Söz və elm uğrunda maarifçilik ideyalarının carçısı
XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir tarixində mühüm yer tutan ziyalılardan biri də Seyid Əzim Şirvanidir. O, bədii sözün sehrinə düşmüş qüdrətli şair, maarifçilik ideyalarının carçısı, düşüncə və irfan yolunun yorulmayan yolçusu kimi ədəbiyyat tariximizdə silinməz iz qoymuşdur. Seyid Əzim Şirvaninin ədəbi irsi tematik və ideya baxımından rəngarəng olsa da, onun poetik dünyasının ana xəttini maarifçilik təşkil etmişdir. Ədib xalqın inkişafını yalnız elm və təhsildə görmüş, cəhaləti və savadsızlığı milli tərəqqinin qarşısında duran ən böyük sədd kimi dəyərləndirmişdi. Bu səbəbdən də onun şeirləri dövrün çağırışları kimi qiymətləndirilmişdir.
Filhəqiqət dirəxti-nakamil,
Tərbiyət feyzinə olur şamil.
Növi-insan deyil ağacdan kəm,
Qabili-tərbiyətdi hər adəm.
Seyid Əzim Şirvani bu misralarda insanı kamilliyə aparan yolun yalnız fitri istedadla deyil, eyni zamanda elm, tərbiyə və mənəvi zənginliklə mümkün olduğunu poeziyanın dili ilə bəyan edir. O, bəşəriyyəti ağaca bənzədir. Necə ki, bir ağac düzgün qulluq və münbit şərait nəticəsində bar verirsə, insan da ancaq maarif və mənəvi təlim vasitəsilə yetkinləşir, cəmiyyətə fayda gətirən şəxsiyyətə çevrilir. Şair düşünür ki, insanın qabiliyyəti az və ya çox olsa da, hər kəs tərbiyəyə, öyrənməyə, formalaşmağa qadirdir. Onun fikrincə, heç bir fərd doğuşdan kamil və ya natamam deyil, insanın forması, siması, ruhu və düşüncəsi elm və tərbiyə ilə cilalanar, cəhalətdən maarifə doğru ucalmağa başlayar.
Maarifçi düşüncənin, yeni təlim-tərbiyə ideallarının yolunu açan ziyalı nəslinin görkəmli nümayəndəsi Seyid Əzim Şirvani 9 iyul 1835-ci ildə qədim Şamaxı şəhərində ruhani ailəsində dünyaya göz açıb. Taleyin ilk sınağı isə erkən yaşlarında atasını itirməsi olur. Bundan sonra onun tərbiyə və təhsil yükü anasının çiyinlərində qalır və onu Dağıstanın Yaqsay kəndində qazılıq edən babası Molla Hüseynin yanına göndərir.
Yaqsay kəndində keçirdiyi on bir illik dövr Seyid Əzimin həyata baxışını formalaşdırır. Burada o, həm dini elmlərə, həm də ərəb və fars dillərinə dərindən yiyələnir, 1853-cü ildə anası ilə birlikdə yenidən doğma Şamaxıya qayıdır. Seyid Əzim elmi səviyyəsini daha da yüksəltmək məqsədilə 21 yaşında İslam aləminin elmi mərkəzlərinə - əvvəlcə Nəcəf və Bağdada, sonra isə Şam şəhərinə üz tutur. Burada ali ruhani mədrəsələrdə təhsil alır, dövrünün dini və dünyəvi elmlərinə dərindən yiyələnir. Nəcəfdə aldığı ilahiyyat dərsləri və Şamda keçdiyi ali ruhani təhsil onu dini elmlərlə bağlılıqla, eyni zamanda azadlıq, mənəvi kamillik və maarifçilik ruhu ilə böyüdür. Seyid Əzimin İslam fəlsəfəsinə bağlılığı daha çox özünü Qurana, Məhəmməd Peyğəmbərə (s.), Həzrət Əliyə (ə) olan sevgisində büruzə verir. O, Qurani-Kərimin müstəsnalığı ilə bağlı yazır:
Gərçi mənası qeyri-asandır,
Kağızı, xətti, cildi Qurandır.
Harada görsən kəlami-sübhani,
Öpübən qoy göz üstünə ani.
Möcüzi-həqdü batinü zahir,
Məss etməz məgər onu tahir?
