25 iyul, 2025
Paylaş:

Üç epoxada fərqli fikirlərin aynası

Cari ilin "Konstitusiya və Suverenlik İli" kimi qeyd edilməsi və bu hadisənin Azərbaycan mətbuatının 150 illik yubileyi ilə üst-üstə düşməsi milli dövlətçilik ənənələrinin və ictimai fikir tarixinin paralel inkişaf trayektoriyasını səciyyələndirir. Bu il Azərbaycan üçün həm hüquqi, həm tarixi, həm də mənəvi baxımdan əlamətdardır. Dövlət suverenliyinin tam bərpasının ikinci, müasir Konstitusiyanın qəbulunun 30-cu və milli mətbuatın yaranmasının 150-ci ili tamam olur. Bu üç mühüm hadisə ayrı-ayrı zaman kəsimlərinə aid olsa da, mahiyyətcə bir-birini tamamlayaraq Azərbaycan xalqının azadlıq yolunda uzunmüddətli tarixi iradəsinin ifadəsinə çevrilmişdir. Bu vəhdət hüquqi suverenliyin möhkəmlənməsi ilə azad sözün formalaşmasının eyni strateji xətt üzrə inkişaf etdiyini təsdiqləyir və ölkənin siyasi-fəlsəfi inkişafına yeni baxış bucağı gətirir.

 

Azərbaycan mətbuatının əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi" qəzeti ilə qoyuldu. Qəzet xalqın düşüncəsində işaran ilk qığılcım idi. Çar Rusiyasının sərt senzurası və islamafob dairələrin təzyiqləri altında qəzetin mövcudluğu söz azadlığının qəhrəmancasına müdafiəsi demək idi. "Əkinçi" mətbuatın xalqı maarifləndirmək, kimliyini oyatmaq və milli təfəkkürü dirçəltmək kimi funksiyalarını müəyyən etdi. "Əkinçi"nin nəşri çoxmərhələli senzura sisteminin hökm sürdüyü çar Rusiyası hakimiyyəti dövründə baş tutmuşdu. 1865-ci ildə qəbul olunmuş "Çar senzura nizamnaməsi" imperiya daxilində müsəlman xalqlara aid mətbu nəşrləri xüsusi nəzarətə götürmüşdü. Müsəlman mətbuatının yaranmasına mane olmaq məqsədilə redaktorların kimliyinə, dini mənsubiyyətinə və hətta ideoloji baxışlarına diqqətlə yanaşılırdı. Bu çərçivədə Həsən bəy Zərdabi nəinki qəzet nəşr etdirdi, həm də rejimə qələmi ilə dirəniş göstərdi. Zərdabi özü "Əkinçi"nin missiyasını belə təsvir edirdi: "Xalqı öz dili ilə maarifləndirmək, onun düşüncəsinə toxunmaq, köləlik psixologiyasından ayırmaq üçün mətbuat ən güclü vasitədir".

