Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri (4-cü hissə)
Türkmən ədəbiyyatı da eyni yolu tutmuşdur. Yad təsirlərdən və barbarizmlərdən azad olan dillərdən biri qırğız dilidir; ədəbi dilin yaradılması məsələsində o, bizim qazax dilində tutduğumuz prinsipi əsas götürür. Ədəbi dilin əsası kimi götürdüyümüz prinsipi düzgün hesab edirəm.
***
Baytursunov, sadəcə, nəzəriyyəçi deyil, əməli dil siyasətçisi kimi çıxış edir. Onun mədəniyyət və dil haqqında ümumi fəlsəfi mövqeyi belədir ki, müasir dövrdə mədəniyyət millətin mövcudluğunun əsas şərtidir, heç bir millətin mədəniyyəti "təmiz və yalnız özünəməxsus" deyil, bütün mədəniyyətlər qarşılıqlı təsir içində formalaşır, amma burada çox mühüm fərq var: yad təsirlər dilin təbii inkişafını korlaya bilər. Dillərin korlanmasının əsas səbəbi din, dini ədəbiyyat, yazı mədəniyyəti vasitəsilə ərəb və fars sözlərinin intensiv axınıdır. Baytursunov konkret misal çəkir, qazax və qırğız dilində islamın təsiri zəif olduğundan dil təbii şəkildə inkişaf edib, buna görə "təmiz" qalıb. O, ən çox zərər görənlər kimi Osmanlı türkcəsi, Azərbaycan, tatar və özbək dillərini göstərir və qeyd edir ki, müasir mədəniyyətlə ayaqlaşmaq üçün türk xalqları iki yolun birini seçməlidir: yad dillərdən söz almaq, öz dillərinin içində terminologiya yaratmaq. İkinci yolu daha məqsədəuyğun sayır.
Onun çıxışı iki əsas hissədən ibarətdir: 1.Real praktika - Qazax ziyalılarının terminologiya yaratması; 2.Nəzəri baza - terminologiya yaradılmasında əsas prinsiplər.
Baytursunovun qənaəti elitar-mədəni dilin yaranmasının qarşısını almaqdır - xalq dili ilə "ziyalı dili" arasında fərq yaranmamalı, eləcə də dil sosial təbəqələrə bölünməməlidir. Əgər qazaxcada qarşılıq yoxdursa, söz qohum türk dillərindən alınmalıdır, çünki köklər ortaqdır, başa düşülməsi asandır, fonetika uyğunluq təşkil edir, xalqlar arasında tarixi ünsiyyət var. Bu, yalnız türk dilləri daxilində ümumtürk terminologiya ideyasının bir formasıdır.
Ümumdünya terminlərinin qəbulunda əsas prinsip bir şərtlə - qazax dilinin fonetik və qrammatik sisteminə uyğunlaşdırılması ilə mümkündür. Yad sözlər məcburi adaptasiya olunmalıdır. Bu prinsip faktiki olaraq, dilin fonetik və morfoloji qanunudur: yad səslər qazax səsləri, şəkilçilər qazax şəkilçiləri ilə əvəz edilməli, ikiqat səslər sadələşdirilməlidir, səslər danışığa uyğunlaşdırılmalıdır. Bu, ideoloji baxımdan bir qədər sərt görünür.
Ən çox "qarışmış dillər" hesab etdiyi osmanlı türkcəsi, Azərbaycan, tatar, özbək və Krım tatarlarının dili haqqında deyir ki, onların yazı dili türk dilindən bunun əksinə olaraq, qazax, qırğız, türkmən, başqırd dilləri barbarizmdən uzaqlaşıb.
Onun dil konsepsiyasının əsas cizgiləri bunlardır: dil millətin ruhudur, yad təsirlərdən qorunmalıdır, terminologiya milli baza üzərində qurulmalıdır, qohum dillər arasında inteqrasiya mümkündür, Qərb terminləri yalnız uyğunlaşdırılaraq qəbul edilə bilər. Bilal Süleyeviç Suleyev (1893-1968) yeni terminologiyanın işlənib hazırlanması ilə bağlı Baytursunovun tezislərində irəli sürülmüş bütün prinsiplərlə razılaşdığını bildirir. Lakin ümumilikdə bütün türk xalqları üçün vahid terminologiya yaradılması məsələsinə bir qədər pessimist yanaşır. Türk xalqlarının terminologiyasının tam birləşməsindən deyil, yaxınlaşdırılmasından danışmaq olar. Terminologiya qəbul edilərkən yeni sözlər mütləq həmin və ya digər türk dialektinin qaydalarına tabe edilməlidir. Belə olmadıqda geniş xalq kütləsi üçün anlaşılan terminologiya yaratmaq mümkün olmayacaq.