Şair deyir ki, Qurani-Kərimin mənasını anlamaq çətin olsa da, onun özü - kağızı, xətti, cildi müqəddəsdir. Harada Allah kəlamını görsən, onu hörmətlə öpmək, göz üstə qoymaq lazımdır. Qurani-Kərim Allahın möcüzəsidir, içi də, çölü də müqəddəsdir. Ona yalnız pak, təmiz insanlar toxuna bilərlər. Lakin dərin dini təhsil almasına baxmayaraq, o, vətənə döndükdən sonra ruhanilik yolunu seçmir. Çünki onun qəlbində xalqı oyatmaq, cəmiyyətin inkişafı üçün çalışmaq arzusu kök salır. Bu səbəbdən ədib ömrünü müəllimliyə, elm-irfan yoluna həsr edir. 1869-cu ildə açdığı tədris mərkəzi mahiyyətcə ənənəvi məktəblərdən kəskin fərqlənir. Burada dini biliklərlə yanaşı, ana dili, fars dili, tarix, coğrafiya və digər dünyəvi fənlər tədris olunur, şagirdlərin təfəkkürünü genişləndirən müasir biliklər aşılanır. Onun maarifçilik ideyaları Şamaxı şəhər məktəbində də davam edir. 1877-ci ildə Azərbaycan dili və şəriət müəllimi kimi fəaliyyətə başlayan Seyid Əzim şagirdlərini milli ruhda yetişdirir, ədəbiyyata yönəldir. Lakin onun yenilikçi və açıq baxışları çar Rusiyasının mühafizəkar dairələrini narahat etməyə başlayır. Onun müasir əsərlər oxutdurması, şagirdləri milli və dünyəvi düşüncəyə təşviq etməsi hakimiyyət tərəfindən şübhə ilə qarşılanır və nəticədə vəzifəsindən uzaqlaşdırılır. Bununla belə, Seyid Əzimin maarifə və insan kamilliyinə inamı heç vaxt sarsılmır. O, yazdıqları, söylədikləri və təlqin etdikləri ilə xalqın düşüncə üfüqlərini genişləndirir. Haqq və ədalət yolunda hər zaman qətiyyətlə mübarizə aparan şair müəllimlik fəaliyyətindən haqsız yerə uzaqlaşdırıldıqdan sonra Tiflisə yollanaraq Qafqaz maarif idarəsinin rəisinə etirazını bildirir və haqsız yerə vəzifədən çıxarıldığını sübuta yetirir. Nəticədə yenidən müəllimlik fəaliyyətinə qaytarılır və ömrünün sonunadək bu şərəfli peşəyə sadiq qalır. Həmin dövrlərdə Azərbaycanda hələ mətbuat mövcud deyildi və bu səbəbdən şairin maarifçi ideyalarını yaymaq imkanları xeyli məhdud idi. Bu boşluq 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan "Əkinçi" qəzeti ilə aradan qalxır. Seyid Əzim bu qəzetin fəal qələm sahiblərindən biri olur, həm publisistik məqalələr, həm də maarif və islahat ruhlu şeirlər yazaraq ictimai fikrin formalaşmasında əhəmiyyətli rol oynayır.
Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
Eyni zamanda o, Tiflisdə çıxan "Ziya" və "Kəşkül" qəzetlərinə də şeirlər göndərir, bu mətbu orqanların nüfuz qazanmasına çox səy göstərir. Beləliklə, Seyid Əzim qələmi ilə bütövlükdə Qafqazda düşüncə azadlığının, elmin və irfanın carçısına çevrilir.
Seyid Əzim həm də Füzuli ədəbi məktəbinin layiqli davamçılarından biri kimi klassik lirikanın ruhunu yaşadan, onu yeni dövrün ideyaları ilə zənginləşdirən qüdrətli sənətkardır. Şairin lirikasında məhəbbət mövzusu xüsusi yer tutur, qəzəllərində eşq anlayışı sadəcə hiss deyil, insanı mənən ucaldan, ruhunu saflaşdıran və kamilliyə aparan ilahi bir duyğu kimi təqdim olunur. Seyid Əzim klassik poeziyada formalaşan bədii təsvir və ifadə vasitələrindən ustalıqla istifadə edir, lirik qəhrəmanının daxili aləmini - duyğularını, ehtirasını, mənəvi təlatümlərini yüksək poetik səviyyədə oxucuya çatdırır. Seyid Əzimin lirikasında məhəbbət mövzusu ilə paralel olaraq dini xurafata və mövhumata qarşı yönələn tənqidi baxış da özünü göstərir. O, insanı həyatın gözəlliklərindən zövq almağa, ağıl və düşüncə ilə yaşamağa səsləyir. Şairin əxlaqi-tərbiyəvi ideyaları təmsillərində geniş əksini tapır. Onun "Eşşək və arılar" adlı təmsilində elmin, biliyin dəyərini anlamayan cahil, avam kütlə tənqidi kəskin və satirik dillə tənqid olunur. Burada şair xalqı tərəqqiyə səsləyir, cəhalətin fəsadlarını ifşa edir.
