29 yanvar, 2024
Paylaş:

Süleyman Rəhimov

"Şamo", "Saçlı", "Mehman" kimi məşhur əsərləri ilə oxucularının qəlbində taxt quran Xalq yazıçımız  Süleyman Hüseyn oğlu Rəhimov... Dəfələrlə "KQB"yə çağırılan, qızının ad günündə dünyadan köçən bu yazıçı həqiqətənmi Mehdi Hüseynin ölümündə günahkar idi? Bəs Nəbi Xəzri ona  niyə sillə vurmuşdu?..

Yazıçı Qubadlı rayonunun Əyin kəndində Hüseyn bəy və Gülsabah xanımın ailəsində dünyaya gəlib. Atası Hüseyn bəy oğlunun təhsil alması üçün çox çalışıb. Süleyman kənd mollasından əlifbanı öyrənib, sonra Qubadlıda beşillik rus məktəbində oxuyub.  Gələcək ədibin uşaqlıq və gəncliyi çətin illərə, inqilabi mübarizələr və sarsıntılar dövrünə təsadüf edib. O, milli dövlətin qurulduğu və fəaliyyət göstərdiyi illəri görüb. Azərbaycanda sovet hakimiyyəti milli demokratik respublikanı devirdikdən sonra Süleyman Rəhimov inqilab komitəsində kənd mirzəsi işləyib. Şuşada açılan pedaqoji kursa göndərilib və burada təhsilini başa vurduqdan sonra Qubadlı, Laçın, Zəngəzur rayonlarında bir müddət müəllimlik edib. Müəllimliklə yanaşı, o, çalışdığı kənd və rayonlarda həm də ictimai işlərdə fəal iştirakçı olub. Təhsilini artırmaq istəyən Süleyman Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxuyub, həm də  kurslarda dərs deyib. Ədibin yazıçılıq fəaliyyətinə başlaması bu illərə təsadüf edir. O, hələ universitet tələbəsi ikən "Şamo" romanının ilk variantını yazıb.

Deyilənə görə, ədibin özünəməxsus, qeyri-adi yazı metodu varmış. O, yazı masası arxasına keçəndə bir qab dovğa hazırlatdırıb yanına qoyar, iri çömçə ilə içə-içə yazarmış. Yoldaşı ərinin bu xasiyyətini bildiyindən hər otağa iri vedrələrə dovğa doldurub qoyurmuş. Papiros çəkməsə də, hərdən məclislərdə içki içməyi xoşlayırmış. Yazıçının ən çox sevdiyi içki isə konyak və tut arağı imiş.

Bir gün Süleyman Rəhimov yazıyla məşğul olduğu zaman pəncərədən otağında güzgü qarşısında özünə bəzək-düzək verən qonşu qadını görür. Erməni əsilli bu qadın limonad sexinin müdirinin arvadıymış. Yoldaşı gecənin tən yarısına kimi işlədiyi üçün  tək-tənha evdə gözləməkdən darıxdığından aldığı pal-paltarları geyinib-soyunurmuş. Deyilənə görə, bu mənzərə ilə tez-tez rastlaşan Süleyman Rəhimov bir müddət axşamlar diqqətini yazıya verə bilməyib.

Yazıçı çox zəhmətkeş adam olub. Sərt görünüşünə görə dostları onu qartala bənzədirdilər. Süleyman Rəhimov adətən başına çalpapaq qoyduğundan onun tərəfdarlarını "çalpapaqlılar" adlandırırdılar. Onu həmişə hökumətə yaxın yazıçı hesab ediblər. Özü isə deyirmiş ki, sağlığımda da məhkəmə qarşısında, öləndən sonra da xalqımın qarşısında durmağa hazıram. Əgər haradasa yazdığım donos varsa, külliyyatımı tökün qəbrimin üstünə, yandırın.

Onu Mehdi Hüseynin ölümündə günahlandırıblar. Azərbaycan Yazıçılar İttifaqında Süleyman Rəhimov və Mehdi Hüseyn arasında  tarixin ən amansız ixtilafı baş verib. İttifaqın iclaslarının birində cütlüyün mübahisəsindən sonra Mehdi Hüseynin ürəyi dayanıb və elə oradaca keçinib. Yazıçı Çingiz Hüseynov xatirələrində yazır ki, 1965-ci il mart ayının 10-da günün axırında Markov məni təcili olaraq yanına çağırtdırdı: "Onun kabinetinə daxil oluram. Markov qıpqırmızıdır, başdan-ayağa pörtmüş halda telefonda Bakı ilə danışır. Bir şey anlamadan "Necə öldürüblər?!" deyir və telefonun dəstəyini mənə uzadır. "Öyrən orada, Bakıda nə baş verib?". Dəstəyin digər ucunda Yazıçılar İttifaqının katibi Nəbi Xəzridir. O, həyəcanla qışqırır: "Mehdi Hüseyni öldürdülər, birbaşa iclasda...". Sonra isə qatillərin adını çəkir: "Süleyman Rəhimov!.. Məmməd Rahim!..". Mən soruşuram, bu nə cəfəngiyyatdır? Nəbi Xəzri isə təsdiq edir ki, onu öldürdülər!" Mehdi Hüseyn vəfat edən an hətta Nəbi Xəzri Süleyman Rəhimova sillə də vurmuşdu. Süleyman Rəhimovun oğlu isə müsahibəsində bu faktı qəbul etmir, yalan olduğunu söyləyir, eyni zamanda etiraf edirdi ki, Süleyman Rəhimov ona verilən evi belə Mehdi Hüseynə vermişdi.

Deyilənlərə görə, Süleyman Rəhimov nə az, nə çox, düz  8 dəfə "KQB"yə çağırılıb. Onlardan birinə səbəb isə "Şamo" romanındakı Göyərçin obrazı olub. Çünki yazıçı bu qadın obrazını ayağısürüşkən kimi qələmə alıb. Bu Sovet qadınına yaraşmayan hal hesab edilib.

Yazıçı həyatı boyu bir dəfə ailə qurub. Bu izdivacdan dörd oğlu, iki qızı (Oqtay, Şamo, Şəfiqə, Arif, Rəfiqə və Aqil) dünyaya gəlib. Ədib gələcək həyat yoldaşını Laçında müəllim işləyərkən sevib.  O, sevdiyi qıza görə dərs cədvəlini elə tuturmuş ki, bir gün boş zamanı olsun. Həmin günü atla qaranlıqda meşələri arxada qoya-qoya gəlib çatırmış qızın yaşadığı kəndə. Qaranlıqda qızın yaşadığı evin pəncərəsinə baxıb onun üzünü axtarırmış. Səkkiz-doqquz uşağın içində sevdiyi qızı axtarıb tapan yazıçı ona  bir xeyli baxdıqdan sonra, təzədən ata minib qayıdırmış.

Süleyman Rəhimov 83 yaşında vəfat edib. Qızının doğum gününə gedən yazıçı gecəni orada qalıb və səhər dünyasını dəyişib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()