Şövkət Ələkbərova
Ərinin intiharı, qızının faciəvi vəfatından sarsılaraq evinə qapanıb aylarla ah-nalə çəkən, öləndə kəfən pulu olmayan korifey sənətkarımız, Xalq artisti Şövkət Ələkbərova...
Müğənni Bakıda anadan olub. Atası qızının musiqiçi olmasını çox istəyib. O özü də xalq, muğam və aşıq musiqisinə maraq göstərib. Şövkət xanım ilk musiqi təhsilini kamança aləti üzrə alıb. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirib. Peşəkar müğənni karyerasına Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Xorunda başlayıb.
Xanəndə iki dəfə ailə qurub. Birinci evlilikdən Natella adlı qızı doğulub. Qızının atası hərbi həkim olub. O, cəbhəyə gedib və geri qayıtmayıb. Amma Şövkət xanım müharibədən əvvəl ondan boşanıb, qızı ilə birgə yaşayıb. Deyilənə görə, bu boşanmaya səbəb ərinin onu hədsiz qısqanması olub. O, ikinci dəfə məşhur rejissor Lətif Səfərova ərə gedib. Bu izdivacdan isə Bəşir adlı övladları doğulub.
Lətif bəy hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkir. Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna və həyat yoldaşına keçəcəyindən ehtiyat edərək övladını tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərir. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə...
Lətif Səfərov 43 yaşında intihar edir. İntihardan əvvəl isə məktub yazır ki, onun ölümündə heç kimi günahkar tutmasınlar, o, həyatdan bezib. Hadisə baş verəndə oğlunun 5 yaşı olur. O, intiharını bir neçə gün öncədən planlaşdırır, həmin gün sübhdən Şövkət xanıma deyir ki, anana de gəlib bizdə qalsın. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən. Şövkət xanım sonralar yaşadığı bu dəhşətli gün haqqında deyir: "Qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi...".
Bu hadisə ilə bağlı heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan daha bir versiya var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir. Onun ölümünə o vaxtlar müxtəlif don geyindirirlər. Amma bu intiharın səbəbi sırf siyasi məsələ olur. Sovet dövründə sovet vətəndaşı özünə qəsd edə bilməzdi. Ona görə də o vaxtkı rəhbər dairələrə "rejissor özünü qısqanclıq üstündə öldürüb" mövzusu sərf edirdi. Lətif Səfərovun Şövkət Ələkbərovanı qısqandığı üçün özünü öldürməsi söhbəti buradan qaynaqlanırdı. "KQB"dən isə Şövkət xanıma tapşırırlar ki, bu barədə heç nə danışmasın. Şövkət xanım axırıncı nəfəsinə qədər övladlarına görə bu mövzu barəsində danışmaqdan çəkinir.
Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan, uzun müddət evinə qapanan xanəndə onun ölümündən sonra bir daha mahnı oxumayıb və çox az yaşayıb. Deyilənə görə, Şövkət xanım qızı ilə bağlı kədərini yenicə doğulmuş qız nəvəsi ilə ovudurmuş. O, hər gün yorulmadan nəvəsinə lay-lay oxuyarmış. Bunu isə belə ifadə edirmiş: "Mənim ömrümə çox az qalıb. Qoyun, doyunca lay-lay deyim balama".
Səhnədə daim xanım-xatun, gülərüz olan Şövkət Ələkbərova nəinki səsilə, insanlığı, humanistliyi, yardımsevərliyi ilə də seçilən şəxsiyyət idi. Xanəndə həm də sadə, mehriban və qayğıkeş müəllim olub. O, Azərbaycanın hər qarışını diyar-diyar gəzib istedadlı uşaqları seçib Bakıya gətirib. Tələbəsi Aybəniz xanım deyir ki, Şövkət Ələkbərova çox əliaçıq insan olub: "Bir dəfə eşitdim ki, Şövkət xanım xəstələnib. Gedib onların qapısının ağzında saatlarla əyləşdim ki, ondan bir xəbər bilim. O, özü də bunu biləndə çox təəccüblənmişdi. Sonralar biz tələbələri onun evinə tez-tez gedib-gəlməyə başladıq. O, heç vaxt bizi ac-susuz buraxmazdı. Xalq da, dövlət də onu ürəkdən sevib. Şövkət xanım dünyasını dəyişəndə kəfən almağa pulu yox idi, onu dövlət dəfn etdi".
70 yaşında dünyadan köçən müğənni ömrünün son günlərində yanında ailə üzvlərindən başqa heç kimi istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.