Qəzetin əsas ideyası xalqı maarifləndirmək idi. "Əkinçi"də kənd təsərrüfatı, baytarlıq, maarif, gigiyena və ana dilinin qorunması kimi məqalələr dərc olunurdu. Qəzetin fəaliyyəti cəmi 56 nömrədən sonra, 1877-ci ildə dayandırıldı. Səbəb kimi texniki çətinliklər göstərilsə də, əslində "Əkinçi"nin xalq arasında populyarlaşması, imperiyaya qarşı milli oyanış ideyalarının yayılması və müsəlman cəmiyyətində ictimai-siyasi şüurun artması rejimi narahat etmişdi. "Əkinçi"nin bağlanmasında rus bürokratiyasının yerli məmurlar vasitəsilə Zərdabiyə qarşı apardığı maliyyə və inzibati təzyiqlər mühüm rol oynamışdı. Qəzetin əməkdaşları da təqib edilmiş, bəzi nömrələr yayılmadan yığılmışdı. Bu səbəbdən Zərdabi bir müddət Tiflisdə yaşamağa məcbur oldu və fəaliyyətindən uzaqlaşdırıldı. Bütün bunlara baxmayaraq, "Əkinçi" milli mətbuat tariximizdə yalnız ilk qəzet deyil, həm də söz azadlığının, milli ideyanın, maarifçiliyin və hüquqi təfəkkürün təməli oldu. Qəzet mətbuatın xalqı maarifləndirmək, oyatmaq və milli təfəkkürü dirçəltmək kimi funksiyalarını müəyyən etdi və ondan sonra gələn "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Molla Nəsrəddin" kimi qəzet-jurnallar üçün intellektual baza oldu. Həmin dövrdə "Əkinçi" qəzetindəki yazılar - torpaq məsələləri, kəndli hüquqları, ədalətli idarəetmə və vicdan azadlığı gələcək suveren dövlətçilik təfəkkürünün ilkin qığılcımları idi. "Əkinçi" ictimai fikirdə milli subyektivliyin formalaşmasına təkan verdi, xalqın təkcə informasiya deyil, hüquqi maariflənmə müstəvisində də oyanmasına xidmət etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-ci ilin 28 mayından 1920-ci ilin 28 aprel işğalınadək qısa zaman aralığı milli mətbuat tarixində azad sözün qanunla tanındığı və himayə edildiyi dövr kimi yadda qaldı. Cümhuriyyətin yaranması ilə ölkədə mətbuatın hüquqi statusu dəyişdi, senzura aradan qaldırıldı, müxtəlif dillərdə qəzet və jurnallar nəşr olundu. AXC dövründə mətbuat dövlət quruculuğunun ideoloji sütunlarından biri, milli özünüdərk və vətəndaş şüurunun formalaşması üçün başlıca vasitə idi. 1918-ci ilin yayında Tiflisdən Gəncəyə, daha sonra isə Bakıya köçən Cümhuriyyət hökuməti qısa zamanda "Azərbaycan", "İstiqlal", "Salnamə", "Hümmət", "Əhrar", "Məktəb", "Kaspi" və "Baku" kimi rusdilli qəzetlərin fəaliyyətini stimullaşdırdı. 1919-cu ildə təkcə Bakı şəhərində 80-dən çox mətbu nəşr fəaliyyət göstərirdi. Bu, həmin dövr üçün rekord sayılırdı. Cümhuriyyətin ideoloji liderlərindən olan Məhəmməd Əmin Rəsulzadə mətbuat azadlığını müstəqil dövlətin mənəvi təməli sayırdı və yazırdı: "Fikri olmayanın ifadəsi olmaz. İfadəsi olmayanın azadlığı olmaz. Azad olmayan xalq millət ola bilməz".

Bu dövrdə qəbul edilən müvəqqəti qanunvericilik aktları mətbuatın və söz azadlığının qorunmasına yönəlmişdi. Hökumətin 1919-cu il qərarı ilə mətbuat üzərində senzura ləğv edildi, redaksiyalara dövlətin müdaxilə hüququ aradan qaldırıldı. Jurnalistlərə qarşı yalnız məhkəmə qərarı ilə hüquqi məsuliyyət tətbiq edilə bilərdi ki, bu da dövrün çox mütərəqqi yanaşması idi. Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ildə hazırlanmış, lakin qəbul olunmamış Konstitusiya layihəsində də söz və mətbuat azadlığı ayrıca qeyd edilmişdi. Layihənin "Vətəndaşların əsas hüquqları" bölməsində aşağıdakı bənd yer alırdı: "Azərbaycan Respublikasının hər bir vətəndaşı söz və mətbuat azadlığına malikdir. Heç bir nəşr əvvəlcədən nəzarətə tabe tutulmur". Bu, hüquqi baxımdan XX əsrin əvvəlləri üçün son dərəcə müasir bir prinsip idi və Fransanın 1789 İnsan və Vətəndaş Hüquqları Bəyannaməsi və ABŞ Konstitusiyasının 1-ci düzəlişi ilə paralel səslənirdi.

