25 iyun, 2022
Paylaş:

Tək inci – Xan Qızı Natəvan

Bakı, 25 iyun, Ədəbiyyat qəzet

Xurşidbanu Natəvan zəngin, dolğun və mənalı yaradıcılıq yolu keçən, XIX əsr Azərbaycan ədəbiyyatının zənginləşməsində  özünəməxsus yeri olan şairlərdən biridir.

Yaradıcılığının ilk vaxtlarında  «Xurşid» imzası ilə, daha sonra «Natəvan»  təxəllüsü götürərək, dərin məzmunlu qəzəllər yazan şairənin şeirləri hələ sağlığında ikən dillər əzbəri olmuşdur. Götürdüyü təxəllüsdən də məlum olur ki, o, şeirimizə narahat bir ilhamla gəlmiş, zəmanədən, xüsusilə də taleyindən şikayətçi olmuş,Füzulidə olduğu kimi,onun lirikasında da sevinclə kədər birləşərək vəhdət yaratmış, ədalətlə haqsızlığı, xoşbəxtliklə bədbəxtliyi törədən səbəblərin mahiyyətini açmağa çalışmış , cəmiyyət və təbiət qanunları ilə barışa bilməmişdir.

                                              Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,

                                              Nə bu aləm əra dil müqəyyədi – qəm olaydı .

Dünyanın ədalətsiz qanunlarına qarşı öz etiraz səsini ucaldan şairə 17 yaşlı oğlu Mirabbası itirəndən sonra bir daha gülməmiş, qəm – qüssə içində yaşamış, şeirlərinə göz yaşları qarışmış, bu şerlərin ruhunu dərd, kədər, ümüdsizlik təşkil etmişdir. Fələyin amansızlığından şikayət edən şair yazırdı:

                   Nə yaxşı günlər idi, səninlə munis idim,

                    Zəmanə indi edib sinə dağlı lalə məni.

                                             Vüsalə yetməyibən zarü natəvan qaldım,

                                           Edib fələk yenə həsrət o mah cəmalə məni.

 Xurşidbanu Natəvan ailədə yeganə övlad olduğu üçün ona sarayda «Tək inci» adlandırsalar da, ona xalq arasında «Xan qızı» - deyə müraciət edirdilər.

O, təkcə şair kimi fəaliyyət göstərmirdi, həm də öz dövrünün tanınmış və realist rəssamlarından biri kimi  də şöhrət qazanmışdı. Onun bu günə gəlib çıxan albomunda lalə, qərənfil güllərinin,qovaq ağacının, Şuşaya aid bir mənzərənin... şəkilləri vardır. Bu rəsm əsərləri onun istedadlı bir rəssam olduğunu bir daha təsdiqləyir.

Xurşidbanu  Natəvan həm də xeyriyyəçi, olduqca xeyirxah bir qadın kimi də tanınır. Onun ən böyük xeyriyyəçilik işi İsa bulağından Şuşa qalasına su çəkdirməsidir. Əhalinin içməli su ilə təmin edən şairə xanım, eyni zamanda Şuşada hovuz, hamam, buzxana və s. inşa etdirmiş, şəhərdə park saldırıb xalqın istifadəsinə vermişdir.

O, yoxsulların, kimsəsizlərin müdafiəçisi olmaqla yanaşı, kasıblara əl tutar, ehtiyacı olanlara qayğı göstərərdi. Kasıb adamlara tez-tez baş çəkən şairə oturduğu döşəkçənin altına 100 manat pul qoyar və bunun səbəbini belə açıqlayarmış: “Hər dəfə bir kasıbı sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir”.

Xürşidbanu Natəvan həm də gözəl şahmat oyunu ilə hamını heyrətləndirərmiş. Heç də təsadüfü deyildir ki, o məşhur fransız yazıçısı Aleksandr Düma ilə də görüşmüş, onunla şahmat oynamış və onu təəccübləndirmişdir.

Aleksanddr Düma Şərq qadınının bu cür yüksək intellektə maliik olmasını yüksək qiymətləndirmiş və ona şahmat taxtası bağışlamışdır. Həmin şahmat taxtası hazırda Nizami adına Ədəbiyyat muzeyində qorunub saxlanmaqdadır.

Xürşidbanu Natəvan həm də Şərq təbabətinin gözəl bilicisi olmuş, bir çox xəstələri türkəçarə ilə müalicə etmişdir.   

O hərtərəfli istedada malik olan xeyriyyəçi, gözəl tikmələr yaradıcısı olan qabiliyyətli qadın, hamını valeh edən şahmat oyunçusu, cıdır yarışları üçün xüsusi Qarabağ atları yetişdirən iş adamı kimi tanınırdı. Amma o, incə ruhlu şair kimi daha çox şöhrət qazanmışdı.

Xan qızı Natəvanın şəxsiyyətini, ictimai fəaliyyətini xalqımız yüksək qiymətləndirmiş, adını əbədiləşdirmişdir. Azərbaycanda həm də haqq tərəfdarı, xeyirxahlıq simvolu olaraq tanınan və sevilən şairənin 1960-cı ildə Bakıda heykəli, 1982-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə Şuşada büstü ucaldılmışdır.

1992-ci ildə Şuşanı işğal edən erməni vandaları şəhərdəki tarixi-memarlıq və mədəniyyət abidələrini dağıdarkən Xan qızının büstü də  “terrora” məruz qalmış, amma 44 günlük Vətən müharibəsindən sonra onun büstü əzəli məkanına qaytarılmışdır.

Bu gün Şuşada yenidən ucalan və müzəffər ordumuzun, Ali Baş Komandanımızın, zəfərimizin təntənəsini nümayiş etdirən Xan qızının büstü də mənəvi dəyərlərimizə ehtiramın bariz nümunəsidir.

Möhtərəm Prezidentimizin Xürşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalanması xalqımız tərəfindən sevinclə, minnətdarlıqla qarşılandı. Sərəncamda da deyildiyi kimi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığının xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir.

Xürşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustadlarındandır.

O, vətənin rifahı naminə canını, varını əsirgəmiyən, Danko kimi xalq yolunda ürəyini məşəl edən həm şairə, həm də el anası kimi ədəbiyyat tariximizdə mühüm yerlərdən birini tutur.

Bu gün Qarabağın əngin səmalarında, azad Şuşada ruhu dolaşan Xürşidbanu Natəvanın Qarabağın hər daşında, torpağında, otunda, çiçəyində, ağacında Cıdır düzündə ... nişanəsi var. Bu gün bizimlə birlikdə Xan qızının da müqəddəs ruhu əbədi və əzəli yurdumuza-Qarabağa, Mədəniyyət Paytaxtımız əziz Şuşaya qayıdıb.

Bu qayıdış əbədidir.

Aslan Cəfərov,

C.Cabbarlı adına Respublika

Gənclər Kitabxanasının direktoru

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()