Ümumiyyətlə, bütün türk xalqları üçün vahid terminologiya yaratmaq cəhdi yalnız bir təcrübə kimi aparıla bilər. Bunun üçün ayrı-ayrı respublikalar daxilində ayrıca birləşdirici büro yaratmağa ehtiyac yoxdur. Belə bir orqan SSRİ Elmlər Akademiyası nəzdində təşkil edilməlidir. Terminologiya sahəsində tədqiqat işlərinin əlaqələndirilməsi üçün türk respublikaları arasında mübadiləni, elmi mərkəzlərin qarşılıqlı əlaqəsini təmin etmək lazımdır.
***
Suleyev Baytursunovun yeni terminologiya prinsipləri ilə razı olsa da, bütün türk xalqları üçün vahid terminologiya yaratmaq fikrinə skeptik yanaşır. Onun qənaətinə görə, bu məsələnin həlli tam birləşmə ilə deyil, yalnız yaxınlaşma ilə mümkündür, terminlər mütləq dillərin qaydalarına uyğunlaşdırılmalıdır, əks halda terminologiya kütlə üçün anlaşılan olmayacaq. Vahid terminologiya təcrübə səviyyəsində yalnız sınana bilər. Əsas mexanizm elmi mərkəzlərin əlaqəsidir.
Suleyevin mövqeyi balanslı praqmatikliyə əsaslandırılmışdır. Yəni hamı üçün eyni terminologiya ideyası tarix və dil reallığı baxımından çətin görünür. O, kompromis variant təklif edir: yaxınlaşdırma. Termin yalnız elmi dairələr üçün deyil, kütləvi istifadə üçün yararlı olmalıdır, əks halda terminoloji sahə "xüsusi sahə adamlarının dili"nə çevrilər.
Onun fikirləri əsaslıdır, çünki türk dilləri arasında fonetik, morfoloji quruluşda fərqlər var, sosial-tarixi inkişaf eyni səviyyədə olmayıb, siyasi-inzibati müstəqillik fərqlidir. Bu səbəbdən vahid terminologiya yaratmaq ideyası süni normativlik riskidir, yaxınlaşdırılmış terminologiya isə real faktlara əsaslandırıla bilər.
Şərif Manatov (1887-1936) qeyd edir ki, arxaik sözlərdən, geniş bölgə ləhcələrindən və varvarizmlərdən dil çirklənir. Əgər tərkibini türk sözləri ilə əvəz etmək mümkün olan sözlər varsa, bunu etmək lazımdır. Bəzi sözlər var ki, dilimizdə onları tapa bilərik, lakin yenə də bəzi hallarda onları Avropa sözləri ilə əvəz etmək lazım olur. Məsələn, geniş xalq kütləsi anlamayan "disiplin" sözünü "inzibat" sözü ilə əvəz etmək tövsiyə edilir. Hansı söz bizim üçün daha yaxındır, "disiplin", yoxsa "inzibat"? Mən əminəm ki, "disiplin" sözü bizim üçün "inzibat" sözündən daha aydındır. Ərəb sözü yalnız kəndlərdə deyil, şəhərlərdə də artıq istifadə olunmur, şəhər əhalisi belə onu başa düşmür. Hər kəs kiçik də olsa, hərbi və ya inzibati dairələrdə olubsa, "disiplin" sözünü yaxşı anlayır. Avropa mənşəli beynəlxalq sözləri qəbul edərkən, türk xalqlarının tələffüzünü nəzərə almalıyıq. Məsələn, "fabrika" sözü. Hər bir türkcə danışan şəxs "fabrika" yox, "fabrik" deyər. Bu, fransız sözüdür və maraqlıdır ki, fransız da "fabrik" deyir. Beləliklə, bir tərəfdən Avropa tələffüzündən uzaqlaşmırıq, eyni zamanda öz türk tələffüzümüzə uyğunlaşdırırıq.