AXC dövründə mətbuat, həmçinin parlament debatlarının, hökumət qərarlarının, diplomatik danışıqların işıqlandırılmasında da fəal iştirak edirdi. Parlamentin 155 iclasının bir çoxu mətbuat vasitəsilə cəmiyyətə çatdırılırdı. Cümhuriyyətin demokratik mahiyyətini göstərən əsas faktlardan biri hətta müxalif düşüncəli qəzetlərə qarşı rəsmi qadağaların olmaması idi. "Əhrar", "Hümmət", "Yeni yol" kimi sol, sosialist və tənqidi qəzetlər sərbəst fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü mətbuat tariximizdə azad sözün ilk dəfə dövlət səviyyəsində qorunduğu və hüquqla təmin olunduğu mühüm mərhələdir. Qanunverici təşəbbüslər və praktiki tətbiqlər baxımından bu dövr sonrakı illərdə mətbuat azadlığının ilk konstitusional təməllərini yaratdı.

Cümhuriyyətin süqutundan sonra milli mətbuatın müstəqil nəfəsi boğuldu. Sovet işğalı ilə mətbuat üzərində də tam nəzarət rejimi quruldu və söz azadlığı ideoloji senzura ilə əvəz olundu. 1920-ci ilin may ayından etibarən bolşeviklər mətbuatı yalnız sosialist ideologiyasının ruporu kimi görməyə başladılar. 1923-cü ildə Sovet Azərbaycanında rəsmi olaraq Mətbuat və Nəşriyyat Baş İdarəsi yaradıldı və bütün qəzetlər bu qurumun nəzarətinə tabe edildi. Ən acı həqiqət isə o idi ki, bu dövrdə qəzet və jurnallar informasiyanın daşıyıcısı olmaqdan çıxaraq totalitar sistemin vitrini, ictimaiyyətə göstəriş üçün təqdim olunan ideoloji dekorasiya funksiyasını yerinə yetirirdi. Bir çox mətbu orqanları xalqı maarifləndirmək və ya milli düşüncə formalaşdırmaq məqsədi deyil, partiyanın siyasi direktivlərini yaymaq, Stalinə və kommunist rejiminə təriflər yazmaq və "xalq düşmənlərini" ifşa etmək üçün istifadə edilirdi. 1930-cu illərin "böyük terror" dövründə mətbuat azadlığının olmaması daha faciəvi nəticələrə yol açdı. Minlərlə ziyalı kimi, Azərbaycanın mətbuat nümayəndələri də repressiya burulğanına düşdülər. Təkcə 1937-1938-ci illərdə 120-dən çox qələm sahibi - jurnalist, şair, yazıçı, redaktor, maarifçi güllələndi və ya sürgün olundu. Bu sıraya Əliqulu Qəmküsar, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi söz sahibləri daxildir. Bu illərdə Konstitusiya formal olaraq ifadə azadlığına zəmanət versə də, bu müddəalar sadəcə kağız üzərində qalırdı. 1936-cı ildə qəbul edilən SSRİ Konstitusiyasının 125-ci maddəsində söz və mətbuat azadlığı təsbit edilirdi, lakin həmin "azadlıq" yalnız partiyaya sadiq və ideoloji çərçivəyə uyğun fikirlərə tətbiq edilirdi. Məşhur sovet disidenti Andrey Saxarov deyirdi: "Azadlıq ancaq hökumətin razı olduğu fikirlər üçün varsa, demək, heç bir azadlıq yoxdur". Məhz bu konstitusional paradoks, yəni hüquqi sənədlərdə ifadə olunan azadlıq prinsiplərinin real həyatda boğulması sovet sisteminin mahiyyətini göstərirdi. Azərbaycan SSR Konstitusiyası  söz azadlığını bəyan etsə də, onun reallıqda heç bir hüquqi təminatı yox idi. Beləliklə, mətbuat dövlətin vitrini kimi bəzədilsə də, içində azad fikirə yer yox idi. Fikir yalnız "icazə verilən" çərçivədə məqbul sayılır, fərqli düşüncə isə dövlətə qarşı çıxmaq kimi qəbul edilirdi.

