Süleyman Ələsgərov
Xanımı toy şənliyində qollarında can verdi, həyatı boyu hamı ona "Cəbiş müəllim" deyə müraciət etdi... Söhbət "Bizim Cəbiş müəllim" filmində yaratdığı əsl müəllim obrazı ilə yaddaşlarda qalan Xalq artisti Süleyman Ələsgərovdan gedir...
Süleyman Ağababa oğlu Ələsgərov Bakıda dünyaya gəlib. Yeddiillik təhsilini başa vurduqdan sonra Maliyyə Texnikumunu bitirib. Daha sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olsa da, təhsilini yarımçıq qoyub aktyorluq edib. İki dəfə ailə quran aktyorun ilk nikahından bir qızı dünyaya gəlib. Lakin qısa müddət keçəndən sonra cütlük ayrılıb. Ayrıldığı xanım isə gənc yaşlarında dünyasını dəyişib. Aktyorun qızını anası saxlayıb. Növbəti evliliyi isə bacısının rəfiqəsi ilə olub. Hər gün bacısı ilə tamaşalara gəlib baxan Leyla adlı qız Süleyman Ələsgərovun könlünə yatır. Ancaq qızın atası "mən aktyora qız vermərəm" deyib, elçiləri əliboş qaytarır. Qızının "həri"sini isə növbəti elçilərə verir. Leyla xanım anasının köməyi ilə aktyora qoşulub qaçır. Bir müddət sonra Leylanın atası onların evlənməsinə razılıq verir. Süleyman Ələsgərov ömrünün sonuna kimi qayınatasının ən sevimli kürəkəni olur, ona oğulluq edir.
Aktyor "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir neçə filmdə kiçik epizodlara çəkilib. Onun ən populyar ekran obrazı "Bizim Cəbiş müəllim" filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Aktyor bu rolda özünü ifa edir. Belə ki, o, həyatda da Cəbiş müəllim kimi sakit, sadə insan olub. Bu obraz Süleyman Ələsgərova çox böyük məşhurluq gətirir. Adamlar onu küçədə görəndə "Cəbiş müəllim" deyə çağırırdılar. Aktyor isə bundan əsəbiləşib deyirmiş ki, axı mənim öz adım var. Öz adımla çağırın. Aktyorun sözlərinə görə, filmin rejissoru Həsən Seyidbəyli onun ifasına razı deyilmiş. Süleyman Ələsgərov müsahibələrinin birində bu haqda deyir: "Bir dəfə də olsun, demirdi ki, yaxşı oynayırsan. Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi, əhsən, qiyamətsən! Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra filmi camaat da tərifləməyə başladı.
Aktyor çox sevdiyi həyat yoldaşını erkən itirir. İnfarkt keçirən xanımını beş il müalicə etdirsə də, faydası olmur. Günlərin birində onlar ailəvi toy məclisinə gedirlər. Toyda rəqs etdikləri yerdə Süleyman Ələsgərovun xanımının vəziyyəti qəfildən pisləşir və aktyorun qollarında dünyasını dəyişir. Bu gözlənilməz hadisə ona böyük zərbə olur. Onu saatlarla sevdiyi qadının cansız bədənindən ayıra bilmirlər. Həmin hadisədən sonra aktyor böyük depressiya yaşayır, özünə qapanır, heç kimlə kəlmə kəsmir. Xanımının şəklini böyüdüb evin divarından asır. Bəzən saatlarla şəkillə üz-üzə oturub söhbət edir. Şəklə baxaraq pianoda xanımının sevdiyi mahnıları ifa edir. Sonralar aktyora yaşda ondan xeyli kiçik olan xanımlar yaxınlaşır, onunla münasibət qurmaq istəyirlər. Lakin bu təkliflərin hamısını rədd edir. Onu yenidən həyata qaytaran yeni doğulan qız nəvəsi olur. Aktyor nəvəsinə Leyla adını verir. Yaxınlarına deyir ki, mənə elə gəlir, Leyla geri qayıtdı.
83 yaşında xəstələnib yatağa düşür. Ölümünə bir gün qalmış dekabrın 9-u saat 9-un yarısında qızını yanına çağırıb deyir: "Ananı niyə qapıda saxlamısan, burax, gəlsin içəri. Mənim vaxtıma hələ var. Saat 6-ya 20 dəqiqə işləmiş gedəcəm". Gecəni narahat yatan Süleyman Ələsgərov dekabrın 10-da səhər saat 6-ya 20 dəqiqə işləmiş dünyasını dəyişir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.