“Sevilənlər, sevənlər” rubrikası altında Vətən müharibəsi qaziləri Samir Məmmədov və Elnur Əkbərov ilə evdən canlı görüş.
Respublika Gənclər Kitabxanası istifadəçilərini Qarabağ torpaqlarının düşmən əsarətindən azad edilməsi uğrunda gedən Vətən müharibəsinin qəhrəmanları, qaziləri ilə tanış etmək məqsədilə təşkil etdiyi silsilə tədbirlərini davam etdirir. 22 dekabr 2020-ci il tarixdə təşkil olunan bu səpkili növbəti yayımın qonaqları Vətən müharibəsi qaziliəri Samir Məmmədov və Elnur Əkbərov oldu.
Canlı yayımın aparıcısı Günay Həsənova görüşün keçirilməsində əsas məqsədin xalqımızın öz qəhrəmanlarını, igid əsgərlərini tanımaq olduğunu bildirəndən sonra Samir Məmmədov izləyicilərə keçdiyi döyüş yolu haqqında danışdı. Hərbçi olan qazimiz Gülüstan, Talış kəndi, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirakından, müharibə təəssüratlarından, 20 yanvar, Xocalı faciəsi, Sumqayıt hadisələrində baş verən dəhşətli səhnələrin onda düşmənə qarşı nifrət və qisas hissini alovlandırmasından, on altı saat yaralı halda döyüş bölgəsində qalmasından, həyatını xilas edən cədhə dostundan söhbət açdı.
“Müharibə sənə nə öyrətdi?” sualına “Müharibə məni yaşımdan tez böyütdü” cavabını verdi.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi olan qazi Elnur Əkbərov könüllü olaraq döyüşlərə qatılmasından, əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrət hissindən, illərlə düşmən əsarəti altında olan doğma torpaqlarımızın azad edilməsinin şərəf, fəxarət olmasından danışdı. Onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarını böyük ehtiramla yad etdi. Sərdar İsmayılov, Tural Dəmirçiyev kimi qəhrəman Azərbaycan oğullarının adını çəkərək bu qələbənin onların və onlar kimi yüzlərlə şəhidin sayəsində qazanıldığını söylədi.
Elnur Əkbərov izləyicilərlə görüşünün sonunda “müharibədə bizim yalnız bir məqsədimiz vardı- “qələbə”. Müharibə qələbə ilə, şəhidlərimizin ruhlarının şad olması ilə bitdi”,- dedi.