20 fevral, 2026
Paylaş:

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri (3-cü hissə)

Odabaş dilin inkişafını sosial-tarixi proseslə sıx bağlı şəkildə izah edir: hər yeni ictimai dəyişiklik, hərəkat, elmi-texniki nailiyyət dildə yeni leksikanın yaranmasını zəruri edir. Qərb dilləri üçün əsas termin mənbəyi latın və qismən yunan dilidir, müsəlman Şərqində isə bu rol ərəb dili üzərinə düşür, yəni terminoloji siyasəti tarixi reallıqdan çıxış edərək izah edir, süni "təmizləmə"nin mümkünsüzlüyünü vurğulayır.

Odabaş üçün mühüm anlayışlardan biri purizmdir (dilin yad sözlərdən təmizlənməsi hərəkatı). Bildirir ki, purizm müəyyən dərəcədə faydalıdır, lakin heç bir dildə yad təsirləri tam aradan qaldırmaq mümkün deyil. O, türk dillərində iki müxtəlif purizm təcrübəsini qeyd edir: a) Osmanlı və Azərbaycan. Məqsəd: ərəb və fars təsirindən təmizlənmək, nəticədə müəyyən ortaqlaşma baş verir, lakin tam uğur mümkün olmur; b) Mərkəzi və Şimal-Şərqi Asiya türk dilləri. Ərəb və fars təsiri zəifdir, burada purizm yeni terminlərin həddindən artıq türkcə qurulmasına gətirir, bu ifrat ekstremizmdir. Odabaşa görə həm "tam ərəbçilik", həm də "tam türkçülük" termin yaradıcılığında  qeyri-elmi yanaşmadır. O, sistemli şəkildə üç əsas prinsip təklif edir: 1.Ərəb və farsdan keçmiş elmi terminlər saxlanılmalıdır, amma onlar elmi cəhətdən təmizlənməli, vahid yazılış forması qurulmalı, bütün türk xalqları üçün eyni mənanı ifadə etməlidir. 2.Yeni terminlər ilk növbədə türk dillərinin öz materialından qurulmalıdır, bu zaman fonetika, morfologiya, ahəng qanunu mütləq nəzərə alınmalıdır. 3. Bəzi ərəb şəkilçilərindən istifadə məqbul sayılır (-i, -iyyat və s.). Çünki bunlar artıq türk dillərində tam mənimsənilmişlər.

Avropa terminlərinin alınmasına münasibətdə o, reallığı qəbul edir - texniki və elmi sahədə Avropa terminləri qaçılmazdır. Onu da vurğulayır ki, abstrakt-fəlsəfi anlayışlarda türk dillərində ərəb mənşəli terminlər artıq kifayət qədər formalaşıb, tarixi balans belədir: fikir dünyasında ərəb və fars, texnikada isə Avropa təsiri. Təklif edir ki, terminologiya sistemli şəkildə, xüsusi elmi institut tərəfindən qurulmalıdır. Yanaşması praqmatik, sistemlidir: dil canlıdır və tarixi prosesin məhsuludur, nə ifrat milliləşdirmə, nə də kor-koranə alınma düzgündür, ərəb və fars terminlərini tam atmaq elmi cəhətdən əsassızdır, Avropa texniki terminlərinin qəbulu  qaçılmazdır. Terminologiya mərkəzləşdirilmiş şəkildə yaradılmalıdır.

