“Sevgi, hörmət və anlaşma: ailə formulu” mövzusunda tədbir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ailə münasibətlərinin möhkəmlənməsinə o cümlədən ailələrin, xüsusilə uşaqların asudə vaxtının təşkilinə dair fəaliyyətin genişləndirilməsi məqsədilə “Sevgi, hörmət və anlaşma: ailə formulu” mövzusunda tədbir təşkil edilib. Tədbirdə “Duyma” Uşaq İnkişaf Mərkəzinin psixoloqu Aygün Hüseynova, hüquqşünas - mediator Zaur Quliyev, klinik psixoloq Heyran İbrahimli, “Restart” Reabilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə, loqoped Günel Nağıyeva və tələbə-gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov ailənin cəmiyyətin təməl sütunu olduğunu vurğulayaraq sağlam və xoşbəxt cəmiyyətin formalaşmasının məhz sağlam ailələrdən başladığını bildirdi. Azərbaycan ailəsinin əsrlər boyu milli-mənəvi dəyərlər üzərində qurulduğunu, bu dəyərlərin təməlində isə sevgi, qarşılıqlı hörmət, sədaqət və anlaşma hisslərinin dayandığını vurğulayaraq, müasir dövrdə texnologiyanın və sosial dəyişikliklərin təsiri ilə ailə münasibətlərində müəyyən çətinliklərin yarandığını bildirdi. Bu cür maarifləndirici tədbirlərin keçirilməsinin gənclərin ailə institutuna daha məsuliyyətli yanaşmasına və milli-mənəvi dəyərlərin təbliğinə mühüm töhfə verdiyini söylədi.
Psixoloq Aygün Hüseynova ailə münasibətlərinin psixoloji əsasları, ailədaxili emosional mühitin formalaşdırılması, düzgün ünsiyyət vərdişlərinin inkişaf etdirilməsi və münaqişələrin konstruktiv şəkildə həll olunması mexanizmləri haqqında geniş məlumat verərək bildirdi ki, ailə münasibətlərinin möhkəmliyi və davamlılığı bir sıra mühüm psixoloji amillərin düzgün şəkildə qurulmasından asılıdır və bu amillər sırasında qarşılıqlı etimadın formalaşdırılması, açıq və səmimi ünsiyyət mühitinin yaradılması, emosional dəstəyin təmin olunması, hər bir ailə üzvünün fərdi sərhədlərinə hörmətlə yanaşılması və empati qabiliyyətinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Klinik psixoloq Heyran İbrahimli öz çıxışında müasir dövrdə baş verən sosial və texnoloji dəyişikliklərin ailədaxili münasibətlərə təsirindən bəhs edərək vurğuladı ki, qloballaşma prosesi, informasiya texnologiyalarının sürətli inkişafı və insanların gündəlik həyat tərzinin dəyişməsi bir çox hallarda ailə üzvləri arasında canlı ünsiyyətin azalmasına səbəb olur, lakin buna baxmayaraq, sağlam ailə münasibətlərinin qorunması üçün ən vacib amil yenə də səmimi və açıq ünsiyyətin qurulması, bir-birini dinləmək və anlamaq bacarığının inkişaf etdirilməsi, qarşılıqlı güzəştə getmək və emosional dəstəyin təmin olunmasıdır.
Hüquqşünas - mediator Zaur Quliyev ailə münasibətlərinin hüquqi aspektlərinə geniş şəkildə toxunaraq ailənin yalnız mənəvi və sosial deyil, eyni zamanda hüquqi institut kimi də fəaliyyət göstərdiyini qeyd edərək, nikahın bağlanması, valideyn və övlad münasibətlərinin tənzimlənməsi, uşaqların hüquqlarının qorunması, ailədaxili öhdəliklərin müəyyən edilməsi kimi məsələlərin qanunvericilik çərçivəsində dəqiq şəkildə müəyyənləşdirildiyini diqqətə çatdırdı.
“Restart” Reabilitasiya Mərkəzinin əməkdaşı Tağı Abbaszadə uşaqların ailədə daim diqqət mərkəzində olması əhəmiyyətindən danışaraq, valideyn, məktəb və ictimaiyyət tərəfindən göstərilən qayğı sayəsində bir sıra zərərli vərdişlərdən, səhv addımlardan qorunmağın mümkün olduğunu bildirdi. Uzun illər zərərli asılılıqdan əziyyət çəkən insanların nümunəsinə əsaslanaraq bu yoldan çəkinmənin böyük iradə, əzm və ətrafın dəstəyi sayəsində mümkün olduğunu bildirdi.
Tədbirin yekun hissəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılmış, gənclər onları maraqlandıran sualları mütəxəssislərə ünvanlamış və gündəlik həyatda qarşılaşdıqları problemlərlə bağlı praktik məsləhətlər almışlar, bu isə tədbirin yalnız nəzəri deyil, həm də praktik baxımdan faydalı olmasını təmin etmişdir.














