Seyfəddin Dağlının “Gəcil Qapısı” romanının təqdimatı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Maarifçiliyin inkişafı məqsədilə Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliği” adlı layihəsi çərçivəsində Seyfəddin Dağlının “Gəcil Qapısı” romanının təqdimat mərasimi keçirilib.
Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, maarifçiliyin təbliği istiqamətində Azərbaycan ədəbiyyatının yüksək səviyyədə öyrənilməsi, azərbaycançılıq ideyalarının təbliğinin diqqətə alınması, klassik və müasir ədəbiyyat xadimlərinin yaradıcılığının öyrənilməsi baxımından bədii ədəbiyyat nümunələrinin nəşri, maarifçilik ideyalarının inkişaf etdirilməsidir.
Tədbirdə elm, mədəniyyət, ədəbiyyat, təhsil və mətbuat sahəsinin nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov Azərbaycanın tanınmış yazıçısı, görkəmli publisist, ictimai xadim Seyfəddin Dağlının zəngin ədəbi-bədii irsi ilə ədəbiyyat tariximizdə silinməz iz qoyan təkrarsız simalardan biri olduğunu söylədi. Onun ədəbi irsinin çox zəngin olduğunu vurğulayaraq, yazıçının keşməkeşli ömrünü xalqının, dövlətinin maariflənməsinə həsr etdiyini, öz peşəkar, kəskin qələmi ilə dövrünün çatışmamazlıqlarını, haqsızlığını, qanunsuzluğunu əsərlərində açıq şəkildə ifadə etdiyini bildirdi. Seyfəddin Dağlının yaradıcılığında Cənubi Azərbaycan mövzusunun xüsusu yer tutduğunu və yazıçının bu əhəmiyyətli və eyni zamanda mürəkkəb mövzuya həmişə xüsusi həssaslıq ilə yanaşdığını, neçə-neçə hekayəsinin, romanının məhz bu mövzuda olduğunu bildirdi.
Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri Qəmər xanım Bağırova Seyfəddin Dağlının Azərbaycan ədəbiyyatının, mətbuatının inkişafında özünəməxsus xüsusi yeri olan görkəmli nasir, publisist, dramaturq, tərcüməçi, yumoristik novellalar, hekayələr müəllifi olması ilə yanaşı, həm gözəl insan, həm də bir yazıçı kimi yaddaşlarda xoş xatirələrlə yaşadığını bildirdi. Qəmər xanım atası Seyfəddin Dağlının çoxşaxəli yaradıcılığından söhbət açaraq, dramaturqun yaratdığı obrazları, bədii qəhrəmanları həyatdan, xalqın içərisindən götürdüyünü və bu obrazların hər birinin yüksək peşəkar bədii təxəyyül ilə canlandırıldığını söylədi. Təqdimatı keçirilən “Gəcil Qapısı” romanının Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatına həsr edildiyini və kitabda Arazın o tayındakı qardaş və bacılarımızın ağır həyatından, onların mürəkkəb taleyi, çətin güzəranı və mübarizə yollarından bəhs edildiyini bildirdi.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli görkəmli dramaturq ilə olan şəxsi tanışlığından danışaraq, onun Azərbaycan ədəbiyyatını, ədəbi dilini, bu dilin zənginliyini mükəmməl bilən qələm sahibi olduğunu söylədi. Seyfəddin Dağlı ədəbi irsinin tədqiqi əhəmiyyətindən danışaraq, bu günə kimi ədibin əsərlərinin Latın qrafikası ilə çap edilmədiyini təəssüf hissi ilə qeyd etdi. “Gəcil Qapısı” kitabının Latın qrafikası ilə çap edilməsinin çox sevindirici bir hadisə olduğunu söyləyərək, yazıçının digər əsərlərinin də təkrar çapının zəruriyyətindən danışdı.
AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev Seyfəddin Dağlının yaradıcılığında Azərbaycan ədəbiyyatının satirik məktəbinin ən yaxşı ənənələrini yaşadan, həm satirik, həm də yumoristik povestlər, hekayələr ustası olduğunu bildirdi. Dramaturqun əsərlərinin bir çox dillərə tərcümə olunduğunu, müxtəlif ölkələrdə çap edildiyini söyləyərək, yazıçının Cənubi Azərbaycan mövzusunda qələmə aldığı bütün əsərlərinin bir kitabda toplanaraq nəşr olunması əhəmiyyətindən danışdı.
AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, dosent, filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu Seyfəddin Dağlının lirik-romantik, satirik-yumoristik aspektdə qələmə aldığı əsərlərində təsvir etdiyi obrazların bədii mükəmməlliyindən danışdı, yazıçının “Gəcil Qapısı” romanında milli koloritin, Cənub dialektinin, şifahi xalq ədəbiyyatı nümunələrinin qorunub, saxlanıldığını bildirdi.
Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi Bəhlul Abbasov atası-Seyfəddin Dağlının yaradıcılığı ilə insanlara təbəssüm bəxş edən, əsərlərində bir tərəfdən oxucuya yüksək əxlaqi insani keyfiyyətləri, vətənpəvərlik hissini, xeyirxah əməlləri aşılayan, digər əsərlərində isə cəmiyyətdə mövcud olan çatışmazlıqları ifşa edən, yad ünsürləri özünün satirik tərzi ilə tənqid və gülüş hədəfinə çevirən görkəmli dramaturq olduğunu söylədi.
Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi İlqar Əlfioğlu Seyfəddin Dağlının “Gəcil Qapısı”, “Məşəl yanır” kimi əsərlərində Cənubi Azərbaycanda, Arazın o tayında yaşayan soydaşlarımızın şah rejimindən zülm çəkmələri, ağır həyat sürmələri, azadlıq uğrunda mübarizə aparmaları kimi ciddi mövzulara toxunduğunu söylədi, bu əsərlərin Cənubi Azərbaycan mövzusu ilə maraqlanan oxucular, gənclər üçün dəyərli mənbələr olduğunu bildirdi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəhbəri İbrahim Əliyev dramaturq Seyfəddin Dağlı kimi xalqımızın görkəmli nümayəndələrinin, şair və yazıçıların hər zaman ölkənin inkişafında, dövlətin qüdrətinin artmasında, gənc nəslin milli ideya və vətənpərvərlik ruhunda yetişməsində müstəsna rol oynadıqlarını söylədi. Ədəbiyyat, mədəniyyət sahəsinin nümayəndlərinin anım günlərinin, xatirə tədbirlərinin keçirilməsi əhəmiyyətindən danışaraq, “Gəcil qapısı” kitabının təkrar nəşr edilməsini çox müsbət hal kimi qiymətləndirdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xatirə ev –muzeylərinin Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliği sahəsinə olan fəaliyyətinin təqdirəlayiq olduğunu bildirdi.
Tədbirdə AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Məlikzadə Xanımbacı, Cəfər Cabbarlının Xızıda fəaliyyət göstərən ev-muzeyinin direktoru Həcər Rəsulova və başqaları Seyfəddin Dağlının həyat və yaradıcılığı haqqında çıxış etdilər.
Kitab təqdimatında kitabxana əməkdaşları tərəfindən hazırlanan “Sözün hikmətinə dəyər verən sənətkar-Seyfəddin Dağlı” adlı videomaterial nümayiş olundu.
Tədbirin sonunda Qəmər Bağırova “Gəcil qapısı” kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə etdi və tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirdi.