Baytursunovun məruzəsi iki hissədən ibarətdir:  qazax elmi və ədəbi xadimləri xalq ədəbiyyatı üçün terminologiyanı necə qurur və terminologiyanın işlənməsi zamanı hansı prinsiplərə əsaslanmalıdır? Müasir dövrdə həyatın ən möhkəm təməli mədəniyyətdir, buna görə də qabaqcıl dövlətlərin bütün həyatı məhz mədəniyyət üzərində qurulmuşdur. Müasir mədəniyyət hər hansı bir millətin əsəri deyildir. Hər bir millətin mədəniyyətində öz yaradıcılığı ilə yanaşı, alınmalar da vardır və bu alınmaların xarakteri xalqlar arasındakı münasibətlərdən asılı olaraq formalaşır. Mədəniyyətlərin bir-birinə təsiri həm bir xalqın digərinin işğalı zamanı, həm də xalqların bir-biri ilə dinc ünsiyyəti nəticəsində baş verir. Bu zaman din formalarının oxşarlığı, adət-ənənələr, əxlaq normaları, ictimai quruluş, meyillərin, psixologiyanın yaxınlığı və s. amillər mədəniyyətlərin qarışmasını və alınmalar prosesini xeyli asanlaşdırır. Dil mənəvi həyatla ən sıx bağlı olan sahə olduğundan, din və yazı ilə birlikdə dini və dünyəvi ədəbiyyat, onunla yanaşı isə yad dillərdən alınma sözlər də dillərə daxil olurdu. Nəticədə dillər tədricən qarışır, öz saflığını itirərək korlanır. Bu bəladan yalnız o türk xalqları qurtula bilirdi ki, onların arasında din və yazılı ədəbiyyat dərin kök sala bilməmişdi. Məsələn, qazaxlar və qırğızlar arasında dinin və dini ədəbiyyatın təsiri zəif olmuşdur. Buna görə də onların dili öz təbii inkişaf yolu ilə davam etmişdir. Rusiyada türk xalqlarının mədəni inkişafına həm dünyəvi, həm də dini sahədən asılı vəziyyətləri mənfi təsir göstərmişdir. Lakin indi türk xalqları müasir mədəniyyət həyatının bütün sahələrini mənimsəməyə çalışırlar. Yüksək mədəniyyətə məxsus maddi və mənəvi nemətləri qəbul edərkən aid olduqları anlayış və ideyaları da mənimsəməlidirlər. Bu anlayış və ideyaları ifadə etmək üçün ana dilinin lüğət tərkibi çox vaxt kifayət etmir. Beləliklə, bütün türk xalqları qarşısında bir seçim dayanır: ya anlayışları ifadə etmək üçün yad dillərdən sözlər götürməli, ya da öz dillərinin lüğət tərkibini bu məqsədə uyğunlaşdıraraq terminologiya yaratmalı.

Vahid terminologiyanın hazırlanması üçün bizdə Akademik Mərkəz yanında bir komissiya mövcuddur. Komissiyanın prinsipləri:

a) Terminlər üçün ilk növbədə həmin anlayışa tam uyğun məna daşıyan qazax sözlərini götürmək daha məqsədəuyğundur. Bu, dilin təbəqələşməsinin, yəni yuxarı təbəqənin dili ilə aşağı təbəqənin dili, başqa sözlə, savadlıların dili ilə savadsızların dilinin ayrılmasının qarşısını almaq üçün edilir.

b) Əgər qazax dilində bu cür sözlər yoxdursa, onları qazax dilinə qohum dillərdən almaq lazımdır. Qohum dillərin əksər sözləri forma etibarilə bir olmasa da, kökləri ortaqdır; deməli, onlar həm anlaşılma baxımından daha asandır, həm də  tələffüz üçün qazax dilinə yad olan sözlər qədər çətin deyil; türk xalqları arasında hər zaman sıx ünsiyyət olmuşdur və var, buna görə də hər hansı bir dilin əksər sözü kök ortaq olmasa belə digər dilin daşıyıcılarına uyğun ola bilər.

c) Ümumi işlənən dünya terminləri qəbul edilə bilər, lakin qazax dilinin təbiətinə uyğun şəkildə dəyişdirilməlidir. Yad sözləri "özümüzünkü" etmək zəruridir.

ç) Qazax dilinin təbiətinə uyğun gəlməyən bütün qeyri-qazax sözləri qazax danışığına müvafiq surətdə mütləq dəyişdirilməlidir. Bu o deməkdir ki, birincisi, qazax dilinə yad olan səsləri ehtiva edən bütün qeyri-qazax sözlərində bu səslər müvafiq qazax səsləri ilə; ikincisi, qeyri-qazax sözlərindəki şəkilçilər qazax dilinin şəkilçiləri ilə əvəz edilməlidir; üçüncüsü, ikiqat səslər sadə formaya salınmalıdır; dördüncüsü, qazax dilinə yad olan sonluqlar tələffüz rahatlığına uyğun olaraq dəyişdirilməlidir.

Dili barbarizmdən qoruyan bu prinsip sayəsində biz - qazaxlar hazırda vahid qazax dilinə malikik, yəni bizim dilimiz xalq dili və ədəbi dilə, yaxud sadə xalq danışığı və ziyalı danışığına bölünmür. Anadolu türkləri və azərbaycanlılar yazdıqları dildə danışırlarsa, şübhəsiz ki, bu dillərdə türkcədən çox az şey qalıb. Ən çox qarışıq hala düşmüş dil qədimdən bəri yazılı ədəbiyyatı olan tatar dilidir. Bu dil də barbarizmlərdən həddindən artıq istifadə etmiş dillərdən biridir. Özbək ədəbi dili də mənə xeyli dərəcədə qarışıq bir dil kimi görünür. Krım tatarlarının ədəbi dili də elədir. Başqırtlarda ədəbi dil hələ indi yaranır və onların da öz dillərini barbarizmlərdən qorumağa meyil göstərdikləri nəzərə çarpır.

 

Nadir Məmmədli,

“Azərbaycan” qəzeti

ardı var

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()