Seyid Şuşinski
Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz Seyid Şuşinski... Əsl adı Mir Möhsün Ağa Seyid olan xanəndə Füzuli rayonunun Horadiz kəndində tacir ailəsində dünyaya gəlib. Seyid nəslindən olduğu üçün hamı ona "Ağa" deyə müraciət edib. Balaca Seyid atasını uşaq yaşlarından itiridiyindən onun tərbiyəsi ilə xalası Məşədi Hürzad xanım məşğul olub.
Dövrünün savadlı və açıq fikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edər, bacısı oğlunu da özü ilə toylara apararmış. Elə buna görə də Seyid Şuşinskinin ilk müəllimi əslində, xalası hesab edilir. Sonralar Seyid o böyük ürəkli xalasını minnətdarlıqla xatırlayıb: "Xalamın çox incə və şirin səsi var idi. Bütün muğamlara dərindən bələd olmaqla, "Orta Mahur"u çox gözəl oxuyardı. Səsimi eşidəndən sonra məni də özü ilə toylara aparardı...". Yüksək diapazonlu səsi və muğamları düzgün, səlis oxumaq qabiliyyəti ilə seçilən Seyid Şuşinskinin istedadının formalaşmasında azərbaycanlı müğənni-xanəndə Cabbar Qaryağdıoğlunun da böyük rolu olub.
Günlərin birində Fikrət Əmirovun atası Cəmil Əmirov Qarabağa gəlib Seyidə deyib ki, sən bu yerlərdə məşhurlaşmısan, gəl səni aparım Gəncəyə. Orada Cəmil Əmirovun musiqi məktəbi var idi. Seyid həmin məktəbdə dərs deyir, toylara gedir, qısa müddətdə Gəncədə də məşhurlaşır. Onun səsi Gəncəyə də sığmır. Bu dəfə səsi Tiflisdən gəlir. Seyid Şuşinski Tiflisdə çox parlayır. Tiflisdə təkcə gürcülər yaşamırdı, ora ictimai-siyasi, mədəni mərkəz idi. Qafqazın hər yerindən, Şərq ölkələrindən xeyli insan Tiflisə səyahət edirdi. Seyid Şuşinski Azərbaycan muğam tarixində səhnəyə frakla çıxan ilk xanəndə olub. İran konsulunun qızının müşayiəti ilə ayaq üstə "Bayatı-İsfahan" oxuyub.
Xanəndə Tiflisdə xeyli var-dövlət qazanıb. Bakıya köçəndən sonra da Tiflisdəki məsclislərə gedib, milyonçuların toylarında oxuyub. Onun Tiflisdə hoteli olub, "Mersedes"i də var imiş. Günlərlə Bakıdan gələn aktyorlara ziyafətlər verdirər, maddi yardım edərmiş. Deyilənə görə, "Molla Nəsrəddin" jurnalının nəşrində problemlər yarananda Cəlil Məmmədquluzadə Seyid Şuşinskiyə müraciət edib. Seyid jurnalın nəşrinə xeyli köməklik göstərib. Bundan əlavə, o, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla da dost olub. Şuşada toyların birində Seyid necə oxuyubsa, Cabbar Qaryağdıoğlu onu bağrına basıb deyib ki, ölsəm də, dərdim olmaz, məndən sonra Seyid var. Sonralar Cabbar Qaryağdıoğlu kimi nəhəng sənətkar Seyid Şuşinskini "Azərbaycan musiqisinin incisi" adlandırıb. Seyidin, cəmi, bir yadigarı qalıb. Nəriman Əliyev onun ən məşhur tələbəsi olub, vəfatından qabaq Ağdama gedəndə də öz yerini ona verib. Bir dəfə Seyid Şamaxıya toya gedib. Görüb ki, Şamaxının ən yaxşı oxuyanı Mirzə Məhəmmədhəsən də ordadır. Seyid deyirdi ki, heç kimi Mirzə Məhəmmədhəsənə bərabər tutmaq olmaz, mən ondan bəzi şeyləri öyrəndim. Xanəndə həmişə öyrənməyə can atıb. Qəzəllər toplayıb, muğamlara uyğunlaşdırıb, izahlarını araşdırıb. Şərq poeziyasını dərindən öyrənib. O Tiflisdə olarkən Əbülhəsən xan İqbali Azər ilə tanış olub. Əbülhəsən xan Seyidin oxumağını çox bəyənib və həmişə onunla maraqlanıb. Hətta Qurban Pirimov danışırmış ki, 40-cı illərdə biz Cənubi Azərbaycana gedəndə Əbülhəsən xan bizdən Seyidi xəbər alıb. Əbülhəsən xan muğamların şöbə və guşələri barədə Seyidə bəzi məlumatlar verib. Hansı muğamda hansı qəzəli oxumaq lazımdır və başqa bu kimi məsələlər barədə danışıb. Ömrünün son günlərində xanəndə Qarabağ bülbüllərinin səsini eşitmək istədiyini söyləyib. İltifat adlı tələbəsi onu Qarabağa aparıb. Sənətkar Qarabağ bülbüllərini dinlədikdən sonra elə orada 76 yaşında vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.