Seyyida, elmi açma nadanə -
Ki, düşərsən cahanda nöqsanə.
Çəkmə kamayi-şeri bazarə,
Gövhəri ərz elə xiridarə
Nə bilir dürr qədrini əllaf,
Yoxdu bazari-dəhrdə sərraf.
Seyid Əzimin mənzum hekayələri də tematik və ideya baxımından olduqca zəngindir. Bu hekayələrin bir qismində əxlaqi dəyərlərin təbliği, cəmiyyətin mənəvi tərbiyəsi ön plana çəkilir. O, zülmkar hakimləri, rüşvətxor məmurları, mənəviyyatsız həyat tərzini və yaramaz əməlləri pisləyən yüzdən artıq mənzum hekayəsini xalq ədəbiyyatından, Molla Nəsrəddin lətifələrindən və klassik Şərq mənbələrindən bəhrələnərək yaratmışdır. Bu əsərlər həm ibrətamiz məzmunu, həm də xalq ruhuna yaxınlığı ilə diqqət çəkir. Seyid Əzimin satirik yaradıcılığı isə Azərbaycan ədəbiyyatının tənqidçi realizm ənənələrini inkişaf etdirən mühüm mərhələ hesab olunur. Zəmanəsinin istismarçı və mənfəətçi zümrəsini dərindən tanıyan şair, onların simasında - soyğunçu çar məmurlarını, rüşvətlə yaşayan pristav və kvartalları, xalqı əzən mülkədarları, ikiüzlü mollaları və səviyyəsiz qaziləri kəskin tənqid atəşinə tutur. Bu baxımdan onun "Şirvan bəyləri haqqında" adlı əsəri həm forma, həm də məzmun baxımından seçilir. Əsərdəki bu misralar həmin ruhu aydın ifadə edir:
Nə pristav, nə köməkçi, nə kvartal, nə kazak,
Hamısı qurd kimi soymaqlığa xalqı ki, qoçaq…
Zəngin və çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinin parlaq səhifələrini yazan, milli-mənəvi oyanışın carçısı kimi çıxış edən Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də doğulub boya-başa çatdığı Şamaxı şəhərində vəfat etmişdir. Onun söz xəzinəsi zamanın sınağından keçərək bu gün də öz mənəvi təsirini qoruyub saxlayır. Seyid Əzim Şirvani yalnız dövrünün deyil, bütün zamanların ziyalısı, maarifpərvər, milli ruhlu ədib kimi xalqın yaddaşında əbədiləşir. Onun adının yaşaması, ədəbi irsinin qorunması və tədqiq olunması bu gün dövlət səviyyəsində də xüsusi diqqət mərkəzində saxlanılır. mədəniyyətə və klassik ədəbiyyatımıza göstərilən yüksək dövlət qayğısının nəticəsi olaraq Seyid Əzimin irsi müxtəlif tədqiqatlarda öyrənilir, əsərləri yenidən nəşr olunur, onun adını daşıyan mədəniyyət ocaqları və məktəblər fəaliyyət göstərir. Prezident İlham Əliyev bu il aprelin 4-də Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Mədəniyyətin və ədəbiyyatın milli dəyərlər kimi təşviq edildiyi müasir Azərbaycan dövləti Seyid Əzim kimi ziyalıların xidmətlərini gələcəyə işıq salan örnək kimi qiymətləndirir. Bu mənəvi irs gənc nəslin milli-mənəvi tərbiyəsində, azərbaycançılıq düşüncəsinin dərinləşdirilməsində mühüm əhəmiyyət daşıyır.
Fidan Əliyeva,
"Respublika" qəzeti