“Sevilənlər, sevənlər” rubrikası altında Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova ilə evdən canlı görüş.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası pandemiya şəraitində sosial şəbəkədə “Sevilənlər, sevənlər” rubrikası altında görüşlərini davam etdirir.
14 sentyabr 2020-ci il tarixdə kitabxananın “Sevilənlər, sevənlər” rubrikası altında növbəti görüşünün qonağı hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan həmyerlimiz, Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin prezidenti Münəvvər Vahabova oldu.
Qonaq Amerikada yaşanan pandemiya rejimi ilə əlaqədar karantin şəraitində keçən gündəlik həyatında mütaliəyə, maraqlı məşğuliyyətlərə daha çox yer ayırmaq imkanı olduğunu bildirdi. Amerikaya ilk gəlişindən, yaşadığı şəraitdən, xarici dil biliklərinin, təhsilin əhəmiyyətindən, kitaba, kitabxanaya, mütaliəyə sevgisindən, Qeyri-Hökumət Təşkilatları ilə birgə layihələr əsasında fəaliyyətindən söhbət açdı.
Canlı yayın zamanı Münəvvər xanım bir vaxtlar Nyu Yorkdakı “Azərbaycan evi”, Amerikada Azərbaycanlıları Koordinasiya Şurasının, Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin fəaliyyəti haqqında da izləyicilərə məlumat verdi. Azərbaycan-Amerika mədəni əlaqələrinin inkişafına geniş yer ayırmaq, həmçinin, azərbaycançılığı, Azərbaycan mədəniyyətini, incəsənətini təbliğ etməyin əsas məqsədlərindən biri olmasını dedi.
Münəvvər Vahabova canlı yayında kitab təbliğinə də böyük əhəmiyyət verməsini, Amerikada İradə Əlili, Fuad Hüseynzadənin kitablarının təqdimatını keçirməsini də vurğuladı.
İzləyicilərin və aparıcı Günay Həsənovanın suallarını cavablandıran Münəvvər Vahabova öz çıxışını “Harada yaşadığımızdan asılı olmayaraq Azərbaycanlı olmağımızı unutmamalıyıq” cümləsi ilə bitirdi.