1920-1930-cu illərdə Azərbaycanın kənd və şəhərlərində yayılması planlaşdırılan qəzetlərin əksəriyyəti nəşrə başlamadan qadağan olunurdu, bəziləri isə bir neçə nömrədən sonra ləğv edilirdi. Məhdudiyyət təkcə siyasi yox, dil və milli kimlik üzərində nəzarətin də göstəricisi idi. Bu illərdə mətbuat sanki hüquqsuzluğun qanuni görüntüsünə, şəxsin yox, sistemin danışdığı tribunaya çevrilmişdi. Əsl söz sahibləri isə ya susduruldu, ya da unuduldu.

Bu dövrdə sovet repressiyalarından uzaq mühacir ədəbiyyatı formalaşmışdı. Mühacirətdə fəaliyyət göstərən mətbuat orqanları - "Yeni Qafqasya" (İstanbul, 1923-1927), "İstiqlal", "Odlu Yurd", "Azərbaycan" (Berlin, Paris) - yalnız diaspor icmalarının informasiya ehtiyaclarını ödəmək üçün yaranmamışdı. Bu nəşrlər əslində, milli dövlətçilik ideyasının qoruyucusu və azadlıq təfəkkürünün daşıyıcısı olaraq fəaliyyət göstərmiş, Azərbaycan xalqının itirilmiş suverenliyini müdafiə edən ictimai rəy tribunası kimi çıxış etmişdir. Qəzet və jurnallarda yayımlanan məqalələrdə konstitusional dövlət anlayışı, xalqın seçki hüququ, ərazi bütövlüyü və beynəlxalq hüquq subyektliyi kimi anlayışlar davamlı şəkildə ön plana çəkilmişdir.

1980-ci illərin sonlarında Sovet İttifaqında baş verən "qlasnost" (aşkarlıq) və "perestroyka" (yenidənqurma) siyasəti mətbuatın da daxil olduğu cəmiyyətdə müəyyən canlanma yaratdı. 1985-ci ildə Mixail Qorbaçov tərəfindən irəli sürülən islahatlar uzun illər susdurulmuş fikirlərin tədricən ifadə olunmasına şərait yaratdı. 1988-ci ildən başlayaraq Azərbaycanda da mətbuat orqanları daha açıq və tənqidi dillə danışmağa cəhd göstərdilər. Xüsusilə  müstəqil nəşrlər yaranmağa başladı. Bu dövr eyni zamanda milli azadlıq hərəkatının informasiya platforması funksiyasını daşıyırdı. Mətbuat artıq təkcə ideoloji funksiyanı deyil, xalq iradəsinin ifadə vasitəsinə çevrilirdi. Proseslər Sovet totalitarizminin dağılması və SSRİ-nin 1991-ci ildə süqutu ilə gerçək və hüquqi mahiyyət qazandı. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra mətbuatın da müstəqilliyi məsələsi dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi qəbul edildi. Lakin mətbuat üzərində Sovetdən qalma vərdişlərin və mexanizmlərin kölgəsi hələ də davam edirdi. 1992-1993-cü illərdə müxtəlif media orqanlarının fəaliyyətində xaotiklik, hüquqi əsasların olmaması və siyasi manipulyasiya halları müşahidə olunurdu. Bu hüquqi boşluq 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə sistemli şəkildə aradan qaldırıldı. Konstitusiyanın 50-ci maddəsi birbaşa olaraq söz, fikir və mətbuat azadlığını təmin etdi: "Hər kəs fikir və söz azadlığı hüququna malikdir. Hər kəs azad şəkildə fikir yaymaq hüququna malikdir. Kütləvi informasiya vasitələri azaddır, senzura qadağandır". Bu maddə sovet dövrünün formal ifadə azadlığı ilə real repressiyalar arasında olan uçurumu rəsmən bağlayan hüquqi keçid idi. Artıq fikir yalnız "icazə verilən" çərçivədə deyil, konstitusion təminat altında ifadə edilirdi. Eyni zamanda, bu müddəa təkcə media orqanlarının deyil, hər bir vətəndaşın hüquqi statusunu da gücləndirdi və mətbuatı hüquqi cəhətdən qorunan ictimai institut səviyyəsinə yüksəltdi. 1998-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində dövlət senzurası tamamilə ləğv olundu. Bu hadisə müstəqil Azərbaycan mətbuat tarixində dönüş nöqtəsi oldu. Sovet dövrünün "vitrin mətbuatı" modelindən tamamilə imtina edildi və jurnalistlərə real yaradıcılıq azadlığı verildi.

