18 sentyabr, 2025
Paylaş:

Tarixin, milli şüurun poetik tərənnümü

Xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə 16 avqust 1925-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki şəhərində anadan olmuşdur. Şəkinin zəngin ədəbi mühiti və tarixi irsi gənc Bəxtiyarın estetik duyumunun formalaşmasında mühüm rol oynamışdır. İlk təhsilini elə bu şəhərdə almış, orta təhsilini Bakıda başa vurmuşdur. Əla qiymətlərlə orta məktəbi bitirən B.Vahabzadə Azərbaycan Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinə daxil olmuşdur. Bu da onun ədəbi və elmi istiqamətdə gələcək inkişafına zəmin yaratmışdır. Bəxtiyar Vahabzadənin ilk şeiri 1944-cü ildə nəşr olunmuşdur. O vaxtdan etibarən şeirləri, elmi və ictimai-siyasi məqalələri müntəzəm olaraq dövri mətbuatda çap edilmişdir. Gənc olmasına baxmayaraq, 1945-ci ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilməsi onun ədəbi sahədə sürətlə tanıtmışdır.

1947-ci ildə filologiya fakültəsini uğurla başa vuran B.Vahabzadə 1951-ci ildən həmin fakültədə müəllimlik fəaliyyətinə başlamışdır. Bəxtiyar Vahabzadə elmi sahədə də əhəmiyyətli uğurlar qazanmışdır. O, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, "Səməd Vurğunun sənətkarlıq yolu" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmiş və 1964-cü ildə Elmlər doktoru adına layiq görülmüşdür. B.Vahabzadə həmçinin Türk dünyasının tarixi və mədəni irsi ilə bağlı araşdırmalar aparmaq məqsədilə dəfələrlə Türkiyəyə səfər etmişdir. Səfərlər nəticəsində onun ədəbi və mədəni əlaqələri genişlənmiş, Türkiyədə də tanınmışdır. O, Türkiyəni öz vətəni qədər sevmiş, bu sevgi həm yazılarında, həm də ictimai fəaliyyətində öz əksini tapmışdır. Türkiyənin tanınmış yazıçı və alimləri onun haqqında çoxsaylı məqalələr yazmış və nəşr etdirmişlər. Bəxtiyar Vahabzadə poeziyasında həm klassik, həm də müasir Azərbaycan şeirinin bütün əsas xüsusiyyətlərini birləşdirərək özünəməxsus üslub yaratmışdır. Onun əsərlərində vətən, milli kimlik və azadlıq mövzuları dərin mənalarla ifadə olunmuşdur. Həm əruz, həm də sərbəst vəzndən istifadə edən şair əsasən heca vəzninə üstünlük vermişdir.

Bəxtiyar Vahabzadənin elmi və ictimai fəaliyyətində tarix və mədəniyyətə hörmət, ana dilinin təmizliyinin qorunması əsas istiqamətlərdəndir. O, həm müəllim, həm ictimai xadim, həm də vətəndaş kimi Azərbaycan dilini və milli mədəni irsi təbliğ edən, qoruyan, zənginləşdirən nüfuzlu şəxsiyyət idi. Bəxtiyar Vahabzadə müasir Azərbaycan ədəbi dilinin inkişafına xüsusi xidmət göstərmişdir. Şairin əsərlərində vətəndaş mövqeyi aydın görünür. Ustada görə hər bir şair vətən sevgisinin təmsilçisi olmalıdır. Onun fikrincə, şair milli mədəniyyəti, vətən sevgisini, ana, qardaş və övlad məhəbbətini ən gözəl və mənalı şəkildə, qeyri-adi duyğularla ifadə etməli, haqq və həqiqət yolunda mübarizə aparmalıdır. Xalqın özünüdərkində, milli ruhun oyanmasında və bədii-fəlsəfi fikir tariximizin inkişafında Bəxtiyar Vahabzadənin xidmətləri əvəzsizdir. Onun əsərləri vətəndaşlıq narahatlığı ilə yazılmış və xalqın mövqeyini müdafiə edən nümunələr kimi diqqət çəkir. Bəxtiyar Vahabzadə ictimai-siyasi və mənəvi məsələlərdə də sözünü açıq ifadə etməkdən çəkinməyərək, ən yüksək kürsülərdə belə xalqın haqqını qorumağa çalışmışdır. Şair ruslaşmış, yad dəyər və adətlərə, dəblərə düşkün bəzi zümrələri şeirlərində qınamışdır. Şair təqlidçiliyi şəxsiyyətsizlik sayıb. Ona verilən bir suala: "Mənim türk gənclərinə, eyni zamanda Azərbaycan gəncliyinə sözüm budur: kökdən, soydan ayrılmayın!.. Türk gəncləri Qərbə çox meyillidir. Halbuki, türklərin Qərbdən bəzi texniki məlumatlar xaricində alacaqları bir şey yoxdur...".

