Sultan Süleyman Qanuni
Osmanlı imperiyasının 10-cu sultanı olan Süleymana müsəlman dünyasında Süleyman Qanuni, Qərb dünyasında isə Möhtəşəm Süleyman deyirdilər. İmperiyanın inkişafının ən əzəmətli bir dövründə 46 il hökmranlıq edən Süleyman Osmanlı sultanlarından ən böyüyü idi. Onun oğlu Mustafanı "Quran" oxuyarkən boğdurması, daha 1 oğlu və 6 nəvəsini edama məhkum etməsi tarixdə heç də birmənalı qarşılanmamışdı...
Atası Osmanlı sultanı olan Yavuz Səlim, anası isə Krım xanı Məngli Gərayın qızı Ayşə Hafsə Sultan olan Süleyman Trabzon şəhərində dünyaya göz açıb. Uşaqlıq illərində yaxşı təhsil görən Süleyman ərəb və fars dillərini mükəmməl bilirdi. Muhibbi, Məftuni və Acizi ləqəbləri ilə qəzəllər yazan sultanın 2779 qəzəli mövcuddur.
Atasının vəfatından sonra 26 yaşında taxta çıxan Sultan Süleyman qısa müddət ərzində öz idarəçilik qabiliyyəti ilə hamının diqqətini cəlb etmişdi. Bir çox dövlətləri fəth edən bu şahın vaxtında Osmanlı imperiyası öz qüdrətinin ən yüksək səviyyəsinə qalxmışdı. 46 illik səltənət dövrü ilə Sultan Süleyman ən uzun müddət ərzində taxtda olmuş Osmanlı sultanıdır.
Xələflərin ənənəsinə sadiq qalaraq silahdarlara və kimsəsizlərə bəxşiş verən Süleyman əliaçıq olduğu qədər, cəza verməkdən də geri qalmırdı. Bu cəzalar onun düşüncəsinə görə, ədalətə söykənirdi. Kapitan Dərya Cəfər Bəy və bir neçə silahdara xalqa zülmünə, ən əsası isə öz qanından olanlara edam hökmü verməsinə görə "Qanuni" adlandırılmışdı.
Eşq macəraları ilə də yaddaşlarda qalan şahın bioqrafları onun hərəmxanasında nə qədər qadının olduğu barədə ümumi rəyə gələ bilməyiblər. Yalnız hökmdara övlad bəxş edən rəsmi kənizləri barədə bilgilər mövcuddur. Həyat yoldaşı Hürrəm Sultana olan məhəbbəti isə bir çox film, serial və romanların ilham mənbəyi olmuşdur. Hürrəm Qanuni Sultan Süleymanın ən sevimli qadını, nikahlı arvadı və Osmanlı tarixində əhəmiyyətli rol oynamış sultandır. Polyak əsilli yəhudi ailəsində doğulan Hürrəm Sultanın əsl adı Rokselanna idi (Anastasiya Lisowska). Gözəl olduğu üçün kiçik yaşda Ukrayna sərhədinin daxilində yerləşən Rohatin şəhərindən qaçırılmışdı. Sonra Krım Xanı tərəfindən Osmanlı sarayına hədiyyə edilən Hürrəm zəkası və bacarığı ilə padşahın diqqətini cəlb etmiş, hərəm qadınları və saraydakılar arasında özünə yer əldə etmişdi.
Adətən Hürrəm haqqında danışanda deyirdilər ki, o, sultanı cadulayıb. Əsl həqiqət ondaydı ki, Hürrəm Sultan Süleymanı doğrudan da sehrləmişdi. Sultan hiyləgər Hürrəmin işvələrindən qurtula bilmirdi və sözün həqiqi mənasında öz cariyəsinin əsirinə çevrilmişdi.
Hürrəmi Hürrəm edən əsas səbəb onun qadınlıq instinktinə tam tabe olması və heç nədən qorxmamasıydı. Elə bu səbəbdən də saraya gəldikdən cəmi bir il sonra, Osmanlı sarayının 3 ən güclü şəxsinə savaş açmaqdan və onlara meydan oxumaqdan çəkinmədi. Hürrəm hərəmdə keçirdiyi bir ildən sonra hədəflərini yaxşı bilirdi. Birincisi Süleymanın güvəndiyi və sevdiyi tək qadın olmalıydı. İkincisi taxtın varisi onun oğlu olmalıydı. Üçüncüsü isə üç qitədə hökm edən qoca Osmanlı xanədanını o yönəltməliydi. Və demək olar ki, bunların hamısına nail oldu da...
Sultan Süleyman arzuladığı kimi, döyüş zamanı həlak olub. Bu, Macarıstanın Szigetavr qalasının mühasirəsi zamanı baş verib. 71 yaşında vəfat edən Süleymanın son vəsiyyəti isə belə olmuşdu: “Mən öləndə əlimin birini tabutdan çölə çıxarın, insanlar görsün ki, Şah Süleyman bu dünyadan əliboş gedir...”.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.