Tələt Rəhmanov
"Bibi, bibi, can bibi, Can sənə qurban bibi" - "Qaynana" filmindən eşitdiyimiz bu sözlər kifayət edir ki, sevilən aktyor Tələt Rəhmanovun siması gözümüzün önündə canlansın. "Xalq düşməni"nin oğlu kimi damğalanan, can verərkən zarafat etdiyi düşünülən aktyor İçərişəhərdə dünyaya gəlib. Atası repressiya qurbanı olduğu üçün ona kiçik yaşlardan anası baxıb. Nəsillərində incəsənət aləminə təkcə o maraq göstərib. Gənc yaşlarından kinostudiyada çalışıb, 70-dən çox filmdə müxtəlif rollar canlandırıb. Bunların bir çoxu epizodik rollar olub. Zamanla film direktoru, rejissor assistenti kimi vəzifələrdə də işləyib. Tələt Rəhmanov fəxri ad almasa da, oynadığı rollar tamaşaçıların yaddaşında silinməz iz qoyub… "Qaynana"da Əli, "Sehirli xalat"da "milisoner", "Arşın mal alan"da nökər Vəli, "Uzaq sahillərdə"də xidmətçi, "Kişi sözü"ndə kolxoz sədri Bayandur...
Tələt Neft Akademiyasına qəbul olunsa da, dərsə gedəndə ona sən "xalq düşməni"nin oğlusan, daha gəlmə deyirlər. Çarəsiz qalıb Teatr Texnikumuna daxil olur. Tale elə gətirir ki, ona və Rəhmanovlara qarşı bu repressiyanı təşkil edən şəxslərdən biri onlarla bir evdə qalır. Həmin şəxs həm də kinostudiyada Tələt Rəhmanovla bir yerdə işləyir, lakin aktyor o şəxsə qarşı heç bir sərt reaksiya bildirmir.
Çox mehriban, ünsiyyətcil insan olan aktyor həyat yoldaşı Minə xanıma çox dəyər verib. Hətta iştirak etdiyi toy və ya şənliklərdən solfetin arasına kabab və ya şirniyyat qoyub evdəkilərə gətirib, sizsiz mənim boğazımdan keçməz deyib. Minə xanım da ona sanki övladı kimi, xüsusi qayğıkeşliklə yanaşırmış. Hətta deyilənlərə görə çəkiliş meydançasında aktyorun yeməyini Minə xanım özü gətirirmiş. Aktyor həm də çox cəsarətli insan olub. SSRİ daxili işlər nazirinin kabinetində o qədər rahat danışırmış ki, hamı təəccüb edirmiş. Hamının deyə bilmədiyi sözləri, həqiqətləri zarafatla, ya da ciddi şəkildə rahatlıqla deyərmiş. Tələt Rəhmanovun Gülnarə adlı bir qız övladı olub. O, beyin qansızmasından dünyasını dəyişib. Gülnarə xanımın qızı Kəmalə xanım müsahibələrinin birində deyir: "Babam evə gələndə hər şey yerində olmalı idi. Səliqəni çox sevirdi. İşdən evə gələndə mütləq çayı, yeməyi hazır olmalı idi. Təzə dəmlənmiş çayı çox sevirdi. Bəlkə, gündə 10 dəfə mənə çay dəmlətdirirdi. Yeməklə arası yaxşı idi. Ən çox düşbərə, qutabı sevirdi. Tələt Rəhmanovun üç nəvəsi vardı - mən və iki qardaşım. 13-14 yaşlarım olanda bəzən geyimimə görə məndən narazılıq edirdi. Lakin heç vaxt narazılığını mənə bildirməyib. Deyirdi ki, hansı sahəyə gedirsən get, incəsənətdən başqa. Hətta belə bir əhvalat olmuşdu. "Tənha narın nağılı" filmində oynamaq məqsədilə anam filmin çəkilişi üçün məşqlərə qoşulmuşdu. Babam da işə gələndə anamın şəkillərini görüb. Deyiblər ki, Gülnarəni filmə çəkəcəyik. Babam da "mənim icazəm yoxdur" deyib, həmin şəkilləri cırmışdı. Anam da məcburiyyətdən sonralar incəsənətdən uzaq durdu, müəllimlik ixtisasını oxudu".
Ondan gec bu sahəyə gələnlər ad almışdılar, o da təbii olaraq istəyirdi ki, gördüyü işlərin qarşılığı olaraq fəxri ad alsın. Lakin heç vaxt bunu dilə gətirməyib. Narazılığını həmişə qəlbində saxlayıb.
Ölümündən bir müddət əvvəl infarkt keçirir. Öləndə həyat yoldaşı elə bilib ki, zarafat edir. Həmin gün çəkilişdən gəlir və bu haqda ağızdolusu danışır. Danışdığı yerdə qəfil səsi xırıldamağa başlayır. Həyat yoldaşı deyir ki, "ay Tələt, bəsdi də aktyorluq elədin". Sonra görüblər ki, o, özündən gedir. Həkimlər gələnədək isə artıq gec olur. Tələt Rəhmanov vəfat edəndən sonra həyat yoldaşı xəstəliyə tutulur. Demək olar, hər gün ağlayır. Hər həftə onun məzarını ziyarət edir. Aktyorun vəfatından 4 il sonra Minə xanım da dünyasını dəyişir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.