Stefan Sveyq
Almaniyanın məşhur bioqrafiya yazarı, araşdırmaçı və publisisti Stefan Sveyq... Həyatı əsərləri qədər maraqlı olmayan, hətta son dərəcə faciəli sonluqla bitən bu yazıçı daha çox "Ürəyin səbirsizliyi" romanı ilə məşhurlaşıb. Sanki taleyindən xəbərdarmış kimi, tanınmış əsərini də bu sözlərlə başlayıb: "Düz yolla getməyə can atmayanda, dolanbac həmişə daha cəzbedici görünür...".
Vyanada yəhudi əsilli, varlı bir fabrikant ailəsində dünyaya göz açan yazıçının, uşaqlığı və gəncliyi haqqında o qədər də çox məlumat yoxdur. Hər zaman özü haqda xəsisliklə danışan Stefan Sveyq yaradıcılığı ilə yanaşı, xanımını da intihara sürükləyən dahi kimi yadda qalıb.
Nasistlərin labüd qələbəsinə inanaraq Petropolis (indiki Braziliya) şəhərində ümidsizliyə qapılan yazıçı, arvadı Şarlotta ilə birgə böyük dozada yuxu dərmanı içməklə intihar edir. Belə ki, Pirl-Harber hadisəsi və Sinqapurun məğlubiyyətindən sonra Sveyq dünyada şər qüvvələrin qalib gəldiyini zənn edir və bu cür dünyada yaşamaq istəməyib həyatdan getməyə qərar verir. Arvadı isə onun bu qərarına etiraz etmir və taleyini onunla bölüşməyə razı olur.
Ər-arvad ölümlərindən öncə hətta bir neçə məktub da yazırlar. Şarlotta öz hərəkətinə bəraət qazandıraraq, ölümün həm Stefan, həm də özü üçün qurtuluş və yeganə çıxış yolu olduğunu söyləyir. Yeri gəlmişkən, qadın uzun illər idi ki, astmadan əziyyət çəkirdi.
Sveyq isə belə yazmışdı: "Altmışdan sonra həyatı yenidən başlamaq üçün adama xüsusi güc lazım olur. Mən isə illərdir vətəndən kənarda bütün qüvvəmi tükətmişəm. Bir də ki, ən yaxşısı, indi dik başla mövcudluğa son qoymaqdır. O mövcudluğa ki, əsas sevinci intellektual iş, ali dəyər isə şəxsi azadlıqdır. Bütün dostlarımı salamlayıram. Qoy onlara uzun gecədən sonra Günəşin doğmasını görmək nəsib olsun! Mənsə həddən ziyadə səbirsizəm və onlardan əvvəl buranı tərk edirəm".
"İnsanlar üçün tənhalıqdan betər bir şey yoxdur", Sveyqin faciədən iyirmi il öncə "Yad qadının məktubları" novellasında belə yazırdı...
Yazıçı özünə qəsd edəndə bütün dünya müharibə xəbərlərini bir kənara qoyub bu əhvalatdan yazmağa başlamışdı: "60 yaşlı yazıçı dövrün vəhşiliklərinə dözə bilməyib özünü öldürdü" ...Cütlüyün hətta ölüm anında belə bir-birini qucaqlaması səhnəsi bütün qəzetlərin ilk səhifəsini "bəzəmişdi". Yeri gəlmişkən qeyd edək ki, məşhur yazıçı Erix Mariya Remark bu faciəli epizodu özünün "Cənnətdə kölgələr" romanında əks etdirib: "Əgər onlar həmin axşam heç olmasa telefonla içlərini tökməyə kimisə tapsaydılar, bəlkə də, bu bədbəxtlik baş verməzdi. Lakin Sveyq qürbətdə özgə insanların əhatəsindəydi".
Müharibənin səs-küyü olmasaydı yəqin ki, qəzetlər, uzaq Rio-de Janeyrodakı qəbiristanlıqda yanaşı dəfn edilən cütlüyün həyat hekayəsini Romeo və Culyetta rəvayətinə bənzədərdi...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.