Bundan sonra mətbuat orqanları təkcə xəbərlərin deyil, azad cəmiyyətin formalaşmasına dəstək verən fikirlərin daşıyıcısına çevrildi. Beləliklə, 1995-ci il Konstitusiyası yalnız hüquqi sənəd olmaqla kifayətlənmədi, milli mətbuatın inkişafına zəmin yaratdı. Sənəd sayəsində Azərbaycanda mətbuat azadlığı yalnız bəyanatlar səviyyəsində deyil, praktik və hüquqi reallıq kimi möhkəmləndirildi. Hüquqi baza əsasında bu gün mətbuat artıq yalnız məlumat yaymaq funksiyasını yerinə yetirmir. O, dövlətlə vətəndaş arasında körpü funksiyası daşıyır. Jurnalist sadəcə xəbəri çatdırmır, həm də ictimai rəyi formalaşdırır, hüquqi təfəkkürü stimullaşdırır.

Ulu öndər Heydər Əliyevin 22 iyul 1995-ci il tarixli mətbuatın 120 illiyi ilə bağlı təbrik məktubu, həmçinin 2000-ci il 6 avqust tarixli "Azərbaycan mətbuatının 125 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam "Əkinçi"dən başlanan milli mətbuat tarixinin rəsmi olaraq tanınması və təqdir olunmasını təmin etdi, digər tərəfdən isə mətbuata dövlət səviyyəsində baxışın ideoloji əsaslarını cəmiyyətə açıq şəkildə təqdim etmiş oldu. Sərəncamda "milli mətbuatın ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadığı" xüsusi vurğulanır və media nümayəndələrinin fəaliyyətinə yüksək qiymət verilir. Bu, həm rəmzi, həm də praktiki olaraq dövlət-mətbuat münasibətlərində yeni dövrün başlanğıcı oldu. Dövlət xadimi Heydər Əliyev qeyd edirdi ki, "azad, müstəqil mətbuat demokratik cəmiyyətin ayrılmaz tərkib hissəsidir". Ümumilli liderin 2000-ci ildə imzaladığı Sərəncam "Əkinçi"dən tutmuş mühacirət dövrü mətbuatına, sovet senzurası ilə məhdudlaşdırılmış jurnalistikadan müstəqil Azərbaycan mediasının formalaşmasına qədər bütün mərhələlərə qiymət verirdi. Məhz bu kontekstdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan mətbuatı təkcə azadlıq qazanmadı, həm də tarixilik, peşəkarlıq və hüquqi məsuliyyət çərçivəsində yeni institutlaşma prosesinə daxil oldu.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli mətbuatına göstərdiyi qayğı və prinsipial yanaşmaya görə jurnalist ictimaiyyəti tərəfindən dəfələrlə yüksək mükafatlara layiq görülmüşdür. 2002-ci il martın 22-də "Ruh" Jurnalistləri Müdafiə Komitəsi tərəfindən ona "Jurnalistlərin dostu" fəxri adı verilmişdir. Bu mükafat həm də dövlətlə mətbuat arasında formalaşan etimad və dialoq fəlsəfəsinin təcəssümü idi. Mükafatı qəbul edərkən Heydər Əliyev demişdi: "Sizi əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam". Bu, mətbuatın tənqidi funksiyasını düşmənçilik deyil, dövlətçilik prizmasından dəyərləndirən bir liderin media siyasətindəki məsuliyyətli yanaşmasının sübutudur. Prezidentin təşəbbüsü ilə 2003-cü ildə Mətbuat Şurası yaradıldı. Bu, mətbuatın dövlət nəzarətindən azad olunaraq özünütənzimləmə institutları vasitəsilə fəaliyyət göstərməsinə şərait yaradan mühüm islahat idi. Media təşkilatları və jurnalist birlikləri tərəfindən təqdim olunan digər simvolik təltiflər, o cümlədən "Media açarı" və müxtəlif fəxri diplomlar məhz Heydər Əliyevin söz azadlığına verdiyi strateji dəstəyin cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini göstərirdi. Fəxri adlar və təltiflər nəticə etibarilə, Ulu Öndərin mətbuata milli maarifçilik və ictimai sabitliyin tərəfdaşı kimi yanaşmasının ictimai qəbulunu ifadə edirdi.

