Unudulmayan faciə, Xocalı qırğını
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 24 fevral 2022-ci il tarixdə qanlı Xocalı faciəsinin 30-cu ildönümü günü münasibəti ilə “Unudulmayan faciə, Xocalı qırğını” adlı anım günü keçirildi.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov “Qanlı Xocalı faciəsi” adlı çıxışını ulu öndər Heydər Əliyevin "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" sözləri ilə başladı. Azərbaycan tarixində ən amansız, qanlı cinayət sayılan, xalqımıza qarşı soyqırım aktı olan bu faciənin səbəbkarları, acı nəticələri haqqında geniş məlumat verdi.
Elmi işlər üzrə direktor müavini Xalidə Musayeva kütləvi və amansız qırğın aktı olan Xocalı faciəsini erməni qəsbkarlarının Azərbaycanın dövlət müstəqilliyini, ərazi bütövlüyünü hədəf götürmüş məqsədyönlü irticaçı siyasət kimi qiymətləndirdi.
Baş kitabxanaçı Sevda Rəhimova “Xocalı faciəsinə dair ədəbiyyatın kitabxanalarda təbliği” adlı metodiki vəsait və “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” adlı məlumat bülleteni haqqında danışdı.
Şöbə müdirləri Qənirə Mustafayeva, Nübar Cəlilova 1992-ci ilin fevral ayında Xocalıya hücum planı, bu hücumun iştirakçıları, Xocalı müdafiəçiləri, soyqırım qurbanları, kitabxananın əməkdaşlarından Şəhla Quliyeva, Nərminə Xəlilli, Əminə Vəliyeva, Şəbnəm Hüseynzadə isə Xocalı faciəsinə həsr olunmuş ədəbiyyatların müasir gənclərə təbliği mövzusunda çıxış etdikdən sonra doğma vətən torpaqlarımıza əbədi sülh, əmin-amanlıq arzuladılar.
Tədbir boyu “Bəşəriyyət əleyhinə törədilmiş cinayət. Xocalı faciəsi -30” adlı virtual, “Xocalı faciəsi- 30” adlı ənənəvi kitab sərgilərinə, Azərbaycan dilində “XX əsrin faciəsi, Xocalı qırğını”, ingilis dilində “Xocali genosidi” adlı videoçarxlara baxış keçirildi.
Sözügedən materialların hər biri kitabxananın sosial şəbəkə səhifələrində yerləşdirilmişdir. Materiallara aşağıdakı linklər vasitəsilə baxmaq olar.
https://www.instagram.com/p/CaZBeQKlJV6/