Tomas Cefferson
Tomas Cefferson həyat və fəaliyyəti ilə bəşər tarixində dərin iz qoymuş siyasətçilərdəndir. Yeni dünyada ilk burjuaziya respublikasının yaradılmasında əvəzsiz xidmətləri olmuş bu ABŞ prezidenti tarixə təkcə böyük dövlət və siyasi xadim kimi deyil, eyni zamanda filosof-humanist, maarifçi, linqivist, botanik, arxitektor, etnoqraf, paleontoloq kimi də düşmüşdür. Bəzi bioqrafları hətta onu Amerikanın Leonardo da Vinçisi də adlandırırlar. Onun siyasi fəaliyyəti Amerika tarixində bir çox maraqlı hadisələrlə yadda qalıb.
Varlı bir ailədə dünyaya gələn Tomasın uşaqlığı atası Piter Ceffersona məxsus Şedvil malikanəsində keçmişdir. Ailənin böyük oğlu olduğundan atası onun təhsilinə ciddi fikir vermişdir. Balaca Tomas beş yaşından xüsusi müəllimlər yanında sistemli təhsil aldıqdan sonra vəkil olmağı qərara almışdır.
Cəmiyyətdə böyük nüfuz qazanan gənc Tomas 26 yaşında Virciniya qanunvericilik məclisinin üzvü seçilir və elə həmin illərdə də dul qadın Marta Skeltonla evlənir. Sonralar bu nikahdan beş övladları olsa da, onların yalnız ikisi sağ qalır.
Prezident çox istedadlı olsa da, böyük xalq kütləsi qarşısında həyəcanlanır, özünü itirirmiş. Belə ki, natiqlik bacarığı olmayan siyasətçi çox vaxt müsahibədən və çıxış etməkdən yayınırmış. Hətta bu qabiliyyətinin olmamasına görə "qaradinməz prezident" ləqəbini də qazanmışdı.
ABŞ-ın 200 illiyi şərəfinə buraxılmış 2 dollarlıq əskinasların üzərində Tomas Ceffersonun əksi təsvir olunub. Əskinasın arxa tərəfində isə ABŞ İstiqlal Bəyannaməsinin qəbul olunma səhnəsi öz əksini tapıb.
Tomas Ceffersonun fəaliyyəti ilə bağlı birmənalı qəbul olunmayan bəzi faktlar var. Deyilənlərə görə, insan hüquqları uğrunda mübarizə aparan bu siyasətçi 600 şəxsi qula sahib imiş. Hətta bəzi mənbələrdə göstərilən faktlara əsasən prezident vəfatından sonra ailəsinə çox böyük məbləğdə borclar da qoyubmuş. Bu səbəbdən də borcların qaytarılması üçün ona məxsus olan torpaq sahələri ilə yanaşı, qullar da satılıbmış.
Həyat yoldaşı Martanın vəfatından sonra böyük sarsıntı keçirən prezidentin səhhəti günü-gündən pisləşməyə doğru gedir. Yaddaş pozuntusundan və ayaqlarındakı bərk ağrılardan şikayət edən siyasətçi ömrünün son illərini maarifçiliyə həsr etmiş, zəngin kitabxanaya malik olmuşdur. ABŞ Konqresinin kitabxanasının əsası da məhz onun kitabları sayəsində qoyulmuşdur.
83 yaşında vəfat edən prezident qəbirüstü məzarını hələ öz sağlığında düzəltdirib və onun üzərinə bu sözləri həkk etdirib: "Amerika Birləşmiş Ştatlarının Müstəqillik deklarasiyasının, Virciniya dini azadlıq qanununun müəllifi, Virciniya Universitetinin banisi Tomas Cefferson 1743-cü il aprelin 2-də anadan olub və 1826-cı il iyulun 4-də vəfat edib".
Maraqlıdır ki, qəbirüstü yazıda onun tutduğu heç bir dövlət vəzifəsi qeyd olunmamışdır. Görünür o, amerikalıların yaddaşında prezident kimi yox, məhz maarifçi kimi qalmaq istəyibmiş...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.