XXI əsrin əvvəllərindən etibarən Azərbaycan mediası yeni mərhələyə qədəm qoydu. Rəqəmsal texnologiyaların tətbiqi, internet platformalarının yaranması, elektron media və sosial şəbəkələrin informasiya dövriyyəsində əsas oyunçuya çevrilməsi mətbuatın mahiyyətini kökündən dəyişdi. Ənənəvi qəzet və jurnallarla yanaşı, xəbər portalları, bloqlar, onlayn TV-lər və sosial mediada fəaliyyət göstərən informasiya resursları formalaşdı. Bu yeni medianın inkişafı Konstitusiyada ifadə olunmuş fikir və söz azadlığı prinsipinə yeni məna qatdı, eyni zamanda hüquqi və etik çərçivələrin də yenidən müəyyənləşdirilməsini zəruri etdi. "Kütləvi İnformasiya Vasitələri haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlar informasiya mühitinin hüquqi tənzimlənməsi üçün baza rolunu oynadı. Amma bu tənzimləmələr təkcə qanunverici təşəbbüslərlə kifayətlənmədi, dövlət medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının artırılması və medianın ictimai institut kimi inkişafı üçün də praktiki addımlar atdı.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də bu ənənəni uğurla davam və inkişaf etdirdi. Ölkə başçısının 2015-ci il iyulun 21-də milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı 200-ə yaxın mətbuat işçisini medal, orden və fəxri adlarla təltif etməsi Azərbaycan mediasının düzgün yol seçdiyini və Prezident İlham Əliyevin bu yolu həmişə dəstəklədiyini bir daha göstərdi. Cənab İlham Əliyev həmin gün mətbuatın müasir inkişaf səviyyəsini yüksək qiymətləndirərək Konstitusiyaya əsaslanan hüquqi islahatların mühüm mərhələsi kimi 1998-ci ildə senzuranın ləğvini xüsusi vurğuladı: "Biz fəxr edə bilərik ki, milli mətbuatımızın böyük tarixi var. Bu, bizim böyük sərvətimizdir, dəyərimizdir. Ancaq bu da həqiqətdir ki, müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Bu barədə biz sizinlə dəfələrlə danışmışıq, - xüsusilə 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır".

Məhz bu iradənin hüquqi və məntiqi davamı kimi, 2021-ci ildə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması ilə mətbuat sahəsində dövlət-sahə münasibətləri yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan qurum medianın institusional inkişafına, hüquqi şəffaflığın təmininə və informasiya mühitinin balanslaşdırılmasına yönəlmiş fəaliyyət həyata keçirməyə başladı. Agentlik, eyni zamanda, media subyektlərinin reyestrini formalaşdıraraq fəaliyyətin şəffaflaşdırılması, müstəqil media mühitində məsuliyyətin artırılması və peşə etikasının qorunması istiqamətində hüquqi mexanizmləri gücləndirdi. MEDİA-nın fəaliyyət istiqamətləri Konstitusiyanın 50-ci (söz və mətbuat azadlığı) və 71-ci maddələrinin (dövlətin konstitusion hüquqları təmin etmə vəzifəsi) praktik mexanizmlərlə dəstəkləndiyini göstərir. Bu, Konstitusiyanın təkcə normativ deyil, effektiv və müasir idarəetmə vasitəsinə çevrildiyinin nümunəsidir.

