12 may, 2025
Paylaş:

Siyasi inkişafa təkan verən qüdrətli vasitə

   3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür

3 may hər il Dünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Azad sözün şərəfinə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.

XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildirmişlər. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olunmuşdur.

Ölkəmizdə söz azadlığının bərqərar olması və müstəqil mətbuatın yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Mətbuatı demokratiyanın əsas tələblərindən biri kimi dəyərləndirən dahi şəxsiyyət bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Görkəmli dövlət xadiminin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı bu sahədə əlverişli şərait yaratmış, senzura ləğv edilmişdir. Beləliklə, əsası 1875-ci ildə "Əkinçi" qəzeti ilə qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanlar açdı. 1999-cu il dekabrın 7-də qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" Qanun isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd oldu. Ulu öndər Heydər Əliyev deyirdi: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir".

Azərbaycan xalqının dahi lideri Heydər Əliyev fəaliyyətində insan hüquq və azadlıqlarını, humanizmi əsas prinsip kimi götürərək xalqın və millətin gələcəyinə çıraq tutan şəxsiyyət idi. Ulu öndər irsi bir məktəbdir və onun daim öyrənilməsi və gələcək nəsillərə çatdırılması zəruridir. Müstəqil Azərbaycanın bütün uğurlarında Heydər Əliyev imzası hər bir sahədə olduğu kimi, sağlam və peşəkar mətbuatın formalaşması və plüralizmin inkişafında da əvəzsiz xidmətləri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə ötən əsrin 70-80-ci illərində mətbuatın ideoloji cəhətdən sıxışdırılması nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Ölkə mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edir, cəmiyyətin nöqsanlarını, qlobal problemləri açıb göstərirdi. 1969-cu ildə ozamankı Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzdində Jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf meyilləri formalaşdı, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəsillə bölüşən orta və yaşlı nəslin söz ustaları yetişdi.

Ötən əsrin 90-cı illərinin əvvəllərində - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə ölkəmizdə söz və mətbuat azadlığının inkişafında yeni mərhələ başlandı. Müstəqilliyin ilk illərində ölkə mətbuatı müəyyən obyektiv və subyektiv səbəblərdən yeni formalaşan ciddi məhdudiyyətlərlə, çətinliklərlə üzləşmişdi. Respublikada hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü nəticəsində yaranan ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə ciddi maneələr yaradırdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Ümummilli Liderin rəhbərliyi ilə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

Ulu öndər Heydər Əliyev Azərbaycan mətbuatının azadlığının və müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olmaqla yanaşı, onun maddi-texniki bazasının möhkəmlənməsi qayğısına da qalırdı. 18 dekabr 2001-ci il ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə baş tutan görüşdə Ümummilli Lider mətbuatın problemlərini dinləyib, müzakirə edərək həlli istiqamətində tapşırıqlar verdi. Həmin görüşdən sonra bir çox problemlər operativ həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edildi. 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin I qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Ümumilikdə, dahi lider mətbuatın problemlərinin həlli ilə bağlı onlarla Fərman və Sərəncam imzalayıb. Böyük şəxsiyyətin mətbuata bu qayğısı jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ulu öndər Heydər Əliyev 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

Ümummilli lider Heydər Əliyev müstəqillik dövründə mətbuatımızın inkişafı naminə çox böyük işlər görüb. Ölkədə mətbuatla bağlı mükəmməl qanunvericilik bazasının yaradılması, həm yazılı, həm də elektron medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, qəzet və jurnalların borclarının dondurulması, ayrı-ayrı qəzet və jurnalların çapının dövlət hesabına maliyyələşdirilməsi, bu və ya digər formada qanun pozuntusuna yol vermiş neçə-neçə media mənsubunun cinayət məsuliyyətindən azad olunması - Azərbaycan mətbuatına qayğı və diqqətin bariz nümunəsidir.

Bu gün Ulu Öndərin mütərəqqi siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media qurumlarının müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün hərtərəfli şərait yaradılır. Dövlət başçısının 2009-cu il aprelin 3-də imzaladığı "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Fərmanı bu istiqamətdə atılmış mühüm addımlardan idi. Sonradan ölkədə media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanla 2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Həmin il dekabrın 30-da "Media haqqında Azərbaycan Respublikasının Qanunu"nun təsdiqlənməsi ilə Azərbaycan jurnalistikasının fəaliyyətində yeni dövr başladı.

Hazırda ölkədə yüzlərlə media orqanı qeydiyyata alınıb. Respublikamızda xeyli sayda jurnalist təşkilatları və ictimai birliklər mövcuddur. Atılan addımlar bir daha bu reallığı ortaya qoyur ki, dövlətin əsas prioriteti vətəndaşlarımızın informasiya mənbələrinə əlçatanlılığını təmin etməkdir. Müxtəlif informasiyanı əldə etmək hər bir vətəndaşın hüququdur və dövlətimiz onu təmin edir. Bir sözlə, sivil, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsi, Azərbaycanın dünya informasiya məkanına inteqrasiyası və informasiya cəmiyyətinə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına imkan yaradır. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanda söz, mətbuat azadlığı mövcuddur, insan hüquqları yüksək səviyyədə qorunur, bu, dövlətimizin demokratik dəyərlərə sadiqliyinin və bu prinsiplərin inkişafında maraqlı olmasının göstəricisidir.

Zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı yüksəliş mərhələsindədir. Şanlı 44 günlük Vətən müharibəsi dövründə də mətbuatımız və media nümayəndələri, cəbhədə olduğu kimi, söz savaşında da layiqli mübarizə apardılar. Ona görə də həm döyüş bölgəsində, həm də informasiya cəbhəsində qələbə qazandıq. Bu, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz və mətbuat azadlığının, Azərbaycan mediasının konstruktiv idarə olunması sayəsində aparılan siyasətin uğurlu nəticəsidir. Prezident İlham Əliyev deyib: "Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar".

                                                                                                Nurəngiz Adilqızı,

                                                                                                "Respublika qəzeti”

 

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()