“Sevilənlər, sevənlər” rubrikası altında həkim-psixoterapevt, klinik psixoloq Əli Nağıyev ilə evdən canlı görüş.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 08 may 2020-ci il tarixdə “Sevilənlər, sevənlər” rubrikası altında həkim-psixoterapevt, klinik psixoloq Əli Nağıyev ilə canlı yayın təşkil etdi.
Əli Nağıyev ilk növbədə 08 may tarixinin Şuşa rayonunun işğal günü olması, Şuşa ilə bağlı xatirələrini danışdı, torpaqlarımızın işğaldan azad edilməsi, qələbə arzularını bildirdi. Sonra o, psixoterapiya, psixiatriya və psixologiya terminləri, bu anlayışlar arasında olan fərqlər, psixoterapiya metodları haqqında faktları izləyicilərin diqqətinə çatdırdı. Əli Nağıyev həmçinin, müasir ailələrdə yaşanan psixoloji problemlərdən, uşaq tərbiyəsində zəruri olan aspektlərdən, ehtiyac yarandıqda ailə terapiyalarının keçirilməsi zəruriyyətindən də söhbət açdı.
Canlı yayın zamanı Əli Nağıyev istifadəçilərlə yanaşı müsahibəni aparan kitabxananın hüquqi informasiya şöbəsinin müdiri Günay Həsənovanın da suallarını cavablandırdı. Canlı yayında həmçinin, yuxu problemi, təlaş, posttravmatik pozuntular, psixoloji xəstəliklərin sağalma ehtimalları və sair mövzular ətrafında maraqlı müzakirələr aparıldı.
Cəfər Cabbarlı adına Respublika Kitabxanasının təşkilatçılığı ilə həkim-psixoterapevt, klinik psixoloq Əli Nağıyevlə keçirilən canlı yayına 562 nəfər izləyici qatıldı.