Azərbaycan Respublikasında media sahəsində hüquqi münasibətlərin sistemli şəkildə tənzimlənməsi məqsədilə 2021-ci il dekabrın 30-da "Media haqqında" Qanun qəbul olundu və 2022-ci fevralın 8-də ölkə başçısı tərəfindən təsdiqləndi. Qanun Konstitusiyanın 50-ci maddəsində təsbit edilmiş söz, fikir və mətbuat azadlığı prinsipini hüquqi mexanizmə çevirən əsas normativ sənəd kimi çıxış edir. Qanunun qəbul edilməsində əsas məqsəd müasir informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq media subyektlərinin fəaliyyətini vahid hüquqi çərçivədə tənzimləmək, medianın peşəkarlığını və məsuliyyətini artırmaq, informasiya təhlükəsizliyini təmin etmək və milli maraqları qorumaqdır. "Media haqqında" Qanun 9 fəsil və 78 maddədən ibarətdir. Burada bir çox əsas sahələr tənzimlənir.

Ən önəmli yeniliklərdən biri qanunun tələbinə əsasən media subyektlərinin və jurnalistlərin vahid media reyestrində qeydiyyat sisteminin tətbiq olunmasıdır. Bu addım medianın şəffaflığını artırmaq, peşəkar və qeyri-peşəkar fəaliyyət arasında fərqləndirmə aparmaq məqsədi daşıyır, eyni zamanda media sahəsində məsuliyyətli və balanslı azadlığı təşviq edir. Bu, yalnız hüquqların genişləndirilməsi deyil, həm də Konstitusiyanın 71-ci maddəsinə əsasən dövlətin bu hüquqları təmin və müdafiə etmək vəzifəsinin icrasına hüquqi dəstək funksiyası daşıyır. Beləliklə, "Media haqqında" Qanun Azərbaycanın informasiya hüququ sistemində dönüş nöqtəsi olmaqla yanaşı, azad, məsuliyyətli və şəffaf media mühitinin hüquqi arxitekturasını formalaşdırmışdır.

Azərbaycan mətbuatının tarixi 1875-ci ildə "Əkinçi" ilə başlayan düşüncə azadlığından, 1920-ci ildən sonra repressiv sovet senzurasına keçən susqunluq illərinə, 1918-1920-ci illərdə Xalq Cümhuriyyətində hüquqi azadlığın bərqərar olmasına, 1995-ci ildə Konstitusiya ilə bərpa olunan hüquqi baza və nəhayət, 2025-ci ildə rəqəmsallaşma fonunda hüquqi tənzimlənmiş media mühitinə qədər milli dövlətçiliyin və hüquqi düşüncənin paralel inkişaf trayektoriyasıdır. Mətbuat Konstitusiyanın ifadə etdiyi hüquq deyil, həm də bu hüququn gerçək həyata keçdiyi ictimai institut olaraq Azərbaycanın suverenlik və hüquqi dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu gün Azərbaycan mətbuatı beynəlxalq informasiya müharibəsində dövlətin müdafiə qalxanıdır. İkinci Qarabağ müharibəsində olduğu kimi, postmüharibə dövründə də informasiya cəbhəsində mətbuat öz funksiyasını uğurla yerinə yetirir, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında jurnalistlər və media qurumları ön cəbhədədir.

Konstitusiya dövlətin möhkəm dayağı, mətbuat isə milli ruhun azad ifadəsidir. Bu bir daha sübut edir ki, Azərbaycanın suverenliyi yalnız sərhədlərdə deyil, həm də düşüncələrdə qorunur.

 

Tacir Sadıqov,

“Respublika” qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()