Uğurlarımızın açarı, tarixi irsin mirası
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan qarşısında yeni çağırışlar yarandı. Dövlətin hüquqi əsaslarını formalaşdırmaq, demokratik inkişafın zəminini yaratmaq üçün yeni Konstitusiyanın hazırlanması qaçılmaz idi. 1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya Komissiyası yaradıldı və bu istiqamətdə intensiv işlər başladı. 1995-ci ilin noyabrında xalqımız ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdi. 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edildi. Ölkəmizin Əsas Qanunu olan bu sənəd dövlət quruculuğunun təməl prinsiplərini müəyyən etdi və demokratik, hüquqi dövlət quruculuğuna güclü zəmin yaratdı.
Konstitusiyamız əvvəlki sovet konstitusiyalarından tamamilə fərqli idi. İlk dəfə olaraq Konstitusiyamızda insan hüquq və azadlıqları dövlətin ali məqsədi kimi təsbit olundu. Şəxsiyyətin toxunulmazlığı, vətəndaşların layiqli həyat səviyyəsi, humanizm və insanpərvərlik prinsipləri Konstitusiyanın əsas sütunlarını təşkil etdi. Sənədin 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olması insan hüquqlarına nə qədər geniş yer ayrıldığını göstərir. Azərbaycanın müstəqillik yolunda atdığı ən mühüm addımlardan biri - ilk milli Konstitusiyasının qəbul edilməsi oldu.
Yeni dövrün tələblərinə cavab verən, müasir dövlətçilik prinsiplərinə əsaslanan bir Konstitusiya olmadan nə beynəlxalq aləmə inteqrasiya, nə də ölkə daxilində hüquqi sistemin bərqərar olması mümkün idi. Məhz bu səbəbdən, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xüsusi Konstitusiya Komissiyası yaradıldı və xalqın müzakirəsinə təqdim edilən layihə 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə təsdiqləndi. Bu tarixi prosesdə xalqımız fəal iştirak etdi. Referendumda seçicilərin 86 faizi səs verdi və onların 91,9 faizi Konstitusiyanın qəbuluna "hə" dedi. Bununla da Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olundu və ölkənin hüquqi inkişaf yolunda yeni səhifə açıldı. Ardınca isə 1995-ci il noyabrın 27-də daha bir qanun qüvvəyə mindi və müstəqil dövlət quruculuğunun hüquqi bazası möhkəmləndirildi. Ulu öndər Heydər Əliyev bu Konstitusiyanın əhəmiyyətini belə ifadə edirdi: "Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü - ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır". Bu Konstitusiyanın qəbul edilməsi ölkəmizin hüquqi sistemində dərin dəyişikliklərə yol açdı. Qısa müddətdə hüquq sisteminin müxtəlif sahələrini əhatə edən yeni qanunlar qəbul edildi, Azərbaycan bir sıra beynəlxalq konvensiyalara qoşuldu və dünya birliyində öz yerini möhkəmləndirdi.
Lakin zaman keçdikcə hüquqi sistemin daha da təkmilləşdirilməsi və beynəlxalq öhdəliklərə uyğunlaşdırılması zərurəti yarandı. Məhz bu məqsədlə, 2002-ci il avqustun 24-də Heydər Əliyevin Fərmanı ilə Konstitusiyaya dəyişikliklər edilməsi üçün referendum keçirildi. Xalqın iradəsi ilə Konstitusiyaya 24 mühüm dəyişiklik və əlavə edildi. Bunlar insan hüquqları və azadlıqlarının genişləndirilməsi, seçki sisteminin təkmilləşdirilməsi, hakimiyyət bölgüsünün daha dəqiq müəyyən edilməsi və Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun dəyişikliklər idi.
Azərbaycan Konstitusiyası bu gün də ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatının əsas normalarını tənzimləyən hüquqi bazadır. Demokratik inkişafa təminat verən, hüquqi dövlət quruculuğunu dəstəkləyən bu sənəd, müasir meyarlara əsaslanaraq hazırlanmış və ölkəmizdə hüquqi sistemin inkişafında mühüm rol oynamışdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edildi. Əlbəttə, 2025-ci ilin Konstitusiyamıza həsr olunmasının səbəbi var. Məlumdur ki, bu il Azərbaycan Konstitusiyasının 30-cu ildönümüdür. Digər tərəfdən qürur və iftixar hissi ilə qeyd etmək lazımdır ki, 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər və 2023-cü ildə keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın milli suverenliyi tam təmin olundu. Tarixi ədalət bərpa edildi, torpaqlarımız işğaldan azad olundu və Konstitusiyamızda təsbit olunan əsas prinsiplər tam şəkildə reallaşdı. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsini dövlətimizin ən ali prinsiplərindən biri reallığa çevrildi: ölkəmizin ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Xalqımızın müzəffər iradəsi, ordumuzun rəşadəti və dövlət başçımızın uzaqgörən siyasəti sayəsində bu tarixi uğura nail olduq. Qeyd edək ki, Vətən müharibəsi və antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazilərində Azərbaycan Konstitusiyasının suveren qaydaları tətbiq edilir. Artıq işğaldan azad edilmiş torpaqlarda üçrəngli bayrağımız dalğalanır, Konstitusiyamızın əsasları tam təmin olunur və dövlət suverenliyimiz bərqərar edilir. Bu, müstəqil Azərbaycan tarixində yeni bir dövrün başlanğıcıdır - güclü, suveren və bütöv Azərbaycanın dövrü.
Azərbaycanın dövlətçilik ənənələri bütün aspektləri Konstitusiyamızın yaradılmasına təkan verdi. Məlumdur ki, dövlətçilik irsimiz tarixin dərin qatlarından güc alaraq daim irəliyə doğru addımlamışdır. Məhz Konstitusiyamızın qəbul edilməsi dövlətçilik irsimizin mirası idi. Tarixə nəzər salsaq, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti, təəssüf ki, qısa ömürlü olsa da, müstəqil dövlətçilik ənənələrinin əsasını qoydu. Lakin həmin dövrdə konstitusion qaydaları tam şəkildə formalaşdırmaq mümkün olmadı. Buna baxmayaraq, Azərbaycan dövlətçiliyinin hüquqi bazasının yaradılması prosesi dayanmadı və daha sonrakı mərhələdə - Sovetlər dönəmində ilk Konstitusiya qəbul olundu. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında təsdiqlənmişdi. Daha sonra, 1925-ci il martın 14-də SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiya IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildi. 1927-ci ildə isə V Qurultayda Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq olundu. Bu konstitusiyalar müəyyən mənada ölkənin hüquqi çərçivəsini formalaşdırsa da, onların əsas mahiyyəti SSRİ ideologiyasına əsaslanır və müstəqil dövlətçilik prinsiplərini ehtiva etmirdi. Azərbaycan xalqının həqiqi hüquq və azadlıqlarını əks etdirən, dövlət quruculuğunun demokratik əsaslarını yaradan Konstitusiya yalnız müstəqillik əldə edildikdən sonra qəbul edildi.
Bu gün Konstitusiyamızın xalqımızın iradəsi ilə qəbul olunduğunu qürurla xatırlayır, onun verdiyi hüquq və azadlıqların keşiyində dayanaraq, güclü Liderin uğur formuluna əsaslanaraq daha güclü və ədalətli bir Azərbaycan qurmağa çalışırıq.
Nurlan Abdalov
“Respublik qəzeti”