Şairin əsərlərində sözün gücü ilə həyat fəlsəfəsi, insan və cəmiyyət problemləri aydın və məzmunlu şəkildə ifadə olunur. B.Vahabzadə belə deyirdi:

"Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır.

Şam əgər yanmırsa, yaşamır demək,

Onun yaşamağı yanmağındadır!"

Bəxtiyar Vahabzadənin ilk kitabı "Mənim dostlarım" lirik şeirlərində faşizmə qarşı mübarizədə qalib gəlmiş xalqımızın duyğu və düşüncələri poetik şəkildə əks olunmuşdur. Onun lirik şeirləri, poemaları və mənzum pyesləri dövrün sosial-siyasi problemlərini fəlsəfi və bədii şəkildə təqdim edir. Bir çox pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuş və geniş tamaşaçı auditoriyasına çatdırılmışdır. Şair yalnız yaradıcılıqla kifayətlənməyib, həm də tənqidçi və ədəbiyyatşünas kimi fəaliyyət göstərmişdir. 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki imperiya arasında bölünmüş Azərbaycanın faciəsini işıqlandıraraq xalqın azadlıq və müstəqillik uğrunda mübarizəsini poetik dildə əks etdirmişdir. Bu əsər B.Vahabzədəyə qarşı repressiyalara səbəb olmuş, 1962-ci ildə "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən uzaqlaşdırılmış, yalnız iki il sonra işinə bərpa olunmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının professoru olub. Şairin yaradıcılığında sovet rejimində milli varlığı tapdanmış və hər cür məhrumiyyətlərə məruz qalmış xalqın dərdləri müxtəlif bədii üsullarla ifadə olunmuşdur. Onun iri həcmli poema və pyeslərində hadisələr tarixi kontekstdə milli şüurun və azadlıq arzularının səsi kimi təqdim edilir. Sovet diktaturasını ifşa edən əsərləri isə Sovet İttifaqı dağıldıqdan sonra "Sandıqdan səslər" adı altında nəşr edilmişdir. O, xalqı oyatmaq məqsədilə əsərlərini milli mövzuların ən güclü və dərin mənaları ilə zənginləşdirmişdir.

Bəxtiyar Vahabzadənin elmi-bədii irsi son dərəcə zəngindir. O, 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisistik kitabın və yüzlərlə məqalənin müəllifidir. Eyni zamanda, tarixi və müasir mövzuları əhatə edən 20-dən artıq iri həcmli poema yazmışdır. Bu əsərlər şairin yaradıcılıq diapazonunun genişliyini, həmçinin milli şüur, azadlıq və sosial ədalət kimi mövzulara sadiqliyini nümayiş etdirir. Şairin şeir kitabları, dramları və publisistik yazıları ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və keçmiş sovet xalqlarının dillərinə tərcümə edilmişdir.