O, Odabaşın məruzəsinə tənqidi yanaşır: əgər bizim dilimizdə bir termin yoxdursa, həmin termin başqa türk xalqında var və biz onu oradan götürməliyik. Məsələn, bəzi sözləri başqa türk xalqından, deyək ki, başqırd və ya tatar dilindən götürmək və bunu mütləq özbək dilinə tətbiq etmək lazımdır. Əgər belə götürülmüş sözü qəbul etməsəniz, bu bölgəçilik hesab olunur. Bunu düzgün hesab etmirəm. Professor Çobanzadə öz məruzəsini elmi baxımdan mükəmməl əsaslandırdı, məruzəsi çox maraqlı idi, lakin bütün məruzəsi sanki "ümumi türk milli dili" yaratmaq üzərində qurulmuşdu. Bu fikirlə də razı deyiləm. Ola bilsin bütün türk dillərini tədricən yaxınlaşdıra bilərik, lakin bunun üçün ayrıca "xüsusi milli dil" yaratmaq fikri düzgün deyil. Bu cür "ultramilli" dildən birdəfəlik imtina etmək lazımdır.
***
Manatov qeyd edir ki, arxaik sözlərlə, ləhcə elementləri və varvarizmlərlə dil çirklənir. Bunun üçün hər hansı bir termini türk sözləri ilə əvəz etmək mümkündürsə - edilməlidir, bəzi hallarda Avropa terminlərini qəbul etmək labüddür, həmin sözlər qəbul edilərkən türk tələffüzünə uyğunlaşdırılmalıdır.
O, başqa türk dillərindən söz almağı məcburiyyət kimi təqdim etməyi tənqid edir. Manatov başqa türk dillərindən məcbur söz götürmək prinsipinə qarşı çıxır. İncə məqamlara diqqət yetirir: dillər arasında termin mübadiləsi məcburi ideoloji layihə əsasında olmamalıdır, dil zorla birləşdirilməməlidir, xalqın real dili nəzərə alınmalıdır. Bu, dil planlaşdırmasında zorakı unifikasiya modelinə, o cümlədən Çobanzadənin "ümumi türk milli dili" ideyasına qarşı çıxır, onun fikrincə, ultramilli vahid dil ideyasından tam imtina edilməlidir. "Disiplin" və "inzibat" sözlərini sosial dil reallığına əsaslanan nümunə kimi göstərir: "inzibat" ərəb mənşəlidir və artıq işlək deyil, "disiplin" hərbi və inzibati sferada geniş yayılıb, kütlə üçün daha anlaşıqlıdır. O, vacib olan iki mühüm sosiolinqvistik həqiqətə söykənir: dil norması yalnız lüğətdə deyil, istifadə praktikasında formalaşır, terminoloji uyğunluq həm də sosiumda işləklik qazanmaq səviyyəsi ilə ölçülür.
O, Avropa dillərindən alınma sözlərə münasibətdə praqmatik siyasət sərgiləyir: türkcə qarşılıq varsa, işlədək, yoxdursa, Avropa terminini türk tələffüzünə uyğunlaşdıraq, qəbul edək. Bu düşüncə dilin terminoloji inkişafını əngəlləmir, xalqın öyrənmə qabiliyyətinə xələl gətirmir, fonetik harmoniyanı qoruyur, süni purizm tələblərinə qarşıdır.
Manatovun mövqeyi romantik-millətçi purizmdən yox, sosiolinqvistik reallıqdan doğur. Yəni dil nə qədər milli olsa da, ictimai həyat və elm beynəlxalqdır. Terminləri yalnız "türkçülük naminə" süni şəkildə dəyişmək olmaz. Əgər beynəlxalq termin artıq işlək və anlaşılandırsa, onu fonetik baxımdan uyğunlaşdırıb qəbul etmək daha məntiqlidir. Amma bu proses türklər arasında dil hegemonluğu yaratmamalıdır.
Nadir Məmmədli,
“Azərbaycan” qəzeti
ardı