Üzeyir Hacıbəyov
Peşəkar musiqi sənəti və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq, ictimai xadim və dahi bəstəkarımız Üzeyir Hacıbəyov... Pula görə təhsilini yarımçıq qoyan, repressiyadan təsadüf nəticəsində xilas olan, dəfələrlə ölümün astanasından dönən bu dahi şəxsiyyətin həyatı o qədər də rəvan keçməyib...
Üzeyir Hacıbəyovdan başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyir Şuşada yox, Ağcabədidə doğulub. Atası ədəbiyyat, anası isə musiqi sahəsində yüksək mövqe tutublar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş bəstəkar 7 yaşında ikən tarda və kamançada ifa edir, muğamat oxuyurdu.
İlk təhsilini Şuşada ikisinifli rus-türk məktəbində alan dahi bəstəkar, daha sonra isə Qori Müəllimlər Seminariyasına daxil olub. Sonralar musiqi təhsili almaq üçün Moskvaya getsə də, maddi ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, Bakıya qayıtmağa məcbur qalmışdır.
Gələcək həyat yoldaşı Məleykə xanımla Qori Müəllimlər Seminariyasında oxuduğu illərdə tanış olub. Milliyyətcə tatar olan Məleykə xanım Üzeyir bəydən 8 yaş kiçik idi. Üzeyir bəy seminariyanı bitirəndən 5 il sonra ailə qururlar. 6 il ərzində Bakıda kirayədə yaşayıblar. Rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. 38 il qoşa ömür sürüblər. Ancaq onların övladı olmayıb. Deyilənə görə, Məleykə xanım Üzeyir bəyin övlad sahibi olması üçün başqa qadınla evlənməsini təklif edib, amma Üzeyir bəy bunu qəbul etməyib.
Üzeyir Hacıbəyov dəfələrlə ölümlə üz-üzə gəlib. 1918-ci ilin mart qırğını zamanı ermənilər Üzeyir bəyin evini gülləbaran ediblər. Ermənilərin bəstəkarı görməyə gözü olmadığından onu öldürmək istəyirdilər. Hadisələr baş verməmişdən əvvəl, Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə birgə İrana qastrol səfərinə getməyi tapşırır. Əvvəl Üzeyir bəy razılaşmır, "Mən Azərbaycanı qoyub heç yerə getməyəcəm", - deyir. Ancaq Nərimanovun təkidindən, "Siz bizə gələcəkdə lazımsınız" sözündən sonra Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının teatr truppası İrana yola düşür. Onlar bir neçə ay İranda qalır, müxtəlif şəhərlərdə tamaşalar göstərirlər. Oktyabrda isə vətənə qayıdırlar. O zaman bütün qəzetlər Üzeyir bəyin qayıdışına görə, xalqa gözaydınlığı verirdi. Beləcə, Nəriman Nərimanov Üzeyir bəyi ölümdən xilas edir.
Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. Hətta bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır.
Bəstəkar şəkər xəstəliyini bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki, Üzeyir Hacıbəyov millətçilik edərək, qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu, ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəni bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur. Deyilənə görə, dahi bəstəkarın həkimi erməni Osipyan ona yanlış müalicə və pəhriz təyin edib. Bunun nəticəsində Ü.Hacıbəyov bir ay ərzində 18 kq arıqlayıb, orqanizmi zəifləyib və ürək tutmaları başlayıb. 63 yaşında ürək çatışmazlığı səbəbindən vəfat edən bəstəkarın ömrünün son illərində yazdığı "Firuzə" operası yarımçıq qalıb...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.