Şairin əsərlərində azərbaycançılıq həm də mənəvi dəyərlərin, milli kimliyin və vətənpərvərliyin ifadəsi kimi təqdim olunur. Bəxtiyar Vahabzadənin məşhur misraları "Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq - öz yurduma öz hakimliyim" misraları xalqın şüurunda milli qürur və müstəqillik ideyasını simvolizə edir. Burada bayraq fərdi və milli kimliyin, tarixi və gələcəklə bağlı duyğuların birləşdiyi poetik obraz kimi təqdim olunur. Azərbaycançılıq ideyası,  ümumtürk mənşəli milli-mənəvi məfkurə şairin əsərlərinin mərkəzində dayanır və onun poeziyasında mənəvi və tarixi rol oynayır.

"Azərbaycan, adın oddur,

                    özün - işıq, sözün - işıq.

Biz də sənin bu müqəddəs

                    torpağından boy atmışıq,

Sənsən bizim bu dünyada

                    məsləkimiz, amalımız,

Yolumuza işıq saçsın

                    ulduzumuz, hilalımız".

Burada şair milli mənsubiyyətin, tarixi yaddaşın və gələcəyə ümidin sintezini yaradır. Azərbaycan xalqının keçmişdən gələcəyə uzanan mədəni və mənəvi yolunu poetik dil vasitəsilə canlandırır.

Bəxtiyar Vahabzadənin dram əsərləri Azərbaycan tarixinin mühüm hadisələrini canlandırmaqla yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində böyük rol oynamışdır. Onun pyesləri xarici ölkə teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifə geniş şöhrət qazandırmışdır.  Azərbaycan Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah" və "Dar ağacı" kimi pyesləri tamaşaya qoyulmuşdur. Şairin dramaturgiyası tarixi və müasir mövzuları əhatə edən 20-dən artıq iri həcmli poemanın möhtəşəm poetik təzahürüdür. Həmin əsərlər Azərbaycan poeziyasında vətəndaşlıq ruhunun güclənməsində, milli şüurun formalaşmasında və bədii-estetik imkanların genişlənməsində müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadənin yaradıcılığı həm milli kimlik, həm də vətənpərvərlik mövzularını yeni poetik səviyyədə təqdim edərək ədəbiyyatın ictimai-siyasi funksiyasını gücləndirmişdir.

Şairin ədəbi-elmi və ictimai fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1974-cü ildə Əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatlarına layiq görülmüşdür. 1985-ci ildə ona Azərbaycan Xalq şairi fəxri adı verilmiş, 1995-ci ildə milli azadlıq mübarizəsindəki xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif olunmuşdur. Bununla yanaşı, şair bir sıra digər orden və medallara da layiq görülmüşdür. Bəxtiyar Vahabzadə həm görkəmli şair, həm dramaturq, həm də ədəbiyyatşünas kimi tanınmış, Azərbaycan və SSRİ Dövlət mükafatlarının laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru və professor olmuşdur. O, həmçinin Prezidentin fərdi təqaüdçüsü statusuna sahib idi. Görkəmli ədib 2009-cu il fevralın 13-də ömrünün 84-cü ilində dünyasını dəyişmişdir. 2015-ci ilin 16 avqustunda Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibətilə Heydər Əliyev Sarayında təntənəli tədbir keçirilmişdir. 2020-ci ilin 16 avqustunda da Bəxtiyar Vahabzadənin 95 illik yubileyi münasibətilə müxtəlif tədbirlər keçirilmişdir. Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan tədbirlər çərçivəsində şairin əsərləri və həyatına həsr olunmuş sərgilər təşkil edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 21 fevral 2025-ci il tarixində "Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamına uyğun olaraq paytaxtda və bölgələrdə Xalq şairinin yubileyinə həsr edilmiş silsilə tədbirlər keçirilir.

 

Nəzrin Eldarqızı,

"Respublika" qəzeti

 

 

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()