Sinoplu Diogen
Fəlsəfə tarixinin əfsanəvi siması, Sinoplu Diogen... İskəndərə meydan oxuyan, çəlləkdə yaşayan, günün günorta çağı əlində çıraq adam axtaran bu filosof fəlsəfə elminə yenilik gətirməklə yanaşı, qeyri-adi həyat tərzi yaşayan ən gülməli dahi kimi də tarixdə iz qoyub...
Sinoplu Diogen (Diogenes) eramızdan əvvəl 400-cü ildə Sinop şəhərində anadan olub. Deyirlər ki, Diogenin atası Gikesey puldəyişən olub. Onların sikkə sexləri də varmış. Qəribə yaşayış tərzi olan, tikanlı sözləri ilə seçilən Diogen "kinizm"in banisi sayılır. Bəs kinizm nədir? Kinizm termini fəlsəfənin bir qolu sayılır, "it kimi sərbəst, azad həyat sürmək" anlamı daşıyır. Mənbələrə əsasən, bir dəfə Diogen ovcuna bulaqdan su doldurub içən balaca oğlana rast gəlir. Su içdikdən sonra bir parça çörəyi əlinə alıb, ləzzətlə yeyən balacanı həvəslə seyr edən Diogen, əlindəki boşqabı və su fincanını yerə atıb kinik olmağa qərar verir. O düşünür ki, təbiət ehtiyaclarımızı ödəmək üçün bizə hər şey verib və əlavə əşyalara gərək yoxdur. Bu səbəbdən də, evini tərk edib, çəlləkdə yaşamağa qərar verir. Uzun əsrlər boyu Diogenin rəsmini çəkənlər də onu çəlləkdə təsvir ediblər. Amma tədqiqatçılar deyirlər ki, bizim anladığımız çəllək qədim yunanlara məlum olmayıb. Diogenin yaşayış evi gildən olan qab - pifos imiş. O dövrlə bağlı arxeoloji qazıntılar zamanı məhz belə qablar tapılıb. Yumurta şəkilli adi pifoslar 1,5-2 metr hündürlüyündə olurdu. Onları evin içində yerə basdırar, içinə adətən dən yığardılar. Diogen öz "ev"ini şəhər meydanında qoyubmuş. Orada həm yaşayar, həm də insanlara "necə azad olmağı" öyrədərmiş. Canını bərkitmək üçün yayda qaynar qumla üstünü örtər, qışda isə qarla örtülmüş heykəlləri qucaqlayarmış.
Sinoplu Diogen haqqında bir çox maraqlı əhvalatlar və lətifələr dolaşır. Mövcud qanun və qaydalara meydan oxuyaraq cəmiyyətə qarşı çıxan filosofun ən məşhur əməli isə gündüz çıraq əlində küçələri dolaşaraq adam axtarması olub. Belə ki, o, bəzən insanların arasında əlində lampa tutub, lüt gəzirdi. Kənardan keçənlərin "Bu günəşli gündə lampa nəyinə lazımdır" sualına Diogen "İnsan axtarıram" deyə cavab verirdi.
Deyilənə görə, dahi sərkərdə Makedoniyalı İskəndər Diogenin pərəstişkarı idi və onu görməyi çox istəyirdi. Hətta o, "Dünyaya bir daha gəlsəydim, Diogen olardım" deyirdi. Günlərin bir günü İskəndər arzusuna çatır və Sinop sahillərinin birində Diogenə rast gəlir. Diogen qumlu sahildə uzanıb, Günəşi seyr edirdi. Sərkərdənin onun qarşısında durub, "Mən Makedoniyalı İskəndərəm, nə istəsən yerinə yetirə bilərəm" təklifinə Diogen "Günəşin qarşısından kənara çəkil" deyə cavab vermişdi.
Özünə "it Diogen" deyərmiş. Bir dəfə soruşurlar: "Özünə it deyirsən. Hansı cinsdənsən?" O, belə cavab verib: "Ac olanda Malta iti, tox olanda Molos cinsi".
Başı tam keçəl, beli bükülmüş, bir az donqar olan filosof əyninə nimdaş paltarlar geyinər, ayaqyalın gəzər, uzun saqqal saxlayarmış. O, hər şeyə nifrətlə yanaşardı: hakimiyyətə, pula və insanların axmaq illüziyalarına… Amma camaat arasında böyük hörmət sahibi idi. Qadınlara nifrət edər, amma onlara yazığı da gələrdi. Bəzən gecənin ortası ən gözəl qadınlar gizlicə, sifətini gizlədib Afina meydanına gələr və gil pifosda yaşayan çirkli kişi ilə dərdləşərdilər. Nə qədər acıdil olsa da, bir-iki parç şərabdan sonra çox şən və xoşbəxt olan bu adamla söhbət etmək qadınlar üçün xoş idi.
Deyilənə görə, filosof hər gün şəhərin mərkəzində yerləşən heykəllər parkına gedərək oradakı heykəllərdən pul dilənirmiş. Camaat bu hərəkətin səbəbini soruşanda, o belə cavab verərdi: "Mən məşq edirəm… bu yaxında dilənçi olacam, indi isə burada özümü, insanlar mənə pul verməyəndə kədərlənməməyə alışdırıram!".
Deyirlər, filosofun ölümünə səbəb çiy osminoq (səkkizayaqlı ilbiz) yeməsi olub. Nəticədə vəba xəstəliyinə tutulub. Bir başqa versiyaya görə isə nəfəs dayanmasından dünyasını dəyişdiyi deyilir.
Diogenə çoxlu misdən abidələr ucaldıblar. Bunlardan biri onun vətənində - Sinopdadır. İt şəklində olan abidənin üzərində bu sözlər yazılıb: Zaman daşı da, bürüncü də yeyir, amma sənin sözlərin, Diogen, əbədi yaşayacaq. Axı sən bizə aza qane olmağı öyrətmisən və xoşbəxtliyə gedən yolu göstərmisən!...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.