26 dekabr, 2022
Paylaş:

Teodor Drayzer

Məşhur   "Kerri bacı" romanının müəllifi, dünyaşöhrətli Amerika yazıçısı Teodor Herman Albert Drayzer... Yəqin çoxları elə düşünür ki, yazıçının irihəcmli bu əsəri çap edildiyi gündən ona şöhrət qazandırıb. Amma əslində bu roman heç də ona şöhrət gətirməyib. Sözün əsl mənasında rüsvayçılıq gətirib...

Ailədə 12-ci övlad olan Teodor çox erkən yaşlarda atasını tikintidə aldığı ciddi xəsarət səbəbindən itirmiş, anasının himayəsində böyümüşdür. Buna görə də, gələcək yazıçı çox erkən yaşlarında sərbəst həyata başlamalı olmuşdur.  Restoranlarda təmizlik işçisi, qabyuyan, dükanda fəhlə işləyən Teodor  universitetə qəbul olsa da, kasıbçılıq ucbatından təhsilini yarımçıq buraxmalı olur. Çox keçmir ki, Drayzer Çikaqoda qəzetə müxbir işinə düzəlir və kiçik məqalələrlə təcrübə qazanaraq romanlar yazmağa başlayır.

Çox "ünsiyyətcil" biri olan yazıçı hətta həddindən ziyadə  açıq-saçıq söhbətlər etməkdən belə çəkinmirdi. Onun özünəəminliyi, ucaboyluluğu və sakit baxışları  qızların ürəyini fəth edirdi. Ancaq onu daha çox qapalı təsir bağışlayan bəstəboy qız - Sara Osborn Uayt cəlb etmişdi. Maraqlıdır ki, o, Sara ilə davranışlarına sərhəd qoyurdu. Çünki bir dəfə  Teodor onu öpməyə çalışsa da uğursuzluqla nəticələnmişdi. Sara ondan xahiş etmişdi ki, belə sentimental olmasın. Uğursuz hərəkəti yazıçıya əzab versə də,  bəstəboy qızı ağlından çıxara bilmirdi. Sara qadınlarla zəngin təcrübəyə malik Drayzerdən çox fərqlənirdi. O, düşünürdü ki, qadın həyalı olmalıdır. Drayzer isə fikirləşirdi ki, qadının açıq-saçıqlığı normal haldır. Əsərlərində kişi-qadın münasibətlərini tez-tez qabardan və azad sözlər yazmaqdan çəkinməyən Drayzerin romanlarını nəşriyyatlar dərc etməkdən çəkinərdilər. Çünki o illərdə açıq-saçıq mətnlərə yer verilməzdi, cəmiyyət də buna qarşı idi. Sara ilə münasibətə gəlincə, Teodor anladı ki, onunla əylənə bilməyəcək. İki aydan sonra nikah bağladılar. Amma bu nikah yalnız 5 ildən sonra rəsmiləşdirildi. Teodor Drayzer bunu maliyyə vəziyyətinin heç də yaxşı olmaması ilə əsaslandırsa da, tədqiqatçılar tamam başqa fikirdədir. Yazılana görə, Drayzer evlilik həyatı məsuliyyətinin altına girməyə tələsmirmiş.

Nəhayət o, anladı ki, Sara Uayt onun həyatına nahaqdan daxil olmayıb və bu təsadüfi sayılmamalıdır. Sara  olmasaydı, bəlkə də onun ilk romanı "Kerri bacı" dərc edilməzdi. Ədibin bu  əsəri  ona "gəncləri pis yola çəkən yazıçı" damğası vurdu. 2500 nüsxədə çap edilmiş kitabın yalnız 450-si oxucuya yetişdi, qalan nüsxələr isə "donduruldu". Otuz yaşlı yazıçı özünün 68 dollar 40 sent qonararını alaraq bir neçə il sükuta qərq oldu. Drayzer qəmlənsə də, Sara romandakı açıq-saçıq səhnələri yumşaltdı, bəzi hissələrdə dəyişiklik etdi. Beləliklə, yeddi ildən sonra işıq üzü görən roman bu dəfə yazıçıya məşhurluq gətirdi.

Lakin çox keçmədi ki, cütlüyün həyatında burulğanlar yarandı. Tale Saranın üzünə gülmürdü. Tez-tez xəstələnməsi ilk vaxtlar Teodoru da üzürdü. Ömrünün hər zaman vaxtsız bitəcəyindən qorxan qadın ana olmağı arzulasa da,  Drayzer  ata olmaq məsuliyyətinin altına girməkdən çəkinirdi. Drayzerin qadınlarla çoxsaylı görüşlərinə göz yuman Sara içindən ağlayırdı. Xəstəxanaya müalicəyə gedəndə isə yazıçı yeni xəyanətə yol verirdi. Telma Kudlipp adlı qızla məhəbbət macərası yaşamağa başlayanda Sara daha ərinin növbəti xəyanətinə dözə bilmədi, artıq gücü də tükənmişdi. Göz yaşları içində Drayzerin evini tərk etdi. Yazıçı isə vaxtilə onu yaradıcılığa həvəsləndirən və əsərlərinin dərcinə nail olan qadının evdən getməsinə biganə yanaşdı, yeni qadınlarla sevgi yaşadı.

 Qısa müddət sonra isə Sara dünyasını dəyişdi. Drayzer isə Elen Riçardsonla evləndi. Ömrünün qalan 25 ilini, 74 yaşına qədər həmin qadınla keçirdi. Bəstəboy, sarısaçlı qadını isə unutdu. O qadını ki, ərinin hər uğuruna uşaq kimi sevinərdi...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()