiqiyə dərin maraq yarada bilir. Bir müddət sonra fortepianonu babası ilə birgə ifa edirlər. 8 yaşında valideynləri ilə birgə Sankt-Peterburq şəhərinə köçən balaca bəstəkar orada Konservatoriyanın aşağı yaş fortepiano sinfinə qəbul edilir. Qeyri-adi yaddaş və musiqi duyumu olan Sergey 18 yaşında fortepiano sinfi üzrə məşğələləri uğurla başa vurur.
Deyilənlərə görə, gənc bəstəkarın 1-ci simfoniyası tənqidlərə məruz qalıbmış. Bu durumdan bərk sarsılan Sergey Raxmaninov məşhur həkim və psixoloq N.V.Dala müraciət edir. Bir neçə seanslardan və həkimin verdiyi məsləhətlərdən sonra özünə gəlir. Bəstəkar minnətdarlıq olaraq 2-ci fortepiano konsertini həmin həkimə həsr edir.
1917-ci ildə Rusiyada Oktyabr inqilabı baş verir. Ardınca hərbi çevriliş olur. Bolşeviklər hakimiyyəti ələ alırlar. Bir çox yaradıcı insanlar kimi, Sergey Raxmaninov da siyasətdən və inqilabi işlərdən uzaq durur. Bütün bunlara baxmayaraq, o, vətəni üçün narahatlıq keçirir. Bolşeviklərin həyata baxışları ilə barışa bilmədiyinə görə də Rusiyanı birdəfəlik tərk etməli olur. O, əvvəlcə Danimarkaya gedir. Bir il burada yaşayır və çoxsaylı konsertləri ilə ictimaiyyət qarşısında çıxış edir. Daha sonra isə Amerikaya köçüb Rod-Aylend ştatında məskunlaşır. Providens şəhərciyində ilk konsertini verir. Tamaşaçıların sevgisini qazanan bəstəkar 25 il bu şəhərdə yaşayıb-yaradır. Amerikada çıxış edən xarici ifaçılar arasında heç kimə nəsib olmayan uğur qazanır.
Musiqisevərlər, xüsusilə də sənətşünaslar S.Raxmaninovu "gecikmiş romantik" adlandırıblar. Araşdırmalarda qeyd edilir ki, o, bir müddət müasir musiqinin yeniləşmə meyillərindən uzaq düşür. Əsərlərində daha çox romantik dövrdən miras qalan ifadə vasitələrinə müraciət edir. Yaratdığı nikbin və faciəvi obrazlar insan qəlbinin ən kövrək hisslərinə toxunur.
S.Raxmaninov İkinci Dünya müharibəsi illərində faşizmlə mübarizə aparan vətəninə yardım göstərmək məqsədilə ABŞ-da silsilə konsertlər verir. Yığılan pulları isə sovet ordusunun fonduna köçürür. 70 yaşında Nyu-Yorkda vəfat edən bəstəkar elə orada rus qəbiristanlığında dəfn olunur.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.